• cümə axşamı, 28 mart, 20:21
  • Baku Bakı 13°C

“Sülh bulağı”nı qurutmaq istəyənlərin məqsədi nədir?

11.10.19 18:34 1312
“Sülh bulağı”nı qurutmaq istəyənlərin məqsədi nədir?
Türkiyənin Suriya ərazisində başlatdığı "Barış bulağı” adlı hərbi əməliyyatı dünyada birmənalı qarşılanmayıb. Hərbi əməliyyatlara qədər Türkiyə dəfələrlə istər BMT, istərsə də Avropanın müxtəlif qurumlarının tribunalarından cənub sərhədlərində böyük təhlükənin olmasını vurğulayıb və birgə addımların atılmasını dilə gətirib. Bir neçə ay öncəyə qədər rəsmi Ankaraya dəstək verən olmadığı üçün Türkiyə bu hərbi əməliyyatları tək aparmağa qərar verdi. Lakin görünən odur ki, Türkiyənin bu qərarı bir çox ölkələri narahat etməyə başlayıb. Belə ki, beş Avropa dövləti - Fransa, Almaniya, İngiltərə, Polşa və Belçika BMT-nin Təhlükəsizlik Şurasında hərbi əməliyyatlarla bağlı təcili toplantı çağırıb. Lakin ABŞ və Rusiya Türkiyə əleyhinə olan sənədə veto qoyduqlarından heç bir sənəd qəbul etmək mümkün olmayıb.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, hər bir ölkənin Yaxın Şərq regionunda öz maraqları var: "Amma digər reallıq ondan ibarətdir ki, axır zamanlar ABŞ və Rusiyanın Türkiyə ilə münasibətlərində müəyyən müsbət irəliləyiş nəzərə çarpır. Məsələ ondadır ki, Rusiya indiki halda Türkiyənin maraqlarını nəzərə alır, hətta ona silah satır. Kreml Türkiyənin özünün təhlükəsizlik zonası yaratması məsələsinə normal yanaşır. Eyni zamanda, ABŞ da öz qoşunlarını Türkiyənin daxil olduğu ərazidən geri çəkdi. Düzdür, ABŞ prezidenti Trampın bir sıra qeyri-adekvat, ziddiyyətli çıxışları oldu. Lakin həqiqət ondan ibarətdir ki, ABŞ qoşunları həmin ərazini tərk etdi. Yəni, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün yaranmış şəraitdən tam yararlanır və istifadə edir”.
F.Sadıxov vurğuladı ki, Avropa ölkələrinə gəlincə, onların daim Türkiyənin bir sıra addımlarına münasibəti qeyri-adekvat olub: "Bu ölkələr Türkiyənin Avropa İttifaqına daxil olmasına müəyyən problemlər yaradır, şərtlər qoyur. Düşünürəm ki, bu Avropa İttifaqının strateji xəttidir və Türkiyəyə qarşı atılan addımlardır. Lakin Avropa ölkələri yaddan çıxarmasınlar ki, 4 milyona yaxın miqrant Türkiyə ərazisində məskunlaşıb və düşərgələrdə yaşayır. Prezident Rəcəb Tayyib Ərdoğan "biz qapıları açıb onları Avropaya buraxa bilərik ki, miqrant probleminin nə demək olduğunu hiss etsinlər” fikirlərində tamamilə haqlıdır. Düşünürəm ki, Türkiyənin hərbi əməliyyatlarla bağlı atdığı addım BMT Təhlükəsizlik Şurasının müəyyən qərarlarına və yanaşmasına əsaslanır”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Türkiyənin terrorçulara qarşı apardığı əməliyyata müsəlman ölkələrinin bəzilərinin qarşı çıxması onu göstərir ki, müsəlman dövlətlərində həmrəylik məsələsində müəyyən problemlər var: "Türkiyənin Suriyanın şimalında əməliyyatlar aparmaq istəyi çoxdan vardı və bu, haqlı istək idi. Bildiyimiz kimi, Türkiyə dəfələrlə BMT tribunasından, ayrı-ayrı Avropa ölkələri qarşısında terror təşkilatları olan YPG və PYD-ə qarşı əməliyyatların aparılmasının vacibliyini səsləndirib. Belə ki, Türkiyə özünün cənub sərhədlərində təhlükəsizliyə ciddi təhdidlər görürdü və sərhəd boyunca gələcəkdə "kürd dövləti”nin yaradılması ehtimalları narahatlıq doğururdu. Belə bir hal baş verərdisə, Türkiyənin cənub sərhədləri, sözün həqiqi mənasında, çox zəif duruma düşə bilərdi. Bu baxımdan, Türkiyə cənub sərhədlərində təhlükəsizliyi təmin etmək və oradan gələn PYD-YPG təhlükəsinin qarşısını almaq məqsədilə bu əməliyyatı başladı. Nəhayət ki, ABŞ da Türkiyənin belə bir hərbi əməliyyatı reallaşdırmasına qarşı çıxmadı. Çünki bundan əvvəl ABŞ belə bir əməliyyatların keçirilməsini doğru hesab etmirdi. Hesab edirəm ki, ABŞ Türkiyə ilə münasibətlərin normallaşdırılmasını daha strateji qəbul edir”.
E.Mirbəşiroğlu qeyd etdi ki, Avropanın Yaxın Şərqlə bağlı özünün strateji planları var: "Ümumiyyətlə, Avropa Türkiyənin regionda güclənməsini qəbul edə bilmir. Türkiyənin regionda güclənməsini Avropa dövlətləri gələcəkdə özlərinə təhlükə kimi görürlər. Yəni, Avropa ölkələri bunu Yaxın Şərq regionunda maraqlarının məhdudlaşdırılması kimi qəbul edirlər. Eyni zamanda, İranın da Suriya ərazisində özəl maraqları var. Bildiyimiz kimi, son dövrlərə qədər İran-Rusiya-Türkiyə üçlüyü Suriya məsələsinin həllində birgə addım atırdılar və bir əməkdaşlıq sistemi formalaşdıra bilmişdilər. Amma təbii ki, İranın Suriya ilə bağlı özünün ayrıca planları var. Türkiyənin Suriya ərazisində hər hansı bir formada ciddi mövqelərə malik olması İran tərəfindən qəbul olunmur. Məsələnin digər tərəfi də var. Belə ki, İran bir növ Avropa ilə həmrəylik nümayiş etdirməklə özünün hazırkı, yəni sosial-iqtisadi vəziyyətini normallaşdırmağa çalışır. İran Avropa bazarlarında yer tutmaq üçün siyasi dividentlər əldə etmək istəyir. Nəzərə almaq lazımdır ki, ərəb dövlətləri də Türkiyənin bu hərbi əməliyyatına qarşı çıxıb. Bütün bunlar əsasən iki məqama xidmət edir. Birincisi, Türkiyənin regionda tam möhkəmlənməsinə qısqanclıqla yanaşılır. Digəri isə, Qərb qarşısında müəyyən siyasi dividentlər qazanaraq gələcəkdə müəyyən əməkdaşlıq imkanları qazanmaq istəyir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər