• cümə axşamı, 28 mart, 16:45
  • Baku Bakı 16°C

Sülh və sabitliyə töhfə verə biləcək əməkdaşlıq - ŞƏRH

18.12.21 09:15 555
Sülh və sabitliyə töhfə verə biləcək əməkdaşlıq - ŞƏRH
Ziyafət Əsgərov: "Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə NATO öz dəstəyini bildirir. Bizim münasibətlər tərəfdaşlıq, əməkdaşlıq ruhundadır”
Prezident İlham Əliyev bu həftə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan dövlət başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katib Yens Stoltenberqlə görüşüb. Bunun ardınca 30 müttəfiqin iştirakı ilə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. Ölkə rəhbəri İlham Əliyev iclasda iştirak edib. İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.


Regionda sülh və sabitlik işinə xidmət

Azərbaycanın 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq” Proqramı ilə tərəfdaşlığının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi bildirilib. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu təlimlərin regionda sülh və sabitlik işinə xidmət etdiyi vurğulanıb. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı bildirilib.

Ərazi bütövlüyünə, suverenliyə dəstək

Bu səfərin əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib ki, Brüsseldəki iclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Onun sözlərinə görə, bu mövqe NATO-nun Sammit sənədlərində dəfələrlə təsbit olunub. Millət vəkili NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək” missiyasındakı rolunun xüsusi vurğulanmasına diqqət çəkib.


Paytaxt Kabulu ən son tərk edən ölkə

Z.Əsgərov bildirib ki, Azərbaycan hərbçiləri Türkiyə hərbçiləri ilə birlikdə Əfqanıstandakı Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyəsində önəmli rol oynayıb: "Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyası NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib, yüksək qiymətləndirilib. Azərbaycan 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak edib. NATO qoşunları Əfqanıstandakı missiyasını sona çatdıranda isə Azərbaycan paytaxt Kabulu ən son tərk edən ölkələrdən biri olub. Yəni ölkəmiz üzərinə düşən missiyanı artıqlaması ilə yerinə yetirib, əməkdaşlıq əlaqələrinə öz töhfəsini verib, etibarlı tərəfdaş olduğunu dəfələrlə nümayiş etdirib”.


Strateji tərəfdaşlığa dair sənədlər

Komitə sədri deyib ki, Azərbaycan-NATO münasibətlərindən danışarkən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə, o cümlədən iqtisadi əməkdaşlığa xüsusi nəzər yetirmək lazımdır: "NATO-nun mənzil qərargahına 7-ci dəfə səfər edən cənab Prezident İlham Əliyevin Brüsseldə vurğuladığı kimi, 3500 kilometr uzunluğu olan, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri sayılan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. İkitərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədləri əlaqələrin xarakterini nümayiş etdirir. Bundan başqa, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir. Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaş olmaqla alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Enerji təhlükəsizliyi isə artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir”.


Alyansla sıx əməkdaşlıq

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan-NATO əlaqələrindən hər iki tərəf razıdır. Milli Məclisin NATO Parlament Assambleyası ilə əlaqələri haqqında danışan Z.Əsgərov deyib ki, təşkilatla sıx əməkdaşlıq mövcuddur. Deputatın sözlərinə görə, Milli Məclisin nümayəndə heyəti təşkilatın sessiyalarında və seminarlarında daim iştirak edir: "Sessiyalar, seminarlar və iclaslar pandemiya ilə əlaqədar olaraq son zamanlar daha çox onlayn formada keçirilir. Bununla belə, həmin tədbirlərdə Azərbaycan fəal iştirak edir. 1994-cü ildən indiyə qədər davam edən və perspektivdə daha da inkişaf edəcək Azərbaycan-NATO əlaqələrini müsbət qiymətləndirirəm”.


Münasibətlər tərəfdaşlıq, əməkdaşlıq ruhundadır

Millət vəkili söyləyib ki, bu platforma Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, dəstək qazanmağımız üçün vacib platforma sayılıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə bu platformadan milli-dövlətçilik maraqlarının qorunması, müdafiəsi üçün istifadə olunub. Hazırda isə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işində NATO Azərbaycana texniki yardım göstərə bilər. Hərbi-siyasi blok kimi NATO mütəxəssislərinin bu sahədə zəngin təcrübəsi var. Ümumilikdə Azərbaycan-NATO əlaqələri regionun təhlükəsizliyi, sülh və sabitlik üçün mühüm töhfədir. NATO üzvü olan Türkiyə ilə Azərbaycanın təkcə bu il müxtəlif adda 7 hərbi təlim keçirməsi də bu amala xidmət edir. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə NATO öz dəstəyini bildirir. Bizim münasibətlər tərəfdaşlıq, əməkdaşlıq ruhundadır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər