• cümə, 19 Aprel, 17:40
  • Baku Bakı 25°C

Substantiv danışıqlar bərpa olunacaqmı?

04.12.19 17:45 1155
Substantiv danışıqlar bərpa olunacaqmı?
Politoloqların fikrincə, Dağlıq Qarabağ münaqişənin həll ilə bağlı səylərin artırılması gözlənilir

Dağlıq Qarabağa münaqişəsinin həlli ilə bağlı substantiv danışıqların aparılması Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi baxımından nəticəsiz qalır. Nikol Paşinyanın Ermənistan rəhbərliyinə gəlməsi isə rəsmi Yerevanın münaqişənin həlli ilə bağlı mövqeyində dəyişiklik olmadığını bir daha sübut etmiş oldu. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə görüşlər keçirilir. Təbii ki, bu görüşlərin nəticəsiz qalması isə Ermənistanın qeyri-müəyyən mövqeyi ilə bağlı olub.
Bu günlərdə yenidən danışıqların davam etdirilməsi məsələsi gündəmə gəlib. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın XİN rəhbəri Sergey Lavrov ilk olaraq Ermənistana, daha sonra isə Azərbaycana səfər etdi. Lavrov Bakıda olarkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bir sıra fikirlər səsləndirdi. Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, ATƏT-in Nazirlər Şurasının Bratislavada keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.
Onu da qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini Bratislavada ATƏT-in Nazirlər Şurasına təqdim edib. Müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
Bütün bunlara rəğmən qeyd etmək olar ki, hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda durğunluq müşahidə edilir. Bəs görəsən Azərbaycanın istədiyi kimi, yaxın vaxtlarda problemin həlli istiqamətində substantiv danışıqlar bərpa olunacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və ATƏT Minsk qrupu həmsədrləri səylərini artırmaq üçün istəklərinin olduğunu bəyan ediblər: "Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı bildirdi ki, ATƏT-in xarici işlər nazirlərinin toplantısında beşliyin adından, yəni üç həmsədr və Azərbaycanla Ermənistanın qoşulması şərti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanat imzalana bilər. Əgər bu addım atılarsa, çox yaxşı olar. Həmçinin Rusiyanın xarici işlər naziri qeyd etdi ki, tərəfləri razılaşdırmaq mümkün olmasa, üç həmsədr tərəfindən belə bir bəyanat səslənəcək. Yəni, bu özü göstəricidir ki, münaqişənin həll ilə bağlı səylərin artırılması gözlənilir. Ancaq nəticə verəcək- verməyəcək, artıq bu məsələyə nəzəri cavab vermək mümkün deyil və hadisələrin gedişatını gözləməliyik”.
R.Musabəyov qeyd etdi ki, Ermənistan hər zaman sülh danışıqlarını pozan tərəf olub: "Ermənilər ərazi iddialarında əl çəkmək istəmirlər. Azərbaycan isə onların ərazi iddialarını qarşılamaq niyyətində deyil. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbi ilə substantiv danışıqlarının aparılması mümkün olmur”.
Politoloq Əhməd Əlili bildirdi ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov bir müddət əvvəl İrəvana səfər etmişdi: "Orada artıq bir qisim bəyanatlar vermişdir ki, bu da Azərbaycanın maraqlarına sərf etmirdi. Bakıya gəldikdən sonra isə Qarabağa məsələsi ilə bağlı tamam fərqli münasibət nümayiş etdirdi. Düzdür, Lavrov dəfələrlə Putinin adını çəkdi və bununla göstərdi ki, artıq burada özündən çox Rusiya prezidentinin təşəbbüsünü səsləndirir.”.
Ə.Əlilinin sözlərinə görə, Rusiya regionda hər hansı bir formada çaxnaşmanın olmasını arzulamır: "Çünki Cənubi Qafqazda olan hərbi qarışıqlıq çox qısa müddətdə Rusiya ərazisi olan Şimali Qafqaza da təsir edə bilər. Bununla da regionda vəziyyət qısa zaman kəsiyində nəzarətdən çıxar. Ona görə də Rusiya qəti formada hər hansı hərbi aktivliyi arzulamadığını vurğulayır. Amma bununla yanaşı, Azərbaycanın maraqlarına cavab verən bir sıra addımlar atıldı və Lavrov bununla bağlı bəyanatlar verdi. Bu da indiki şəraitdə çox müsbət qarşılanmalıdır. Lavrov birinci olaraq qeyd etdi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ünsiyyətdə olmalıdırlar. Çünki gələcəkdə bir yerdə yaşamaları müəyyən olunacaqsa, bu baxımdan icmaların ünsiyyətdə olması vacibdir. Ermənistan tərəfi uzun müddət bu formatdan qaçıb. Onlar Dağlıq Qarabağ ermənilərini xüsusi statuslu bir tərəf kimi qəbul ediblər. Əlbəttə, Lavrovun bəyanatlarından belə aydın oldu ki, Dağlıq Qarabağın erməni icması statusun müəyyənləşdirilməsində heç vaxt tək iştirak edə bilməz və burada azərbaycanlı icmanın iştirakı da vacibdir. Bu isə Dağlıq Qarabağ ermənilərinin uzun müddət qaçdığı və Yerevanın razılıq vermədiyi yanaşmadır. Rusiya göstərdi ki, hərbi fəaliyyətləri bloklamaq niyyətində olsa da, sülhyaratma ilə bağlı addımlarda üstünlüyünü ələ almağa çalışır. Kreml istəyir ki, bu istiqamətdə müəyyən konkret addımlar atılsın”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər