• cümə axşamı, 28 mart, 18:27
  • Baku Bakı 13°C

Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir

08.05.21 17:38 958
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir
Azərbaycan xalqının böyük dövlətçilik tarixi var. Tarixin müxtəlif dövrlərində Azərbaycan dövlətinin inkişafı yeni şəhərlərin salınması, mədəniyyət mərkəzlərinin yaradılması ilə müşayiət olunub. Belə şəhərlərimizdən biri də ürəyimiz Şuşadır. Şuşa elm, mədəniyyət, incəsənət mərkəzi kimi nəinki Şərqdə, həm də Avropada məşhur idi. Şuşa görkəmli sərkərdlərin, alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir.
Təsadüfi deyil ki, YUNESKO hələ 1960-cı ildə Şuşa şəhərində 1833-1918-ci illərdə yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, tarixçi və maarifçi Mir Möhsün Nəvvabın qəbrində təmir işləri aparılmış və abidə kompleksi yaradılmışdı. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Amma 8 may 1992-ci ildə Ermənistanın terrorist silahı qüvvələri tərəfindən Şuşa işğal edildi. Bütün tarixi abidələrimiz, o cümlədən də Mir Möhsün Nəvvabın YUNESKO tərəfindən qorunan abidəsi mağara təsəvvürləri ilə yaşayan erməni vandalları tərəfindən vəhşicəsinə dağıdıldı. Lakin YUNESKO bir dəfə də olsun haqq səsini qaldırmadı və bununla da mədəniyyət abidələrinin qorunması ilə bağlı fəaliyyətini şübhə altına saldı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri ilə, xalqa qələbə müjdəsini çatdırdı. Bizim hər birimizin həyatına həmin gün ən xoşbəxt tarixi gün kimi əbədi həkk olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci ildə "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşaya onun tarixi mövqeyinin qaytarılmasıdır. Bu sərəncam hər bir azərbaycanlının böyük arzusunun gerçəkləşdirilməsidir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusdur.
Ulu öndər Heydər Əliyev vaxtilə keçmiş məcburi köçkünlərlə Novruz bayramını birlikdə qeyd edərkən əminliklə demişdi ki, biz Novruz bayramını bir gün də Şuşada qeyd edəcəyik. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2021-ci ildə Şuşada, Cıdır düzündə Novruz tonqalını alovlandırmaqla ulu öndər Heydər Əliyevin və bütün Azərbaycan xalqının arzusunu yerinə yetirdilər. Həm də bütün türk dünyasına Dədə Qorqud ənənlərinə sadiq qalaraq, bu tonqalla xəbər göndərdilər-mənfur düşmən məhv edilib, müqəddəs torpaqlarımız yağı tapdağından azad edilib, elimizdə əmin-amanlıqdır, igidlərimiz quruculuğa başlayıblar!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə yeni bir tarixi qərarını bütün dünyaya bəyan etdi: Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin!
Bundan sonra doğma Şuşamızda Azərbaycan bayrağı əbədi dalğalanacaq və Şuşa elm-mədəniyyət mərkəzi kimi dünyanın ən gözəl və xoşbəxt şəhəri olacaq!
Yaşasın müstəqil, suveren Azərbaycan Respublikası!
Bəxtiyar Əliyev
Milli Məclisin Elm və təhsil komitəsinin sədri

banner

Oxşar Xəbərlər