• cümə axşamı, 25 aprel, 07:38
  • Baku Bakı 14°C

Su, külək və alov

21.06.20 15:30 1826
Su, külək və alov
Qədim zamanlarda Yer kürəsində hamının rahatlığını təmin etmək üçün öz işləri ilə məşğul olan Su, Külək və Alov yaşayırmış. Günlərin bir günü onların arasında dava düşür. Hər şey lovğa Küləyin Su və Alovu qıcıqlandıracaq: "Mən olduqca qiymətliyəm. İnsanlar üçün mənim varlığım sizinkindən daha vacibdir. Yer kürəsindəki ən lazımlı ünsür mənəm” sözləri ilə başlayır.
Təbii ki, nə Su, nə də ki Alov onun bu iddialı sözləri ilə razılaşmırlar:
– Xeyr, qətiyyən belə deyil!
Lakin Külək nəhayətsiz gücünü sayaraq lovğalanmamağa davam edir:
– Niyə də yox? Mənim insanlara sizdən daha çox köməyim dəyir. Ən güclü yağışlardan sonra mən bir dəfə titrəməklə hər yeri quruduram. Mən toxumların daha geniş yerlərə səpilməsinə, tozlanmaya, əkinlərin daha məhsuldar olmasına kömək edirəm. Uşaqların çərpələnglərini uçurduram. Göy üzünün buludlarını daşıyır, suya ehtiyacı olan yerlərə aparıram. Kəpənəklərin, arıların hərəkətinə kömək edirəm. Böyük Yaradan mənə insanlar üçün xeyirli işlər görməyə güc verib. Məhz buna görə də bu dediklərim heç də quruca iddia deyil.
Külək sözünü bitirən kimi suyun və alovun üzünə acıqla hava üfürdü.
Onun bu lovğalığı alovu hiddətləndirdi:
– Deməli, belə! Mən isə Günəşin göydəki istiliyini insanlara çatdırıram, onların qaranlıq gecələrini işıqlandırıram. İnsanlar mənim köməyimlə, yemək bişirir, isinir, gili saxsıya çevirir, vəhşi heyvanlardan qorunurlar. Ən əsası da odur ki, insanların daha çox işinə yaradığım üçün mənə hər ikinizdən Yaradan daha böyük qüdrət verib. Dünyanın ən vacib ünsürü özüməm.
Alov da öz gücünü göstərmək üçün qürrələndi, səmaya yüksələn alovlar, az qala, suyu qurudur, küləyi öləzidirdi.
O sakitləşən kimi Su düşündü ki, hər iki lovğanın – küləyin və alovun cavabını verməlidir:
– Siz cəfəngiyat danışırsınız. Özünüz də bilirsiniz ki, mən hər ikinizdən vacib ünsürəm. Mən Yer üzündəki milyonlarla növ canlının vətəniyəm, mən olmasam, balıqlar, bitkilər, balinalar, suda və quruda yaşayanlar məhv olar. Onların mənə daha çox ehtiyacı var. Hətta mənə ehtiyacı olanların adlarını sayıb qurtara bilmərəm. İnsanlar su içmədən yaşaya bilər? Uşaqlar qızmar yayda suda çimməsələr, dincələ bilərlər? Ən əsası da odur ki, bütün bunları nəzərə alan Yaradan mənə daha çox yer və idarəçilik verib. Təmizlik, sağlamlıq – hər şey məndən başlayır. Əmin olun ki, dünyanın ən böyük və ən gözəl ünsürü mənəm.
Külək daha da hiddətləndi:
– Siz nə cürətlə belə sözlər danışırsınız. Bütün quşları, həşəratları, buludları hər yana mən daşıyıram. Mən hamınızdan qüdrətliyəm – deyib ovurdlarını şişirtdikcə şişirtdi, dəli kimi əsməyə, qarşısındakı hər şeyi silib-süpürməyə başladı. Alov qalxdıqca qalxdı, hətta torpağı da külə döndərdi. Sular qaynadı, evlər, tarlalar su altında qaldı.
Yer kürəsi onları sakitləşdirə bilmirdi. Əlasız qalan yer kürəsi baş verənləri diqqətlə müşahidə edir, onların nə zaman yorulacaqlarını gözləyirdi. Hər şey bir-birinə qarışmışdı. Yer kürəsi bu mübarizənin bitməyəcəyini görüb, Böyük Yaradana xəbər göndərdi. Uşaqların, insanların ağlaşma səslərini eşidən, heyvanların və bitkilərin halını görən Yaradan hiddətləndi:
– Dayanın! – deyə əmr etdi.
Hər üç lovğa sakitləşdi. Sakitləşdikdən sonra onlar tanınmaz hala saldıqları Yer kürəsinə baxdılar. Bu gördükləri işlər utancverici idi. Çünki nə olursa olsun, onlar həmişə canlıların xoşbəxtliyi və rahatlığı üçün çalışırdılar.
– Biz çox mənasız iş görmüşük – Alov dilləndi.
– Bəli, razıyam – Su başını qaldırmadan təsdiqlədi.
– Gör, biz nə etdik. Dünyanı nə hala saldıq – Külək titrək səslə əlavə etdi – dərhal səhvimizi düzəltməli, Yer kürəsini əvvəlki vəziyyətinə qaytarmalıyıq. Su yanan zəmiləri, evləri söndürdü, Külək daşqın altında qalmış yerləri qurutdu, Alov Küləyin xarabaya çevirdiyi məkanları yandırdı.
– Bizim müharibəmizə ehtiyac yoxdu. İnsanların hamısının bizim hər üçümüzə ehtiyacı var. Biz heç birimiz digərimizin yerini tuta bilmərik. Yaradan bizi tamamilə fərqli xidmətlər məqsədilə yaradıb. Əslində, biz hamımız bir-birimizdən asılıyıq, birimizin digərimizə ehtiyacı var – Alov yorğun səslə dedi.
– Bizə verilən güclərdən düzgün istifadə etsək, Yer kürəsi daha firavan olar – Külək razılıqla dilləndi.
– Su gücünü daşqınlar, Alov gücünü yanğınlar və Külək gücünü fırtınalarla göstərmək iddiasına düşməsə, Yer kürəsi hamımız üçün xoşbəxtlik məbədi olacaq. Hamı öz xeyirxah əməlləri ilə xeyir verməli, səhvlərini başqalarından ibrət alaraq düzəltməlidir. Çünki bu dünyada heç kim tək halda tam deyil – Su əvvəlki həlimliyi ilə əlavə etdi.
Linda Hestinq
Tərcümə edən: Fərid HÜSEYN

banner

Oxşar Xəbərlər