• cümə, 19 Aprel, 11:04
  • Baku Bakı 13°C

“Sülhməramlı missiya”nın yaratdığı problem

16.07.21 17:00 479
“Sülhməramlı missiya”nın yaratdığı problem
Zaur İbrahimlinin fikrincə, rəsmi Bakı Rusiya sülhməramlılarının öz vəzifələrini yetərincə icra etməməyinə dözümlü yanaşmayacaq
Bir neçə gündür ki, erməni silahlı birləşmələri Şuşada, Kəlbəcərdə və Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bu təxribatın nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinin bir hərbiçisi yaralandı. Azərbaycan və Ermənistan sərhədində baş verən təxribata görə, əlbəttə ki, rəsmi İrəvan məsuliyyət daşıyır. Lakin Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdən Azərbaycan mövqelərinə atəş açılması başqa məqamlardan xəbər verir.

İctimaiyyətdə fikir formalaşır ki...
Belə ki, ötən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanata əsasən, erməni silahlı birləşmələri ərazidən çıxmalı və sabitlik təmin edilməli idi. Lakin son günlər Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, məhz Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə baş verib. Hətta bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat da yayıb. Üzərinə öhdəlik götürən sülhməramlıların isə baş verən təxribatlarla bağlı dəqiq, fakta söykənən hər hansı bəyanatı yoxdur. Deməli, sülhü təmin etmək missiyasını həyata keçirən Rusiya tərəfi məsələnin ciddiliyini nəzərə almır, ya da görməzlikdən gəlir. Artıq Azərbaycan ictimaiyyəti də sülhməramlıların öz missiyasını yerinə yetirə bilmədiyi qənaəti formalaşır. Həqiqətən Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirə bilmir?

Şuşanın atəşə tutulması...
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Şuşa şəhərinin atıcı silahlardan atəşə tutulması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında atəş nöqtələrinin Rusiya sülhməramlılarının məsuliyyət zonasında olduğu qeyd edildi: "Bu açıqlama ilə Azərbaycan tərəfi rəsmi şəkildə Rusiya sülhməramlılarının məsuliyyət məsələsini gündəliyə gətirdi. Rusiya Müdafiə Nazirliyi hazırkı məqamda bu məsələlərin üzərindən sükutla keçməyə çalışır. Şuşanın atəşə tutulması bir daha Azərbaycan ərazisində qeyri-qanunu fəaliyyət göstərən erməni silahlı qüvvələri problemini də gündəliyə gətirdi. Azərbaycan, Rusiya, Ermənistan tərəfindən imzalanan 10 noyabr Üçtərəfli Bəyanatının 4-cü bəndində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.Şuşanın atəşə tutulması, erməni tərəfinin bu vaxta qədər törətdiyi digər təxribatlar, təkzibedilməz dəlillər göstərir ki, Rusiya sülhməramlılarının məsuliyyət bölgəsində erməni hərbi dəstələri yerləşib və fəaliyyət göstərirlər. Həmçinin, Qarabağ bölgəsində erməni silahlı birləşmələri qalmaqdadır”.

Rəsmi Bakının səbir və təmkini
Politoloqun sözlərinə görə, rəsmi Bakı bu vaxta qədər səbir və təmkin nümayiş etdirərək, problemlərin tədricən həllinə nail olmağa çalışır: "Bu zaman 10 noyabr Bəyanatının zəmanətçisi kimi Rusiyanın mövqeyi, Ermənistandakı daxili siyasi vəziyyət, humanitar məsələlər nəzərə alınır. Lakin bir ilə yaxındır ki, bu istiqamətdə irəliləyiş müşahidə olunmur və rəsmi Bakı artıq Rusiya sülhməramlılarının məsuliyyəti məsələsini gündəliyə gətirməyə məcburdur. Rəsmi Moskva və İrəvan Bakının bu problemin həlli ilə bağlı səylərinə, təmkinli və humanitar səbəbləri nəzərə alan mövqeyinə adekvat yanaşma sərgiləmir. Azərbaycan tərəfinin mövqeyinin sərtləşməsi bu amillərlə izah olunur. Artıq Azərbaycan Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyini qabartmağa başlayıb”.

Tükənən limit
Z.İbrahimli vurğuladı ki, Azərbaycan ictimai rəyində bu qənaət 10 noyabr Bəyanatının imzalanmasından az sonra formalaşmışdı: "Rusiya sülhməramlı kontingentinin ermənilərin hamisi kimi çıxış etməsi, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Rəsmi Bakı humanitar səbəblərdən bu məsələlərə təmkinlə yanaşırdı. Artıq bu dözümlü münasibətin limiti tükəndi və Rusiya sülhməramlıları ilə bağlı ilkin xəbərdarlıq edildi. Rusiya siyasi dairələri yaranmış vəziyyətin ciddiliyini və proseslərin sonrakı inkişafının arzuolunmaz məcrada inkişafı ilə əlaqədar öz məsuliyyətlərini dərk etməlidirlər. Qəti şəkildə deyə bilərik ki, nə Azərbaycan ictimaiyyəti, nə rəsmi Bakı Rusiya sülhməramlılarının öz vəzifələrini yetərincə icra etməməsinə dözümlü yanaşmayacaq. Bu məsələlərdə Azərbaycandan dözümlü münasibət, güzəşt gözləyənlər bir daha yanılacaqlar və ölkəmiz bu əngəlləri dəf etmək gücünü nümayiş etdirib”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər