• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlayan dəstə üzvləri saxlanılıb

19.09.17 16:00 1703
Sumqayıtda 695 metr hava rabitə kabelini oğurlayan dəstə üzvləri saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkədə informasiya-kommunikasiya sistemlərinin mühafizəsinin, fasiləsizliyinin, eyni zamanda, kibertəhlükəsizliyinin təmin olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.
Hadisədən sonra dəstə üzvləri kabelləri A.Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıb və mis halında Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirinin davamı olaraq dəstə üzvlərindən oğurluq yolla əldə olunan misi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, müvafiq qeydiyyat aparmadan alan metal qəbulu məntəqəsinin sahibi Zaur İlyasov və onun işçisi Zaur Eyyubov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər. Belə hallarla rastlaşdıqda dərhal ərazi polis orqanlarına və ya DİN-in "102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcək.
banner

Oxşar Xəbərlər