Sülh və rifah dəhlizi - ŞƏRH
Qərb dövlətlərində fəaliyyət
göstərən araşdırmalar mərkəzlərinin, ekspertlərin hazırda təhlil etdiyi əsas
mövzulardan biri də məhz Zəngəzur dəhlizidir
Azərbaycan, Ermənistan və
Rusiya liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın
əsas müddəalarından biri də regionda nəqliyyat əlaqələrinin açılmasıdır. Əlbəttə,
söhbət ilk növbədə Azərbaycanın qərb hissəsini Naxçıvan Muxtar Respublikası və
Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Rusiya, Azərbaycan və Ermənistan
baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın
Moskvadakı görüşü, Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur dəhlizinin
açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq” sözləri
onu göstərir ki, yaxın günlərdə Bakı ilə Yerevan dəhlizin açılması ilə bağlı
razılığa gələcəklər. Yeri gəlmişkən, Qərb dövlətlərində fəaliyyət göstərən
araşdırmalar mərkəzlərinin, ekspertlərin hazırda təhlil etdiyi əsas mövzulardan
biri də məhz Zəngəzur dəhlizidir.
Zəngəzur dəhlizinin
Ermənistan üçün üstünlükləri
Bu günlərdə ABŞ-da fəaliyyət
göstərən tanınmış "Ponars Eurasia” araşdırmalar mərkəzi Emmanuel Dreyfus və Yül
Yuqonun Zəngəzur dəhlizi ilə bağlı məqaləsini dərc edib. Müəlliflər xatırladırlar
ki, 1980-ci illərdə Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin təxminən
85%-i Azərbaycandan keçən dəmir yolları şəbəkəsinin payına düşürdü: "Hazırda
Rusiya Ermənistana məhsul idxal edən əsas dövlətdir. Ermənistana Rusiyadan
neft, əlvan metallar və taxıl kimi məhsullar tədarük edilir. Əslində, bu məhsulların
nəqli zamanı dəmir yollarından istifadə edilməsi daha sərfəlidir. Digər tərəfdən,
Rusiya Ermənistan üçün Avropa İttifaqından sonra ikinci ən böyük bazardır. Bu
ölkədən Rusiyaya illik 290 milyon dollar dəyərində məhsullar tədarük
olunur.
Odur ki, Araz boyu dəmir
yolları şəbəkəsinin açılması Rusiya ilə Ermənistan arasında ticarət əlaqələrində
nəqliyyat xərclərinin azalmasına səbəb olacaq”.
Naxçıvanla əlaqələrin
asanlaşması
Şübhəsiz, Zəngəzur dəhlizinin
açılması Azərbaycanın qərb ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat,
ticarət əlaqələrini asanlaşdıracaq. "Ponars Eurasia” araşdırmalar mərkəzinin
ekspertləri bu məsələyə xüsusi diqqət yetirir: "1990-cı illərdən indiyədək Bakı
ilə Naxçıvan arasında nəqliyyat əlaqələri İran (700 kilometr) və ya Gürcüstan və
Türkiyə (1200 kilometr) vasitəsilə mümkündür. Amma Ermənistanla Azərbaycan
arasında Araz boyu nəqliyyat əlaqələrinin açılması bu məsafənin təxminən 550
kilometr azalmasına və yük daşımalarının daha da genişlənməsinə səbəb olacaq.
Bu, Naxçıvanın inkişafına töhfə verəcək”.
E.Dreyfus və Y.Yuqon qeyd
edirlər ki, Naxçıvanda molibden, qurğuşun və mərmər kimi zəngin faydalı qazıntılar
var: "Amma nəqliyyat xərclərinin kifayət qədər yüksək olması üzündən Naxçıvanda
faydalı qazıntıları emal etmək mümkün deyil. Üstəlik, nəqliyyat xərclərinə görə
Naxçıvanın arpa, tütün, pambıq və buğdadan gələn gəlirləri də azalır”.
Bir sözlə, müəlliflər Zəngəzur
dəhlizinin açılmasının Naxçıvan Muxtar Respublikasının inkişafında mühüm rol
oynayacağına əmindirlər.
Avropa
İttifaqının dəstəyi
E.Dreyfus və Y.Yuqonun sözlərinə
görə, Araz boyu dəmir yollar şəbəkəsinin təxminən 190 kilometrlik hissəsi bərpa
edilməlidir: "Hazırda Azərbaycan 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun
tikintisini davam etdirir. Bundan əlavə, 80 kilometr uzunluğa malik dəmir
yolları da bərpa olunmalıdır. Söhbət Naxçıvandakı 35 kilometrlik (Heydərəbad-Şərur
və Ordubaddan Ermənistan sərhədinə qədər) və Zəngəzurdan keçəcək 45 kilometrlik
dəmir yolundan gedir”.
Bu arada, hazırda Avropa
İttifaqı (Aİ) Zəngəzur dəhlizinin açılmasında, region ölkələri arasında əlaqələrin
normallaşdırılmasında maraqlıdır. Bunu avropalı siyasətçilərin Cənubi Qafqaz
ölkələrinə son səfərləri də təsdiqləyir.
Odur ki, E.Dreyfus və
Y.Yuqon "qoca qitə”nin Zəngəzur dəhlizinin həyata keçirilməsinə töhfə verəcəyini
düşünürlər: "Aİ birbaşa maliyyə və ya Avropa İnvestisiya Bankı vasitəsilə layihənin
həyata keçirilməsinə yardım göstərə bilər”.
Müəlliflər hesab edirlər
ki, Ermənistana Zəngəzurdan keçəcək 45 kilometrlik dəmir yolu xəttinin bərpasına
təxminən 90 milyon dollar investisiya lazım olacaq: "Azərbaycana gəlincə,
Naxçıvandakı 35 kilometrlik dəmir yolu xəttinin bərpası təxminən 70 milyon
dollar başa gələcək”.
Beləliklə, E.Dreyfus və
Y.Yuqonun fikrincə, Aİ keçmişdəki təcrübəsinə əsaslanaraq Cənubi Qafqazda dəmir
yolu şəbəkəsinin bərpasına yardım göstərə bilər: "Aİ "Şərq Tərəfdaşlığı” çərçivəsində
Cənubi Qafqazda sabitliyə və rifaha töhfə verməlidir”.
Ermənistan
artıq razılaşıb
Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin eksperti Vasif Hüseynov isə ABŞ-ın nüfuzlu Ceymstaun Fondunda dərc
edilən məqaləsində qeyd edir ki, Nikol Paşinyanın MDB Dövlət Başçıları
Şurasının iclasında regionda nəqliyyat əlaqələrinin açılması ilə bağlı çıxışı, əslində,
Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razı olduğunu göstərir: "Ermənistan
rəhbərliyi sərhədlərin, regional nəqliyyat marşrutlarının açılması sayəsində
ölkənin fayda qazanacağını anlayır. Məsələn, bu ölkənin iqtisadiyyat naziri
Vaan Kerobyan bildirib ki, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin açılması nəticəsində
Ermənistanın ümumdaxili məhsulu 2 il ərzində 30% artacaq. Ermənistan hökumətinin
digər üzvləri, həmçinin baş nazir Nikol Paşinyan da bununla bağlı nikbindir”.
Sənan
Ağamalızadə