Süleymanov millət vəkilləri ilə görüşdü
Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar
İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə görüşləri davam etdirirlər.
Növbəti belə görüş millət vəkilləri ilə keçirilib. Təşkilatın nümayəndələri
Milli Məclisin üzvləri Fazil Mustafa və Aqil Abbasla görüşüblər Bu barədə
məlumatı Kaspi.az-a təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov
bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək
üçün millət vəkilləri ilə bir araya gəliblər:
"Həm Aqil Abbas, həm də Fazil Mustafa futbol azarkeşləri sayılırlar.
Onlar Azərbaycan futbolunun durumuna heç vaxt biganə qalmayıblar. Stadionlara
gəliblər, komandalarımıza dəstək olublar, futbolumuzun problemlərini
qaldırıblar, fikirlərini bildiriblər, müzakirələrə qoşulublar. Bu millət
vəkillərimiz futbolla bağlı müzakirələrdə həmişə fəal olublar”.
Nazim müəllim bildirdi ki, millət vəkilləri ilə müzakirə olduqca
səmərəli alınıb: "Demək olar ki, futbol təsərrüfatı ilə bağlı bütün məsələlər ətrafında fikir
mübadiləmiz oldu. Millət vəkillərinin futbolumuzun problemləri, onların həlli
yolları barədəki fikirlərini dinlədik”.
Nazim Süleymanov qeyd etdi ki, millət vəkilləri Futbol
İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasını da alqışlayıblar:
"Hörmətli millət vəkilləri Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının
yaradılmasının vacib olduğunu
bildirdilər. Onlar bu yöndə bizə
istənilən məsləhət və dəstəyi verməyə hazır olduqlarını da
vurğuladılar”.
Nazim müəllim bildirdi ki, təşkilatın futbol ictimaiyyəti ilə
görüşləri bundan sonra da davam edəcək: "Hələ bir neçə görüş də
planlaşdırmışıq. Bu görüşlərdən sonra isə təşkilatın təsis konfransını
keçirməyi planlaşdırırıq. Fürsətdən istifadə edib Futbol İctimaiyyətinin Azad
Həmkarlar İttifaqının görüşlərini işıqlandıran mətbuat orqanlarına – qəzet və
saytlara təşəkkürümü çatdırıram”.
Qeyd edək ki, Azərbaycan
Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Gəncə, Masallı,
Buzovna, İmişli və Lənkəranda görüşlər
keçiriblər.