• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

Sumqayıtlıların unudulmaz ağsaqqalı

11.04.19 09:30 746
Sumqayıtlıların unudulmaz ağsaqqalı
Bu il özünün 70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtın ziyalı nuruna qərq olmuş böyük və çox maraqlı bir Zəbi Abdullayev dövrü olub. O Zəbi müəllim ki, hər zaman sumqayıtlılar üçün böyük bir örnək, həyat müəllimi, qayğıkeş, səmimi bir insan, yaxın, sədaqətli dost, müdrik ağsaqqal, çətin günlərin məsləhətçisi, yol göstərəni olub. O, dünyanın gəliş-gedişini yaxşı dərk edən, özünəməxsus, fərdi təhlili ilə seçilən tarixçi-filosof, dərin analiz qabiliyyətinə malik unikal bir şərhçi, beynəlxalq səviyyəli siyasi icmalçı idi.
Odur ki, şəhərdə hansı tədbirdə, hansı məclisdə olsaydı, qoca-cavan - hamının diqqəti istər-istəməz, ona yönələrdi. Zəbi müəllimin - o müdrik ağsaqqalın cəmiyyət və ya ölkədəki hansısa bir hadisə, yeniliklə bağlı çatdıracağı sözü, fikri, Sumqayıtın və bütünlükdə respublikanın sosial-iqtisadi həyatının mövcud mənzərəsinə və inkişafının perspektivlərinə baxışını, dünyada baş verən hadisələrə münasibətini hamı bilmək istəyər, onu səbirlə, maraqla dinləyərdilər.
Onun bütün yüksək keyfiyyətləri isə vətənə, xalqa, doğma Sumqayıta olan hədsiz, böyük sevgidən və əsl ziyalılığından irəli gəlirdi. O, çoxlarına bu gün də nümunə ola biləcək əsl vətənpərvər, əsl ziyalı idi!
Zəbi Abdullayev 17 mart 1919-cu ildə, Azərbaycan Demokratik Respublikasının yaranmasının ilk ildönümü ərəfəsində qədim Xızı diyarının Tıxlı kəndində dünyaya gəlmişdi. Cəmi bir il sonra Rusiyanın Azərbaycanı yenidən işğal etməsi ilə onun həyatının sonrakı illəri Sovet dövrünə düşdü. Xızıda orta məktəbi bitirməsi ağır repressiya illərinə təsadüf etsə də, hələ kiçik yaşlarından elmə, biliyə böyük həvəsi, marağı olan Z.Abdullayev, uğurla imtahan verərək, Bakı Pedaqoji Texnikumuna qəbul olunur. 1937-ci ildə oranı bitirdikdən sonra Xızı orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayaraq, kənd uşaqlarının, həmçinin yaşlı adamların maariflənməsi üçün səylə, bacarıqla çalışır. Gənc müəllimin yüksək biliyə və natiqlik məharətinə, aydın təfəkkürə malik olması, ictimai fəallığı rayon rəhbərliyinin diqqətindən yayınmır və o, çox keçmədən rayon Komsomol Komitəsinə siyasi məsləhətçi kimi işə qəbul edilir. Lakin orda gənclik eşqi ilə işə başlayan Zəbi Abdullayev bir müddət sonra müəllim geyimini hərbi forma ilə əvəz etməli olur...
Xızıdan olan gənc müəllim Kursk, Dnepr döyüşlərində
O da bir çox yaşıdları kimi 1941-ci ildə "Stalin uğrunda!" şüarı ilə alman faşistlərinə qarşı vuruşmaq üçün cəbhəyə yola düşür. Boy-buxunlu, canlı-cüssəli olmasa da, cəbhə dostları ilə birgə əlində silah ağır döyüşlərdə, həmçinin 1943-cü ilin iyul-avqust aylarında Kursk çarpışmalarında iştirak edərək, düşmənin geri oturdulmasında qüvvəsini əsirgəmir. Kurskdakı mühüm qələbədən sonra Sovet ordusu Ukraynanın düşmən əlində olan şəhərlərini, ən başlıcası isə Kiyevi azad etmək üçün daha da irəliləyərək, geniş miqyaslı döyüşləri davam etdirir. Dörd ay davam edən irimiqyaslı döyüşlərin birində qolundan ağır yaralanaraq, xeyli qan itirir. Hospitalda uzun müddətli müalicədən sonra - 1944-cü ilin əvvəllərində 2-ci qrup əlil kimi, lakin sinəsindəki döyüş orden və medalları ilə ordudan tərxis olunaraq Azərbaycana, dədə-baba yurdu Xızıya qayıtmaq məcburiyyətində qalır.
Məktəb direktoru, qəzet redaktoru, rayonun "ikinci" adamı
Doğma kəndi Tıxlı qanlı döyüşlərin getdiyi yerlərdən uzaq olsa da, müharibənin acı nəfəsi burda da duyulurdu. Cəbhədən gələn ağır xəbərlər, çörək qıtlığı... Ancaq, çətin də olsa, həyat davam edirdi. Və Zəbi müəllim yenidən Xızıdakı orta məktəbdə müəllimlik fəaliyyətinə davam edir, çox keçmədən isə həmin təhsil ocağına direktor təyin olunur. Nəinki məktəblilər, eləcə də kənd camaatı arasında böyük hörmət-nüfuz qazandığını, geniş dünya görüşlü və təşəbbüskar bir ziyalı olduğunu görən Xızı rayon rəhbərliyi ona daha yüksək vəzifə - rayon İcraiyyə Komitəsinin məsul katibi vəzifəsini təklif edir. Sonralar "Qızıl ulduz” rayon qəzetinin redaktoru kimi çalışan Zəbi müəllim, 1949-52-ci illərdə Ali Partiya Məktəbində oxuyur və Azərbaycan Dövlət Pedaqoji İnstitutun tarix fakültəsində ali təhsil alır. 1952-ci ildə o, Xızı rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinədək yüksəlir.
Xızıdan Sumqayıta aparan tale yolu
Xızı rayonunun inzibati-ərazi vahidi kimi 1956-cı ilin dekabrında ləğv edilməsindən məyus olan, lakin ruhdan düşməyərək, bitib-tükənməyən gənclik enerjisi ilə iş dalınca Azərbaycanın yeni ucaldılan şəhərinə - Sumqayıta üz tutur. Gənc şəhərin rəhbərliyi müharibənin odundan-alovundan keçərək bərkimiş, rayon miqyaslı yüksək vəzifələrdə sınaqdan keçmiş Zəbi Abdullayev kimi təcrübəli, ali təhsilli gənci hörmətlə qarşılayaraq, ona ilk əvvəl "Sosialist Sumqayıtı" qəzetinin redaktoru olmağı təklif edir. Lakin sonda Azərbaycan KP MK-nın nomenklaturasında olduğu nəzərə alınaraq, Sumqayıt şəhər Partiya Komitəsinə təlimatçı vəzifəsinə götürülür. Birdən-birə kənd rayonundan sürətlə böyüməkdə, inkişaf etməkdə olan 7 yaşlı gənc şəhərin qaynar həyatına atılan Zəbi müəllim həmişəlik olaraq Sumqayıtda yaşayıb-yaratmaq qərarına gəlir. 1957-ci ilin fevralında ailəsi ilə birgə bu şəhərə köçür. Zəbi müəllimin kabinet adamı olmadığını, bütün günü sənaye müəssisələrində, orda-burda qaynayıb-coşan tikinti meydançalarında "itib-batdığını" görən şəhər rəhbərliyi onu 1 №-li Tikinti Trestinin kadrlar şöbəsinə rəis təyin etməli olur. Burda da o, bütün günü rahatlıq bilmədən kimya və metallurgiya müəssisələrində yeni sex və istehsalatların, şəhərin yaşayış binalarının tikintisinə baş çəkir, böyük ruh yüksəkliyi ilə, coşqunluqla çalışan inşaatçıların qurub-yaratmaq əzmindən fərəhlənərək, hər biri ilə yaxından tanış olub, söhbət edir, qayğı və problemləri ilə maraqlanır, sonra isə Trestin o vaxtkı rəhbəri, əmək adamını hər zaman yüksək dəyərləndirən Sosialist Əməyi Qəhrəmanı Məzahir Abdullayevin köməyi ilə fəhlələrin iş və yaşayış rahatlığının təmin edilməsinə çalışır və hökmən də istəyinə nail olurdu.
Məhz səmimiyyəti və sadəliyi, yüksək mədəniyyəti, ziyalılığı, həm də işgüzarlığı, təşkilatçılıq bacarığı ilə seçilən Zəbi müəllim çox keçmədən sumqayıtlıların əsl sevimlisinə, dostuna çevrilir. Onun bir şəxsdə cəm olunmuş müsbət xüsusiyyətlərini müstəsna bir amil daha da dəyərli edirdi. Məntiqli, tərbiyəvi və düşündürücü söhbətləri, mühakimələri ilə o, həm də gözəl bir natiq idi. Ucadan, pafosla danışmazdı, asta, ürəyəyatan səslə, ancaq çox inandırıcı danışardı - istər hansısa bir auditoriyada, istər inşaat meydançasında, istərsə də müxtəlif sahələrin müxtəlif səviyyəli adamları ilə söhbətlərində. Onun bütün varlığına hakim kəsilən böyük bir sevgi var idi - Azərbaycanın gənc, çox sürətlə inkişaf edən şəhəri Sumqayıta, onun gecə-gündüz, yorulmaq bilmədən qurub-yaradan adamlarına - bütün sumqayıtlılara!
Təsadüfi deyildi ki, az bir müddətdə şəhərin əmək adamlarını yaxından tanımağı bacaran, onlar haqqında geniş məlumatı olan, Sumqayıtın sürətli sosial-iqtisadi, mədəni inkişafı ilə öyünən Zəbi müəllim, bu gənclik şəhərinə gəlişinin heç üç ili də tamam olmamış onun yaranmasının 10 illiyinə - ilk yubileyə həsr edilmiş "Sumqayıtın gənc mübarizləri" adlı kitab hazırlayıb, nəşr etdirmişdi.
Hardan idi hərtərəfli istedad, filosofluq, dərin zəka?
Zəbi müəllim hələ məktəb illərindən meylini kitab-dəftərə salmışdı. İlk təhsil aldığı Xızı məktəbinin kitabxanasında oxumadığı kitab qalmamışdı. Tələbəlik illərindən başlayaraq isə özünün zəngin şəxsi kitabxanasını yaratmışdı. Orada Azərbaycanın dahi yazıçı və şairlərindən tutmuş Qərb klassiklərinin əsərlərinədək, oxuduğu yüzlərlə kitab vardı - ədəbiyyatla, fəlsəfə ilə, siyasətlə, görkəmli adamların həyatı ilə, hətta texniki elmlərlə bağlı kitablar toplanmışdı. Bununla kifayətlənməyən Zəbi müəllim hər gün Azərbaycanın və Moskvanın dövri mətbuatını da gündəlik olaraq izləyərdi.
Zəngin mütaliəsi olan Zəbi müəllim həssas qəlbli, şair təbiətli adam idi. O, Azərbaycanın poeziya nəhəngləri, dahi şairlərimiz Nizaminin, Füzulinin, Nəsiminin, həmçinin son dövr şair və yazıçılardan Rəsul Rzanın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, M.Şəhriyarın əsərlərilə yanaşı dünya klassiklərinin də yaradıcılıqları ilə dərindən maraqlanar, yeri gəldikdə onlardan misallar da çəkərdi. O, Sumqayıtın vurğunu olaraq, şəhərin sosial-iqtisadi inkişafından fərəhləndiyi, iftixar duyduğu qədər də, əsl ziyalı kimi şəhərin istedadlı şair və yazıçıları, mədəniyyət və incəsənət xadimləri ilə də fəxr edər, vaxtaşırı onlarla görüşər, yaradıcılıqları barədə böyük məmnunluqla, şövqlə fikir və mülahizələrini söyləyərdi.
Tanınmış yazıçı-publisist, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov bir dəfə Zəbi müəllimlə bağlı maraqlı bir fakt danışdı. Dedi ki, istedadlı kinorejissor, mərhum Davud İmanovla birgə çəkdikləri, ermənilərin Sumqayıtda törətdikləri təxribatlarla bağlı "Sumqayıtın əks-sədası" ("Exo Sumqaita") filminin ilk seriyası televiziyada nümayiş etdirildikdən sonra geniş rezonans doğurmuşdu: "Ona görə də biz Bakıda 20 Yanvar qırğınının səbəbkarları - xalqımızın qatı düşməni, özü və arvadı daşnaklara satılmış M.Qorbaçovdan, Sovet İttifaqı marşalı, cəllad D.Yazovdan, o vaxtkı SSRİ daxili işlər naziri Bakatindən və digərlərindən Moskvada müsahibə götürərək, ikinci seriyanı da başa çatdırdıq və filmin 2-ci seriyası da televiziyada göstərildi. Zəbi müəllim adətən həftədə bir dəfə bizim redaksiyaya baş çəkər, hal-əhval tutar, qəzetdə verilmiş yazılarla bağlı öz fikrini söyləyər, "ehmalca", hiss etdirmədən bəzi tövsiyələrini də bildirərdi. Adətən o, mənimlə sadəcə, əl tutub görüşərdi. Bir dəfə isə otağa daxil olan kimi məni qucaqlayıb, bağrına basdı. Dedi ki, Eyruz, düzü, mən son vaxtlar bədbin düşünürdüm ki, gənclərimiz artıq cırlaşıb, istedadlı uşaqlar azalıb. Ancaq sizin "Sumqayıtın əks-sədası" filminin 2-ci seriyasına baxdıqdan sonra yanıldığımı gördüm. Çox sağ ol! Sən gənclərimizin gələcəyinə mənim ümidimi sönməyə qoymadın!"
Bəli, Zəbi müəllim hər zaman istedadlı adamları, yaxşını qiymətləndirməyə tələsər, daha böyük uğurlara ruhlandırar və sanki bundan özü də bir zövq alar, rahatlıq duyardı.
"Partiya prokuroru”
Zəbi müəllim uzun müddət həm də Sumqayıtda Partiya Komissiyasının sədri olmuşdu. Bu, o zamanlar üçün çox məsuliyyətli, "güclü" bir vəzifə idi, bir növ "partiya prokuroru" demək idi. Ötən dövrün adamları yaxşı bilirdi ki, keçmiş Kommunist Partiyası sistemində müəyyən vəzifələrə təyinatda bəzən şəxsi münasibətlər və digər "amillər" rol oynasa da, Partiya Komissiyası sədri seçilməsinə çox ciddi tələbkarlıqla, obyektivliklə yanaşılar və bu vəzifəyə yalnız mənəviyyatca təmiz və vicdanlı, xalq arasında xüsusi hörmət və nüfuza malik adamlar təyin edilərdi. Sumqayıtın "bəxti" onda gətirmişdi ki, keçən əsrin 70-ci illərində şəhərin bütün sferası üzrə səlahiyyətli "partiya prokuroru" rolu məhz Zəbi Abdullayev kimi mənən saf və zəngin, prinsipial, obyektiv bir adama etibar edilmişdi. O zamanlar lazım gələrdisə, "Partkomissiya" sədrinin hətta 1-ci katibin "məsələsini" komissiya yığıncağına çıxartmaq və onu partiya xətti ilə cəzalandırmaq səlahiyyəti də vardı. Belə bir məsuliyyətli missiya sahibi olsa da, Zəbi müəllim heç vaxt özünü "yuxarıdan" aparmır, hamı ilə münasibətdə sadə və səmimi olmağa üstünlük verirdi.
Zəbi müəllim 2002-ci il oktyabrın 13-də dünya ilə həmişəlik vidalaşıb. O vaxtdan qoynunda doğulduğu Tıxlı kəndindəki məzarlıqda uyuyur...
Rəhman ORXAN
banner

Oxşar Xəbərlər