“Sülh çeşməsi” suriyalıları terrorun zülmündən xilas edəcək

“Sülh çeşməsi” suriyalıları terrorun zülmündən xilas edəcək

Təfsilat
13 Oktyabr 2019, 09:21 91
Türkiyə terrorçuların sərhədyanı ərazilərdə yaratdığı təhlükəni aradan qaldıraraq, milli təhlükəsizliyi təmin etmək üçün "Sülh çeşməsi” əməliyyatını başladıb. Bu əməliyyat bölgədə yaşayan suriyalıları terror qruplaşmalarının zülmündən xilas edəcək və Suriyanın ərazi bütövlüyü, siyasi birliyi üçün yaranan təhdidləri aradan qaldıracaq. Bu iki proses yurdlarından didərgin düşmüş suriyalıların təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarını asanlaşdıracaq.
 
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması məqsədilə həyata keçirdiyi "Sülh çeşməsi” əməliyyatı ilə bağlı qardaş ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Nyu-York Tayms” qəzetində dərc olunan "Niyə Türkiyə mübarizəni Suriyada aparır?” sərlövhəli məqaləsində yer alıb.
 
Məqalədə "Sülh çeşməsi” əməliyyatının kürdlərə qarşı olması, İŞİD-ə qarşı mübarizəni zəiflədəcəyi ilə bağlı Amerika mətbuatında yer alan xəbərlərdən narahatlıq ifadə edilib. Qeyd olunub ki, Türkiyə təhlükəsizlik bölgəsinin yaradılması və ABŞ-ın terrorçuları dəstəkləməməsi ilə bağlı dəfələrlə BMT-yə müraciət edib. Təəssüf hissi ilə vurğulanıb ki, ABŞ-ın özündə də bəzi dairələrin, eləcə də bir sıra ölkələrin PKK-nı terror təşkilatı kimi qəbul etməsinə baxmayaraq, Birləşmiş Ştatlar PYD/YPG-yə dəstək verməkdə davam edib.
 
Nazir məqalədə vurğulayıb: "Biz bu əməliyyata başlamalı idik. Bəziləri Suriyada kürd əhalinin təhlükəsizliyi ilə bağlı narahat olduqlarını ifadə edirlər. Türkiyənin mübarizəsinin kürdlərə qarşı olmadığını bir daha vurğulamaq istəyirəm. Bizim mübarizəmiz terroristlərə qarşıdır. Vəziyyətin "kürdlərə qarşı türklər” olaraq təqdim edilməsi doğru deyil. Kürdlər bizim düşmənimiz deyil. Hədəfimiz PKK və PYD/YPG-nin birlikdə reallaşdırdığı, onların nəzarət etdikləri bölgələrdə uşaqları terror düşərgələrinə cəlb edən, müxalifləri aradan götürən, demoqrafik vəziyyəti dəyişdirən və zorakı əsgərlik sistemi tətbiq edən terror qruplaşmasıdır. PYD/YPG əsarətindən əziyyət çəkən kürdlər, ərəblər, xristianlar və digərləri azadlıqlarına qovuşduqlarında daha yaxşı olacaqlar”.
 
Ötən bir neçə ildə Türkiyənin ərəblər, kürdlər və türkmənlər olmaqla şumal-şərqi Suriyada xeyli sayda qaçqına sığınacaq verdiyinin qeyd edildiyi məqalədə vurğulanıb ki, 300 mindən çoxu kürd olan həmin qaçqınların əksəriyyəti məhz terrorçular tərəfindən yurdlarından didərgin ediliblər. Biz həmin insanları Türkiyədə sığınacaq və yaşayış şəraiti ilə təmin etdik. Türkiyə dünyada humanitar yardım məsələsində ən səxavətli və dünya miqyasında ən çox qaçqına ev sahibliyi edən ölkədir.
 
"Türkiyə son üç ildə etibarlı bir model formalaşdırıb. Türkiyənin 2016-2017-ci illərdə Cerablus, 2018-ci ildə Afrində olmaqla Suriyanın şimal-qərbində həyata keçirdiyi əməliyyatlar nəticəsində geniş bir ərazi terrorçulardan təmizlənib. Bu əməliyyatlardan sonra 365 min qaçqın Suriyanın şimal-qərbindəki yurdlarına qayıdıblar... Suriyalılar artıq evlərinə qayıtmaq istəyirlər. Onlar həddən artıq zülüm çəkiblər. Milyonlarla qaçqının evlərinə qayıtması üçün lazım olan sülhüm bərqərar olmasına yardım etmək üçün təşəbbüsü üzərimizə götürürük. Qərəzli yanaşmalardan fərqli olaraq, əməliyyatımız problemin humanitar tərəflərinə önəm verməyə, ölkənin ərazi bütövlüyünün qorunmasına və siyasi həll prosesinə töhfə verməyə yardım edəcək”, - deyə M.Çavuşoğlunun məqaləsində qeyd olunub.