Suçiçəyinə qarşı peyvənd edilməlidirmi?

Bu günlərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə açıqlamasında bildirib
ki, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə
edilmir. Onun sözlərinə görə, ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı
peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır: "Bu xəstəliklə bağlı vəziyyət
stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna
aiddir. Çünki biz hələ ki Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq
etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir.
Suçiçəyi ağır keçməyən xəstəlikdir”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, suçiçəyi haqda "ağır xəstəlik deyil” demək bir qədər mübahisəlidir: "Bu xəstəlik hava-damcı vasitəsilə yayılır. Bəzən böyük bir arealı
əhatə edə bilir və xeyli insanın yoluxmasına səbəb olur. Xəstəliyin ağırlaşması
zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara
bilir. Ona görə də bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, suçiçəyindən
sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir
vermədikdə,
dəridə xəstəliyin əlamətləri hətta uzun müddət qala bilir. Suçiçəyinə yoluxmuş
şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan
mütləq qorunmaq lazımdır. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Amma
vaksinasiya məsələsinə gəldikdə, deyə
bilərəm ki, vaksinasiya təbii çiçəyə aiddir. Əvvəllər bu peyvəndlər aparılırdı.
Amma indi təbii çiçəyə qarşı peyvənd olunmur. Ümumdünya Səhiyyə Təşkilatı bunu
sıradan çıxmış infeksiya hesab edir. Təbii çiçək karantin infeksiyasıdır. ÜST-ün reyestrində əsas bəlli xəstəliklər üçün
vaksinasiya nəzərdə tutulur. Amma bunu birmənalı olaraq deyə bilmirik. Çünki
ÜST bu məsələ ilə bağlı ekspertlərlə birgə qərar verir. Peyvənd nəzərdə tutulan
xəstəliklərin siyahısında suçiçəyinin adı yoxdur. Çünki siyahıda adı olan bir
çox xəstəliklər bəzən ölümə gətirib çıxara, ağır fəsadlara səbəb ola bilir. Bu
mənada, hesab edirəm ki,
suçiçəyinə qarşı peyvənd olsaydı, daha yaxşı olardı. Bütün dünya üzrə xəstələnmə sayı, xəstələrin
ağırlaşması və bir çox başqa faktorlar nəzərə alınıb. Amma insanlar daha çox profilaktik
tədbirlərə əhəmiyyət
verməlidir. Mümkün qədər qorunmaq lazımdır. Xəstə olan yerdə qoruyucu
maskalardan istifadə edilməlidir. Xəstəliyə yoluxmuş şəxslə kontaktda olmaq
olmaz. Həmin şəxs mütləq yataq rejimində olmalıdır”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, suçiçəyi dəridə səpkilərin olması
ilə özünü büruzə verir: "Üç gün ərzində xəstənin temperaturu artır. Üç günün
sonunda dəridə səpkilər çıxmağa başlayır. Bədənin müxtəlif yerlərində, qarında,
qollarda, kürəkdə sulu yaralar yaranır. Bəzən uşaqların gözünün içində də bu
yaralardan ola bilir. Xəstəlikdən qorunmaq üçün ilk növbədə insanın immun
sistemi möhkəm olmalıdır. İmmun sistemi möhkəm olduqda, bədənə daxil olan mikrobların
səbəb olduğu xəstəlik ağır həddə
çatmır. Bu zaman həmin şəxs xəstəliyi yüngül şəkildə keçirir. Əgər uşaq
suçiçəyini ağır keçirirsə, deməli,
onun immun sistemi zəifdir. Adətən uşaqlarda temperatur az artır. Amma bəzən də
elə olur ki, xəstənin temperaturu 40 dərəcəni keçir. Xəstə ilk gündən
başlayaraq yataq rejimində olmalıdır. Xəstəliyə yoluxan şəxs kollektiv yerlərdə
olmamalıdır. Çünki 21 gün karantin hesab olunur. Xəstənin yeməyinə, pəhrizinə
mütləq fikir verilməlidir. Yaxşı olar ki, xəstəliyə yoluxan şəxs digər
insanlarla kontaktı minimuma endirsin. Bəzən dəridə çıxan yaralar insana
əziyyət verir, amma onları qopartmaq, zədələmək olmaz. Bunun üçün həkim xüsusi
dərman yazır ki, qaşınmalar çox olmasın. Yaraları qopardıqda, dəridə iz qalma ehtimalı çox böyükdür. Bu viruslar əsasən yaz
aylarında, qışdan yaza keçid edilən dönəmlərdə daha çox aktivləşir. Ona görə də
bu mövsümlərdə xəstəlik adi vaxta nisbətən daha da intensivləşir”.
Şəbnəm Mehdizadə
