• şənbə, 20 Aprel, 19:09
  • Baku Bakı 24°C

Sürəti azalan proses

25.09.21 11:15 341
Sürəti azalan proses
"İnsanlar söysə də, gülünc qarşılasa da, cəmiyyətin xilası naminə vaksinasiya prosesi üçün maarifləndirmə aparmalıyıq”
Çox yox, 2 həftə öncəyə qədər Azərbaycanda sözün əsl mənasında peyvənd izdihamı yaşanırdı. Yanvar ayından aparılan vaksinasiya prosesi özünün pik həddini məhz o günlərdə yaşadı. Hansı klinikanın, xəstəxananın yanından keçsək, izdihamın şahidi olurduq. Hətta növbədən bezib şüşə sındıranlar, xəstəxanaya hücum edənlər belə vardı. Lakin bu intensivlik getdikcə azaldı. Düşünə bilərsiniz ki, artıq hər kəs peyvəndlənib və bu da saya təsir edib. Təəssüf ki, belə deyil. Bunu biz yox, statistika deyir. Ölkədə hələ əhalinin yalnız 30 faizi vaksinasiya olunub. Bu rəqəm 60-70 faizə qalxmayana qədər xəstəliyə qalib gəlməkdən söhbət gedə bilməz. Bəs intensivliyin azalmasının səbəbi nədir?
"Vaksinasiyadan yayınanlar”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyir ki, intensivliyi azaldan mühüm amil insanların əsassız səbəblər gətirərək vaksinasiyadan yayınmalarıdır: "Son vaxtlar peyvəndləmə prosesində iştirak edən insanların sayının azalmasını mən də müşahidə edirəm. Bu, iki amillə bağlıdır. İlk səbəb odur ki, 2-3 ay ərzində sürətli vaksinasiya həyata keçirildi. Potensial olaraq vaksinləmə prosesinin həyata keçirilməsi üçün hədəf müəyyənləşdirdiyimiz insanların böyük bir hissəsi birinci dozanı aldı. İkinci dozanın vaxtı gələnə qədər sürətin zəifləməsi təbiidir. İkinci və ən əsas səbəb isə insanların hələ də peyvəndə barmaqarası yanaşmalarıdır. Yəni peyvəndləmə prosesində iştiraka özünü hazır görməyən, müxtəlif əsassız səbəblər gətirərək bu prosesdən yayınan insanlarımız var”.
Maarifləndirmə və inzibati tədbirlər
Deputat deyir ki, vaksinasiya prosesinin intensivliyini artırmaq üçün iki iş paralel şəkildə aparılmalıdır: "Biz həm maarifləndirmə işini, həm də inzibati tədbirləri paralel şəkildə aparmaqla vaksinasiyanın sürətini də artırmalıyıq. Bu faktdır ki, mübarizədə aktiv iştirak etməyimizə baxmayaraq, hələ də 70-80 faizlik rəqəmlərə çata bilməmişik. Qarşıda görüləcək çox işlər var. Buna görə də, həm maarifləndirmə, həm də inzibati tədbirlərin paralel şəkildə tətbiqinin mühüm əhəmiyyəti var”.
Fəal və məsuliyyətli davranış
Həmsöhbətimiz vurğulayıb ki, pandemiya ilə mübarizədə vaksinasiya prosesinə daha sürətli qoşularaq kütləvi immunitet qazanmış insanlarımızın sayını artırmalıyıq: "Vətəndaşlarımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq”.
Təcrid, yoxsa vaksinasiya?
Vaksinasiya ilə bağlı maarifləndirmə prosesində aktiv iştirak edən həkimlərdən biri də Vaqif Qarayevdir. Həmsöhbətimiz deyir ki, koronavirusdan qorunmağın iki yolu var. Təcrid və vaksinasiya. Onun sözlərinə görə, bu, qəbul olunmuş həqiqətdir və fərqli düşünmək mənasızdır: "Vaksin bütün dünyada son bir ildir ki, aktualdır. Effektinin də olması şübhəsizdir. Qapanmaqla bu xəstəlikdən nə qədər qorunmaq olar axı? Buna qalib gəlməyimiz üçün vaksinasiya çox vacibdir. Azərbaycanda vaksinasiya yanvar ayından başlayıb. İnsanlar çox laqeyd, biganə yanaşırdılar. İndi də elədir. Amma müəyyən qadağalar tətbiq etməklə insanları seçim qarşısında qoyduqdan sonra hamı vaksin olunmaq üçün müraciət etdi və poliklinikalarda, xəstəxanalarda sıxlıq yarandı. Mən düşünürəm ki, insanlar vaksini özünü qorumaq üçün deyil, məhdudiyyətdən kənarda qalmaq üçün vurdurur. Gərək biz bu məhdudiyyətləri yanvardan edərdik. İnzibati qadağa olmadıqca, insanların özlərinin sosial məsuliyyəti, demək olar ki, yoxdur. Bu gün desələr ki, vaksinsiz hər yerə getmək olar, yenə də heç kim peyvənd olunmayacaq”.
Axı ölümcül olsan, necə yaza bilərsən?
Həkim deyir ki, ölkə olaraq peyvənd nəticəmiz ürəkaçan deyil: "Kimdən soruşursan, peyvənd olunduğunu deyir. Lakin insanlar anlamır ki, 2 doza alındıqdan sonra immunitet formalaşır. Birinci dozadan sonra immunitet olmur. Hər gün status yazırlar ki, "vaksin vurdurmuşam, ölürəm”. Axı ölümcül olsan, necə yaza bilərsən? Sorğu-sual etdikdə, görürük ki, 1 həftə öncə 1 doza peyvənd vurdurub. Acınacaqlısı odur ki, belə yazılara daha çox inanırlar, amma sağlamlıqlarını qorumaq üçün vaksin olunmağa inanmırlar. Böyük adamlar uşaq kimi davranırlar. Bu xəstəlikdən qorunmağın yeganə çıxış yolu peyvənddir. İki dozanı təxminən 3 milyon insan vurdurub. Əhalinin yalnız 30 faizi peyvənd olunmuş sayılır. Dünya əhalisinin 60-70 faizi vaksinasiya olunsa, kütləvi immunitet yaranacaq. Azərbaycanda 2 milyonu uşaq kontingentinə çıxsaq, 8-9 milyonun hələ cəmi 3 milyonu vaksinasiya olunub. Həddindən artıq azdır. Biz yenə də insanları təşviq etməliyik”.
Cəmiyyəti xilas edək!
Həmsöhbətimiz vurğuladı ki, maarifləndirmə məsələsində əsas iş həkimlərin üzərinə düşür: "İnsanlar söysə də, gülünc qarşılasa da, cəmiyyətin xilası naminə vaksinasiya prosesi üçün maarifləndirmə aparmalıyıq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər