Suçiçəyi xəstəliyinin intensivliyi artıb

Səhiyyə Nazirliyi ölkədə əhali, xüsusilə uşaqlar
arasında suçiçəyi xəstəliyinə yoluxma halları ilə bağlı məlumatlara münasibət
bildirib. Trend-in məlumatına görə, nazirliyin Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva ölkədə hazırda
suçiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqləyib. Lakin o bildirib
ki, bu il ümumilikdə ölkədə suçiçəyinə yoluxan insanların sayı azalıb. Mərkəz rəsmisinin
sözlərinə görə, ötən ilin yanvar-mart ayları ərzində respublikada 6628 suçiçəyinə
yoluxma hadisəsi qeydə alınmışdısa, bu ilin 1-ci rübündə belə hadisələrin sayı
5886 olub. Bu isə ötən ilə nisbətən 11,2 faiz azalma deməkdir: "Bu rəqəm
bütün respublika üçün çox deyil. Suçiçəyi Azərbaycanda idarə olunmayan
infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Buna görə də biz yalnız əks-epidemik
tədbirlər vasitəsilə belə halların sayının azalmasına nail olur, xəstəliyin
yayılmasının qarşısını alırıq. Lakin peyvəndlə idarə olunan xəstəliklərin
qarşısını ala bilirik".
A.Əliyeva deyib ki, hazırda suçiçəyi daha çox məktəbyaşlı
uşaqlar arasında müşahidə edilir: "Əsasən, məktəblilər arasında, mütəşəkkil
kollektivlərdə bu xəstəliklərə rast gəlinir. Bağçalarda belə hallara o qədər də
rast gəlinmir. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində yoluxma sayında artım
qeydə alınmır. Xəstəlik tək-tək hallarda qeydə alınır". Onun sözlərinə görə,
suçiçəyinə yoluxma, əsasən, əhalinin sayı çox olan böyük şəhərlərdə, xüsusilə
Bakıda rast gəlinir.
A.Əliyeva bildirib ki, ümumilikdə hava-damcı yolu
ilə yayılan infeksiyalara yoluxma hadisələri, əsasən, payız-qış aylarında
müşahidə edilir: "Amma yay mövsümünə keçən zaman bu xəstəliklərə yoluxma
hadisələrinin sayı azalır".
Bəs görəsən yaz aylarında xəstəlik niyə intensivləşir?
Bunun qarşısını almaq üçün hansısa tədbir görülməlidirmi?
Tibb üzrə
ekspert, professor Adil Qeybulla deyir ki, suçiçəyi infeksion xəstəlik hesab
olunur: "Xəstəliyi keçirən şəxslərdə ona qarşı anadangəlmə immunitet yaranır.
Suçiçəyi yoluxucu xəstəliklər qrupuna daxildir və valisella virusları vasitəsi
ilə yayılır. Bu xəstəliyə yoluxan zaman çalışmaq lazımdır ki, xəstə yataq
rejimində olsun və çoxlu maye qəbul etsin. Xəstələr vaxtında vaksinasiya
edildikdə xəstəlik daha yüngül keçir. Xəstəliyin ən çox keçmə yolu hava-damcıdır.
Xəstəlik zamanı qızdırma müşahidə olunur. Suçiçəyi zamanı yaranan səpkilərin
içində maye olur. Yaxşı olardı ki, həmin səpkilərin üstünə brilliant yaşılı,
quruducu antiseptiklər vurulsun. Xəstəlik zamanı yaranan yaranı qaşımaq məsləhət
görülmür. Sonradan onun izləri və çapıqları dəridə qalır”.
A.Qeybulla deyir ki, xəstəliyin əsas mənbəyi su çiçəyinə
yoluxmuş insandır: "Adətən 6-7 yaş arasında bu xəstəliyə yoluxma ehtimalı daha
çoxdur. Amma istənilən yaşda yoluxma riski var. Əgər xəstə digər təhlükəli xəstəliklərə,
məsələn QİÇS virusuna yoluxubsa, onun suçiçəyinə təkrar yoluxma ehtimalı
istisna edilmir. Yerdə qalan hallarda adətən təkrar yoluxma halları müşahidə
olunmur. Əgər xəstə rejimə düzgün riayət etməzsə, onun səhhətində müxtəlif
ağırlaşmalar ola bilər. Ona görə də vaxtında profilaktik tədbirlərin görülməsi
çox mühümdür. Əgər xəstəliyin qarşısı alınmazsa və biganə yanaşılarsa, xəstə
suçiçəyini ayaqüstə keçirərsə, onda beyin iltihabı və ürək qişasının iltihabı
ola bilər”.
Həkim-pediatr
Kənan Qarayevbizimlə
söhbətində bildirdi ki,suçiçəyini varicella zoster virusları törədir: "Bu
viruslar əsasən yaz aylarında, qışdan yaza keçid edilən dönəmlərdə daha çox aktivləşir.
Ona görə də bu mövsümlərdə xəstəlik adi vaxta nisbətən daha da intensivləşir.
Suçiçəyi əsasən hava-damcı və virusa yoluxmuş şəxslə kontakt vasitəsilə
yayılır. Sağlam insan virusa yoluxmuş şəxslə kontaktda olduqda suçiçəyi
virusları sürətlə yayılır. Kontaktdan 20-23 gün ərzində sağlam insanın da
virusa yoluxma ehtimalı riski var. Xəstə insanın bədənindəki viruslar 7 gün
sonra yoluxduruculuq ehtimalını itirir. Xəstəlik bədənin kürək və üz nahiyələrindən
başlayaraq aşağı nahiyələrə doğru yayılır. Bəzən bunun əksi də ola bilər. Bəzən
valideynlər suçiçəyini digər dəri xəstəlikləri ilə səhv salırlar. Bu zaman
yaxşı olar ki, həkimə müraciət etsinlər. Əgər xəstənin temperaturu yüksək
olarsa, temperatur salıcı dərmanlardan istifadə edilə bilər. Amma yaxşı olardı
ki, ev şəraitində çox müdaxilə edilməsin”.
K.Qarayev bildirdi ki, xəstəlik zamanı bədəndə
yaranan suluqlu elementlər (səpkilər) bir neçə gün sonra yavaş-yavaş qurumağa
başlayır: "7-10 gün sonra köhnə elementlər quruyub qabıqlayır. Xəstənin tam
sağalması və kollektivə buraxılması isə təqribən 21-23 gün çəkir. Sonrakı mərhələdə
bəzən valideynlər antibiotiklərdən istifadə edir və ya aspirin tərkibli dərmanlar
verirlər. Bunun isə sonradan böyük fəsadları ola bilər. Fəsadların qarşısını
almaq üçün xəstə ilk növbədə normal otaq temperaturunda olmalı, vitaminli
qidalar qəbul etməlidir. Çünki suçiçəyinə yoluxan xəstənin immuniteti aşağı
düşür. Uşağın gigiyenasına, əllərini təmiz saxlamasına diqqət yetirməli, otağın
havasını tez-tez dəyişməlidirlər. Bundan sonra xəstədə suçiçəyinə qarşı
immunitet yaranır ki, o bir də bu virusa yoluxmur. Suçiçəyinə qarşı uşaqlara hələ
kiçik yaşlarından peyvənd iynəsi vurulur. Peyvənd edilmədikdə xəstəlik daha
ağır formada keçir. Bəzən uşaqlar peyvənd olunduqdan sonra da xəstəliyə yoluxa
bilirlər. Fərq ondadır ki, peyvənd olunan uşaqlar xəstəliyi daha yüngül formada
keçirir və əlamətlər daha yüngül olur. Peyvənd olmayan uşaqlarda isə daha ağır
fəsadlara gətirib çıxara bilir”.
Şəbnəm
Mehdizadə
