Şuşa Bəyannaməsi beynəlxalq mediada
![Şuşa Bəyannaməsi beynəlxalq mediada](https://kaspi.az/storage/posts/large/62373d4e9f532.jpg)
"Region ölkələrinin inkişafı üçün bir modeldir”
"Azərbaycan-Türkiyə qardaşlığının yeni səhifəsi” - Bu və buna bənzər
başlıqlı yazılar neçə gündür ki, qardaş Türkiyə mediasını bəzəyir. Şuşa
Bəyannaməsi, Türkiyə və Azərbaycan prezidentlərinin səsləndirdikləri
bəyanatların üstündən bir neçə gün keçməsinə baxmayaraq, bu sənəd ətrafında
müzakirələr və ekspert rəyləri davam edir. Türkiyə ilə Azərbaycan arasında
imzalanan ikitərəfli müqavilənin bölgə və türk dünyası üçün böyük bir məna və
funksiya daşıdığı xüsusi vurğulanır. Beləliklə, qardaş türk mediasında
Azərbaycan və Türkiyə əməkdaşlığının pik həddi ilə bağlı bəzi materiallara
diqqət yetirək. Məsələn, "Yeni cağ”
qəzeti Yurd Partiyasının rəhbəri Sadettin Tantanın fikirlərini dərc edib. O
hesab edir ki, Türkiyə ilə Azərbaycanın imzaladığı Şuşa Bəyannaməsi bölgədəki
ölkələrin və ümumiyyətlə, hövzə ölkələrinin inkişafı üçün bir modeldir.
"Azərbaycan parlamentinin Zəngəzur dəhlizini təsdiq etməsi böyük əhəmiyyət
daşıyır. Dəhliz bundan sonra Türk ərazisidir", - deyə o bildirib.
Bəyannaməni imzalayan Türkiyə ilə Azərbaycanın tarixi bir addım atdığına işarə
edən Tantan Azərbaycanın Qarabağdakı qələbəsinin dövlətçilik və milliləşmə
baxımından mühüm amil olduğunu yazıb, eləcə də, bu qələbənin Mərkəzi Asiya
respublikaları üçün böyük əhəmiyyət daşıdığını deyir. Bu, digər türk
respublikalarına töhfə verəcək və motivasiyasını artıracaq çox vacib bir
inkişafdır.
Nəqliyyat xətlərinin ən
əhəmiyyətlisi
"Haberturk”ün köşə yazarı
Guntay Şimşek isə yazır ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən
sonra gündəmə gələn nəqliyyat xətləri yeni dəhlizin yaradılmasını zəruri edib.
"Yeni nəqliyyat dəhlizi ən çox İranı narahat edir. İran, Naxçıvanı və Türkiyəni
Azərbaycana birbaşa bağlayacaq bir dəhlizin reallaşmasının qarşısını almaq üçün
Ermənistanı bir çox şeylərə təhrik etməkdə davam edir. Bölgə iqtisadiyyatının
canlanmasına səbəb olacaq nəqliyyat xətlərinin ən əhəmiyyətlisi Zəngəzur
dəhlizidir. Ərdoğanın İlham Əliyevin dəvəti ilə Ermənistanın işğalından azad
edilmiş tarixi Şuşa şəhərinə simvolik səfəri ilə bu dəhliz haqqında daha çox
danışılmağa başlayacaq. Ermənistan İrandakı erməni əhalisini bəhanə gətirərək
hər şeyi qarışdırmağa çalışır. Bir nömrəli müttəfiqlərindən biri olan, Azərbaycana
qarşı çıxan və müharibə dövründə Ermənistanı dəstəkləyən İran, oxşar mövqeyini
sülh dövründə də qoruyur. Qarabağ Zəfəri Ermənistanın tərəfini tutan İran
rəsmilərini də Ermənistan kimi üzdü. Bu günlərdə Ermənistanla sərhəd
əlaqələrinin kəsiləcəyi iddiası ilə problemlər yaratmağa və qarışıqlıq üçün
bəhanələr tapmağa çalışır. İran İran-Ermənistan əlaqələrinin Zəngəzur dəhlizi
ilə pozulacağından, Ermənistanın daha çox ölkə ilə əlaqə qurma imkanının
yaranacağından narahatdır. Bu səbəbdən deyə bilərik ki, Qarabağdakı erməni
problemi bitdi, ancaq İran problemi davam edir”, - deyə müəllif yazıb.
Azərbaycanlılar üçün qürur,
ermənilər üçün kədər mənzərəsi
"Yeni safak” isə yazır
ki, Ərdoğanın Brüssel səfərindən dərhal sonra Bakıya getməsi çoxn önəmlidir: "Sovet
İttifaqının dağılmasından sonra qurulan yeni nizam Qərb dünyasının işi idi.
Ermənilərin Dağlıq Qarabağdakı işğalı da bunun bir təzahürü oldu. Əslində otuz
il əvvəl Qərb dünyasının Türkiyəyə və İslam dünyasına qarşı "düşmənçiliyi” açıq
şəkildə dilə gətirildi. Təəssüf ki, bu düşmənçilik ifadə problemi deyildi, hər
şey bir xaosa sürükləndi. Ermənilər də bu xaosdan istifadə edərək Dağlıq
Qarabağı işğal etdilər. Ermənilər Qafqaz türklərinin sürgün edildiyi ərazilərdə
məskunlaşdılar. ABŞ, Aİ, Rusiya və İran Dağlıq Qarabağın işğalı nəticəsində
yaranan status-kvodan razı idilər. Türkiyə Azərbaycana sərhədsiz dəstək vəd
etdi. Ərdoğan Azərbaycanı təhdid edən qüvvələrə qarşı müharibə riskinə getməyə
hazır olduğunu söylədi. Nəhayət Qarabağ müharibəsi qırx dörd gündə Qafqaz
türklərinin qələbəsi ilə nəticələndi”.
"Milliyet” isə Bakıdan
hazırladığı reportajda Hərbi Qənimətlər Muzeyinə yer ayırıb. Müəllif yazır ki,
"Dağlıq Qarabağdakı 27 illik işğalı 44 gündə başa vuran Azərbaycan, erməni
əsgərlərinin cəbhədə itirdiklərini Bakıya gətirdi. Erməni əsgərlərinin
Qarabağda tunelləri, səngərlər və mina nümunələri buradadır. Park müharibənin
çirkin üzünü və qələbənin necə qazanıldığını göstərir. Ən dramatik
görüntülərdən biri də yüzlərlə erməni əsgərinin dəbilqəsidir. Park,
azərbaycanlılar üçün qürur, ermənilər üçün kədər mənzərəsidir”
![](https://kaspi.az/storage/posts/large/627ba6eb1d2c6.jpg)
Ekranda, küçədə hər yerdə
Türkiyə
"Prezident Rəcəb Tayyib Ərdoğanla eyni vaxtda Azərbaycanda idik. Türk
nümayəndə heyəti pilotsuz uçuş aparatlarının dəstəyi ilə Azərbaycan əsgərləri
tərəfindən işğaldan azad edilmiş Şuşanı ziyarət edərkən, erməni əsgərlərinin
geridə qoyub qaçdıqları parkın ətrafında gəzdim. Parka çox yaxın olan
otelimizdən ayrılmadan televizora
baxanda Türkiyədə olduğumu düşünürdüm. Ərdoğanın Şuşaya səfəri Azərbaycanın
bütün kanallarında idi. Kanalları "gəzərkən”, hətta illərdir ekranlarda
"təhlükəsizlik mütəxəssisi" kimi şərh verən Abdullah Ağarı da gördüm.
Tekfen İnşaat tərəfindən inşa edilən Bakı Olimpiya Stadionunda olduq. Bakı
divarlarında milli futbolçularımıza AVRO-2020-də uğurlar arzulayan "Ölkəmiz
səndən məmnun olacaq” və "İki dövlət, bir millət” yazılan lövhələr var idi”. "Sözçü” qəzeti isə yazır ki, Şuşa
Bəyannaməsinin sovet rejimindən qalan Rusiyanın Qafqazdakı hökmranlığını
azaltmaq potensialı var: "11 səhifəlik müqavilə mətnində Şuşada Baş Konsulluğun
açılması, Azərbaycanla ortaq müdafiə sistemi yaradılması və Azərbaycandan
Türkiyəyə bağlanacaq bir dəmir yolu və nəqliyyat layihəsi olan "Zəngəzur
Dəhlizi"ndən söhbət açılır”.
"Karar” isə "Batum
Anlaşması”ndan "Şuşa Beyannamesi”ne” başlıqlı məqaləsində yazır ki, Şuşa
Bəyannaməsi ilə Türkiyə ilə Azərbaycan arasındakı ittifaq rəsmiləşdi, bunu bilin:
"Hərbi əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi və mədəni əməkdaşlığın da ən
yüksək səviyyədə inkişaf etdiriləcəyini müjdələyən bəyannamədə Türkiyə ilə
Azərbaycan arasındakı münasibətləri keyfiyyətcə yeni bir ittifaq səviyyəsinə
qaldırmaq və s. məsələlər əks olunur. Bir gün Türkiyə ilə Azərbaycan arasındakı
münasibətləri keyfiyyətcə yeni bir ittifaq səviyyəsinə qaldırmaq haqqında bir
bəyannamə - məsələn, "Naxçıvan Bəyannaməsi”- də inşallah imzalanacaq. Bu,
Türkiyə üçün strateji və Azərbaycan üçün bəlkə də həyati bir məsələdir”.
"Türkiyə” qəzeti isə
yazır ki, Ərdoğan Brüsseldən Qafqazdakı tarazlığın dəyişdiyi dost və qardaş
ölkə olan Azərbaycana uçdu. Bu isə şübhəsiz ki, daha dərin mənalar ehtiva edir:
"Şuşa həm mənəvi, həm də strateji mövqeyinə görə Azərbaycan üçün çox
dəyərlidir. Belə bir yerdə Əliyev və Ərdoğan "Qafqaz İttifaqı" nı
qurduqlarını elan etməkdən çəkinmədilər”. "Milliyet”
isə yazır ki, Şuşa Bəyannaməsi erməniləri qəzəbləndirən razılaşmadır: "Ümumilikdə
isə Ermənistan mətbuatı Ərdoğanla Əliyevin Şuşa ziyarətindən heyrətini
gizlətmir. Erməni KİV-də "Əliyev ilə Ərdoğan işğal edilmiş erməni şəhəri
Şuşada” kimi təxribatçı başlıqlar diqqət çəkir. Şuşa, azərbaycanlılar üçün çox
sayda tarixi abidəyə malik olması, bir çox qabaqcıl elm və mədəniyyət xadimi yetişdirməsi
ilə adi şəhərlərdən daha çox əhəmiyyət daşıyır. Beləliklə, prezident Ərdoğanın
Qarabağın rəmzi hesab olunan Şuşanı ziyarət etməsi, Azərbaycanın Qafqazda
yalnız olmadığını, iki ölkənin birlikdə olduğunu dost-düşmənin gözləri önündə
sərgiləmək baxımdan da rəmzi və tarixi əhəmiyyət daşıyır. Bu günə qədər heç bir
Türkiyə lideri Qarabağa səfər etməyib. Odur ki, Ərdoğanın ilkə imza atdığını
söyləyə bilərik”.
![](https://kaspi.az/storage/posts/large/627ba6eb1f487.jpg)
Rusiya, Azərbaycan və
Türkiyə təmas nöqtələrini tapıblar
Türkiyə mediası ilə yanaşı, rus nəşrləri də bu səfərə yer ayırıb.
Məsələn, "Nyus.ru”da dərc edilən məqalədə bildirilir ki, "Rusiya,
Azərbaycan və Türkiyə təmas nöqtələrini tapıblar. Yəqin ki, bir çox müşahidəçi
üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu bəyanatı gözlənilməz olub:
"Biz istəyirik ki, bölgə rahatlıq və sülh içərisində yaşanan bölgə olsun. Bu
addımı atmaq üçün biz qardaşımla, Prezident İlham Əliyev ilə birlikdə hər cür
fədakarlığa hazırıq. Cənab Putin də bu cür fədakarlığa hazırdır”. Əlbəttə, ilk
baxışdan paradoksal görünür. Türkiyə Azərbaycanla müttəfiqlik haqqında Şuşa
Bəyannaməsi imzalayır və bu, Cənubi Qafqazda yeni status-kvonun yarandığını
göstərir. Rusiya isə Ermənistanın tarixi müttəfiqidir, lakin onu Azərbaycanla
da çoxsaylı əməkdaşlıq bağları və birgə layihələr bağlayır. Bir yandan isə
Rusiyanın bölgəyə təsirinin məhdudlaşacağı, onun burada tədricən
sıxışdırılacağı barədə proqnozlar daha ucadan səslənməyə başlayır. Bəs bu
dolaşıq şayiələrdən, informasiya sızıntılarından, aşkar dezinformasiyalardan
necə baş açaq? Birinci ondan başlayaq ki, bu bölgənin daim gərginliyin artdığı,
perspektivlərinin qeyri-müəyyən olduğu, vəziyyətin silahlı münaqişə həddində
qaldığı qarışıq məkana çevrilməsini heç kim istəmir. Müxtəlif rəng və
konfessiyalara aid, gələcəkdə bandalarda birləşə biləcək və reallıqda heç kimə
tabe olmayacaq beynəlxalq terrorçuların özlərini rahat hiss edə biləcəyi boz
geosiyasi zona heç kimə lazım deyil. Nə Moskvaya, nə Ankaraya, nə də Bakıya. Bu
səbəbdən Türkiyə ilə Azərbaycanın bölgədə Rusiya sülhməramlı kontingentinin
mövcudluğunu dəstəkləməsində qəribə heç nə yoxdur”. O da qeyd edilir ki,
Ağdamdakı Rusiya və Türkiyə hərbçiləri arasında da heç bir ziddiyyət yoxdur: "Faktiki
olaraq, söhbət tarixən bu bölgəyə bağlı olan dövlətlərin bütün Cənubi Qafqazın
maraqları baxımından sabitliyin dəstəklənməsi istiqamətində əməkdaşlığından
gedir. Bu mənada, üçüncü dövlətlərin müdaxiləsinə, yəqin ki, ehtiyac yoxdur.
Hər halda, şübhəsiz ki, Cənubi Qafqazdakı vəziyyət Rəcəb Tayyib Ərdoğanın bu
günlərdə Co Baydenlə keçirdiyi görüşdə və Rusiya-Amerika sammitində də müzakirə
olunub. Lakin əsas məsələ odur ki, prezidentlər Əliyev və Ərdoğan tərəfindən
imzalanmış sənəd, özündə həm də Rusiyanın ən geniş strateji maraqlarına cavab
verən müddəaları əks etdirir”. Öz növbəsində "Rosbalt” da imzalanan bəyannaməyə yer ayırıb və bunun mühüm
əhəmiyyət kəsb etdiyinə toxunub. Yazıda Ankaranın Azərbaycanın
təhlükəsizliyinin qarantı qismində çıxış etməsinin rəsmiləşdirildiyi vurğulanır.
Azər NURİYEV
![banner](/images/kaspibanner.jpg)