AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

Təfsilat
21 İyun 2021, 23:59 160
"Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi bütün regionda geniş inteqrasiyaya öz töhfəsini verəcək".
Bu barədə "Report”un Şərqi Avropa bürosuna Ukraynanın Poltava Vilayət Şurasının deputatı, enerji məsələləri üzrə ekspert Yevgeni Korf bildirib.
"Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr uğurludur, həm regional, həm də regionlararası əməkdaşlığa yönəlib. Bu əməkdaşlıq təşəbbüsü digər dövlətlərin, o cümlədən Ukraynanın qoşulması üçün fundamental əsas yaradır və daha geniş regional inteqrasiyaya öz töhfəsini verir”, - deyə deputat bildirib.
Onun fikrincə, Şuşa bəyannaməsi bu yaxınlarda hərbi əməliyyatların getdiyi bir regionda sülh ideyasının bərqərar olmasının əsl möhtəşəm nümunəsidir.
"Bu sənəd regional təhlükəsizliyin qorunub saxlanması və Avropanın cənub-şərqində iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmli ola bilər”, - Korf deyib.
Xatırladaq ki, Türkiyə prezidentinin Azərbaycana ikigünlük rəsmi səfəri çərçivəsində, iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində müttəfiqlik haqqında bəyannamə imzalamaqla ikitərəfli münasibətlərin yol xəritəsini müəyyən ediblər.
Bəyannamədə siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi vacib məsələlər öz əksini tapıb.