• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

“Şüarçılıqdansa intellektual fikir mübarizəsini üstün tuturuq”

18.10.14 12:31 1235
“Şüarçılıqdansa intellektual fikir mübarizəsini üstün tuturuq”
Müsavatın 27 sentyabr qurultayından sonra partiyada gərginlik pik həddə çatıb. Artıq Gənclər Təşkilatının rəhbəri Əhliman Abbas, bir neçə gənc partiya üzvü, Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirlinin başçılığı ilə bütün təşkilat üzvləri, eləcə də Tofiq Hüseynov öz istefalarını mətbuat vasitəsilə ictimailəşdiriblər. Srağagün isə Arif Hacılının başqan seçilməsinə etiraz edən partiyanın iki tanınmış funksioneri Səxavət Əlisoy və Adil Qeybulla Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) adlı yeni təşkilat yaratdıqlarını bəyan ediblər.
Yeni mərkəzin yaranma zərurəti ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Səxavət Əlisoy uzun illər siyasətdə olduğunu diqqətə çatdırıb. O, hələ qurultaydan öncə Müsavatın yenilənməsi ideyasını ortaya atdığını xatırladaraq, təkcə bu partiyanın deyil, ümumilikdə müxalifətin yenilənməsinə ehtiyac duyulduğunu bildirib. Qeyd edib ki, müxalifətin strategiyası dəyişməlidir. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizinin düşmən işğalında olduğu, xarici dövlətlərin ölkəmizə təsir və təzyiq göstərmək istədiyi bir zamanda daxildə həmrəylik nümayiş etdirməyimiz, qarşılıqlı dialoqa getməyimiz vacib şərtdir: “Daxilimizdə həmrəyliyin baş tutmaması dövlətçiliyimiz üçün başlıca təhdidlərdəndir. Bu, müsbət tendensiya sayıla bilməz. Siyasi mübarizənin də özünün “qırmızı xətti”, sərhədi var. Hər kəs öz gücünə adekvat şəkildə, yalnız hüquqi yolla siyasi mübarizə aparmalıdır. Lap tutaq ki, hansısa müxalifət partiyasının milyondan çox üzvü var. Hətta bu da ona əsas vermir ki, həmin partiya siyasi mübarizədə radikal, populist metodlara əl atsın. Yaxud da hansısa əcnəbi ölkədə inqilabi proses baş verirsə, mütləq onu burada təqlid etsin, təkrarlasın. Biz küçələrə axışmaqdansa dəyirmi masaları, şüarçılıqdansa intellektual fikir mübarizəsini üstün tuturuq. Qazanan dövlətçilik olsun deyə, iqtidar-müxalifət münasibətləri baxımından Azərbaycanda indiki Türkiyə modelini tətbiq etmək gərəkdir. Bu gün müxalifətlə iqtidar yalnız Dağlıq Qarabağ probleminə görə bir araya gəlməməlidir, ölkəmiz, dövlətçilik üçün bir çox önəmli məsələlərdə bir yerdə olmalıyıq. Ali məqsəd iqtidara gəlmək deyil, dövlətçiliyi daha da gücləndirmək olmalıdır. Bunun üçün isə ən optimal variantlardan biri siyasi dialoq və islahatların ortaya qoyulmasıdır. Məhz bu kimi səbəblərdən Siyasi Dialoq və İslahatlar Mərkəzini yaratmaq qərarına gəldik”.
Müsavatdan olan istefalara fikir bildirən S.Əlisoy yeni başqan Arif Hacılının bu istefalara münasibətinə diqqət çəkib. Deyib ki, A.Hacılı partiyadan istefa verən gəncləri Rəsulzadə-Elçibəy yoluna, müsavatçılığa xəyanət etməkdə günahkar bilir. S.Əlisoy bunun yanlış mövqe olduğunu, hazırda Müsavatdan istefa verənlərin partiyaya xəyanət etmədiklərini vurğulayıb: “İstefa verənlər saxtakarlığa, riyakarlığa, qeyri-şəffaflığa, qeyri-demokratik mühitə, mənəm-mənəmliyə, təkəbbürə, yekəxanalığa etiraz ediblər. Qurultaydan sonra partiyadan istefa verənlər bir qədər əvvəl sadaladığım xarakterə malik insanlarla bir arada olmaq istəmirlər. Onlarla şəxsən mənim söhbətim olub. Həmin gənclər dövlətçiliyə, demokratik düzənə olduqca bağlı insanlardır. Onlar üçün hay-küyçülük, şüarçılıq, radikallıq, icazəsi küçə yürüşləri qəbul edilən deyil. Bu gənclər belə mübarizə üsulunu məqbul hesab etmirlər. Çox təəssüf ki, qarşı tərəf bunu anlamaq istəmir və belə məsələlər getdikcə daha da dərinləşməkdədir. Arif Hacılı bir yandan deyir ki, qapalı qruplarda tərəflər arasındakı mübarizə dayandırılsın, digər tərəfdən də partiyadan istefa verənləri xəyanətkar adlandırır. Bununla o, hadisələri sakitləşdirmək əvəzinə, siyasi katalizator rolunu oynayır, prosesləri qızışdırır. Partiyada birləşdirici funksiya yerinə yetirən zat belə bəyanatlar verməməlidir. Bu, onun zehniyyətindən, populist düşüncəsindən irəli gəlir. Müsavatdakı gərginlik də məhz Arif Hacılı dəstəsinin üzvləri tərəfindən günü-gündən dərinləşdirilir”.
Müsavat funksioneri Adil Qeybulla isə SDİM-in yaradılması ideyasının 2010-cu ildən gündəmdə olduğunu bildirib. Deyib ki, işlərin çoxluğu, ictimai-siyasi proseslər mərkəzin yaradılmasını bir qədər gecikdirib. O, Müsavatdan istefalara da münasibət açıqlayıb: “Siyasi dialoq zərurəti cəmiyyətdə hər zaman var. Bunun aktuallığı getdikcə daha da artır. Azərbaycanda barış mühitinin yaradılması hər zaman gündəmdədir. Sadəcə bu, müxtəlif obyektiv və subyektiv səbəblərdən baş tutmur. Siyasi dialoqun yaranması üçün ictimai şərait də yetişməlidir. Bu QHT-nin Müsavat qurultayından sonra yaradılması isə sırf təsadüfidir. Qurultaya gəlincə, seçki prosesi şəffaf keçsə də əsas iradlar seçkidən öncəyə təsadüf edir. Qurultay zamanı müşahidə edilən bəzi məsələlər də var ki, onları diqqətə alan adamlar öz iradlarını çatdırıblar. Hesab edirəm ki, bütün bu məsələləri hansısa formada çözmək mümkündür. Diskussiya yaradıb, müzakirələr aparıb məsələni yoluna qoymaq olar. Təəssüflər olsun ki, bu, indi qarşıdurma predmetinə çevrilib. Bunun da yaxşı nəticələr verməyəcəyi indidən bəllidir. Əgər rəhbərliyin qətiyyətli tədbirləri olsaydı, bu istefaların qarşısını zamanında almaq olardı”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər