• cümə, 29 Mart, 14:50
  • Baku Bakı 14°C

Suriyadan gələn ermənilər də Ermənistandan qaçır

27.04.16 10:48 2822
Suriyadan gələn ermənilər də Ermənistandan qaçır
Bəlli olduğu kimi, Suriyada hərbi əməliyyatlar başlayandan bəri dünyanın müxtəlif ölkələrinə səpələnən ermənilərin bir qismi də Ermənistana köç etməyə üstünlük verdilər. Lakin çox keçmədi ki, rəsmi Yerevanın şirnikləndirici vədlərinə inanıb Ermənistana təşrif buyuranlar aldandıqlarını başa düşdülər. Ermənistan hökuməti hesab edirdi ki, Suriyanın imkanlı hissəsi bura gələrkən özlərinin var-dövlətlərini də gətirəcəklər. Lakin bu, heç də belə olmadı. Ermənistandakı mövcud durum onları bura investisiya qoymaqdan çəkindirdi. Ümumiyyətlə, Suriya ermənilərinin köç etmə coğrafiyasına nəzər saldıqda ən zənginlərinin Avropa və Amerikaya, orta səviyyəlilərin qonşu ölkələrə, kasıbların isə Ermənistana köçdüyü bəlli olur. Ermənistan rəhbərliyi Suriya ermənilərini ölkəyə dəvət etməklə həm də başqa bir məqsəd güdürdü. Onları işğal altında olan ərazilərdə yerləşdirmək. Türkiyə prezidentinin baş müşaviri, tarixçi Seyit Sertçelik “Yeni şafak” qəzetinə müsahibəsində bildirir ki, Suriyada yaşananlardan sonra orada yaşayan 80-100 min arası erməni təhlükəsizlik adı ilə Ermənistan və işğal altındakı Dağlıq Qarabağa yerləşdirilib. Onun sözlərinə görə, Dağlıq Qarabağda yaşanan son hadisələrdən sonra diqqət yenidən Ermənistana yönəlib: “Rəsmi Yerevan məqsədli şəkildə işğal altındakı Azərbaycan torpaqlarında əhalini yerləşdirməklə məşğuldur”. 8 il Rusiya arxivlərində araşdırma apardığını bildirən alim bir sıra nəticələr əldə etdiyini deyib. “Dağlıq Qarabağ probleminin kökü 1826-1828 İran-Rusiya və 1828-29 Osmanlı-Rusiya müharibəsinə gedib çıxır. İndiki Ermənistan və Dağlıq Qarabağ torpaqlarında o zaman türklər yaşayırdılar. O dövrün rus və erməni qaynaqları belə həmin ərazilərdəki əhalinin 85-90 faizinin müsəlman türk olduğunu göstərirdi. Sonrakı illərdə Çar Rusiyası həmin ərazilərə 40 min İrandan, 90 min isə Türkiyədən erməni köçürdü. Rusiyanın atdığı addım bölgənin demoqrafik durumuna ciddi təsir etdi. İndi isə Dağlıq Qarabağ və Ermənistana Suriyadan ermənilər köçürülür. Suriyada başlayan müharibədən sonra 15 min erməni Livana, 8 min Qərbi Avropa və Birləşmiş Ştatlara, 2 min isə İordaniyaya köç edib və etməkdədir. Bu gün 8-10 min erməninin Hələbdə qaldığı, Suriya sərhədlərində isə 15 min erməninin olduğu təxmin edilir”, - deyə o bildirib. Sertçelik əlavə edib ki, “hətta erməni işğalı altında olan Azərbaycan torpaqlarında da Suriya erməniləri yerləşdirilib. Onların əsasən Xankəndi, Laçın, və Qubadlıda yerləşdirildikləri bəllidir”. Baş müşavir qeyd edir ki, Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilmələri bəlli olduqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi dünya birliyinin diqqətinin bu məsələyə yönəltdi: “Rəsmi Bakı bu planın qarşısını almaq üçün dünya birliyinin səy göstərməsini bəyan edib. Ancaq Ermənistan və işğalçı rejim bu tələbi qulaqardına vuraraq Suriya ermənilərinin bölgəyə yerləşdirilməsini gizli saxlamağa çalışır. Əlbəttə, Suriya ermənilərinin beynəlxalq hüquqa zidd olaraq başqa ölkənin ərazisində yerləşdirilməsi qəbul edilə bilməz”.
Məlumat üçün bildirək ki, xristian ermənilər əsasən Suriyanın Raqqa, Hasaka və Hələb şəhərlərində məskunlaşıb və yaşayıblar. Ermənistanda sığınacaq tapan ermənilərin əksəriyyəti 40 min erməninin yaşadığı Hələb şəhərindən qaçanlardır. Hazırda ermənilər qaçaqmalçılara pul ödəyərək müxtəlif gizlin yollarla ölkəni tərk edir. Lakin onlar Ermənistan-Türkiyə əlaqələrindən ehtiyat etdikləri üçün Türkiyə deyil, Livana getməyə üstünlük verirlər.
Suriyada yaşanan müharibə üzündən ölkəni tərk edərək Ermənistana üz tutan ermənilərin çoxsaylı problemləri hələ də həllini tapmır. Artıq onların əksəriyyəti geri dönmək barədə düşünür. Erməni mətbuatı yazır ki, təkcə ötən il Suriya münaqişəsi nəticəsində 5 min erməni Ermənistana qayıdıb. Amma onların 60 faizi mövcud həyat şəraiti ilə razılaşmayaraq ölkədən qaçıb. Hazırda ölkədən qaçan Suriya ermənilərinin əksəriyyəti xarici ölkələrdə miqrant kimi yaşayır. Qərb saytlarına açıqlamalarında ermənilər Ermənistanda özlərinə müvafiq iş tapa bilmədiklərini xüsusi vurğulayırlar. Ermənistan Diaspor Nazirliyinin Yaxın və Orta Şərq Erməni İcmaları ilə Əlaqələr İdarəsinin rəisi Lusine Stepanyan Ermənistana Suriya qaçqınlarının kütləvi axınının 2012-ci ilin yay aylarında başladığını bildirib. “İyun-iyul aylarında Hələbdə vəziyyət gərginləşməyə başlayanda Ermənistana yay məzuniyyət və tətillərini keçirməyə gəlmiş insanlar anlayıblar ki, geri dönə bilməzlər” – deyə Lusine Stepanyan bildirib. Suriya ermənilərinin gəlişini stimullaşdırmaq üçün Ermənistan hökuməti onlar üçün vətəndaşlıq almaq prosedurunu asanlaşdırıb, eləcə də onlara tək Ermənistanda deyil, həmçinin Suriyada və Livandakı Ermənistan konsulluqlarında pasport almaq icazəsi verib. 2012-ci ildən bəri 13 minə yaxın Suriya ermənisinə Ermənistan vətəndaşlığı verilib. Ermənistan vətəndaşlığı olmayanlar dərhal sərhəd-keçid məntəqələrində Ermənistan vizasını ala bilir və ölkədə müvəqqəti yaşamaq icazəsi üçün rüsumlardan azad olurlar. Bəzən bir çox suriyalı köçkünlər Ermənistanda iş tapmaq üçün peşələrini dəyişməyə və ya yeni ixtisas seçməyə məcbur olurlar. Bəziləri əlavə dəyər vergisi və dövriyyədən tutulan vergilərin böyük olduğu səbəbindən və iqtisadi perspektivlər olmadığından Ermənistanda bizneslə məşğul olmağın çətinliyini qeyd edirlər. Suriyadakı abad yaşayışdan sonra çoxları üçün, hətta işlə təmin olunduqdan sonra da Ermənistan həyatına öyrəşmək çətindir. Çünki müharibədən əvvəl onların Suriyadakı gəlirləri qat-qat artıq olub. Ermənistanın diaspor naziri Qranuş Akopyan bu yaxınlarda maraqlı bir açıqlama verib. Onun sözlərinə görə, Suriya erməniləri yaxşı həyata can atmaq üçün Ermənistanı tərk edirlər. Çıxıb gedən ermənilər Ermənistandakı biznes durumundan da narazıdırlar. Məsələn, “EurasiaNet.org” saytına müsahibəsində Ermənistanı tərk edən 12 erməni bir sıra önəmli açıqlamalar veriblər. Şikayət toplusunda yerli sakinlərin onlara qarşı fiziki zor tətbiqlərindən tutmuş məmurların rüşvət istəməsinə kimi bütün məsələlər əks olunub. Krist Brutyan adlı ermənini bir qrup insan vəhşicəsinə döyüb. “Bizə burada münasibət tamam başqadır. Biz bura gəlməyimizdən çox təəssüflənirik” - deyə Hələbdən olan Mişel Sarkoyan bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər