• cümə, 29 Mart, 13:10
  • Baku Bakı 14°C

Su fəlakətinə aparan Çin davranışı

01.06.19 13:30 3266
Su fəlakətinə aparan Çin davranışı
Əgər ölkənin bir milyarddan da artıq əhalisi varsa, deməli, onun ərzaqla yanaşı, həm də içməli su ilə təmin olunması strateji əhəmiyyət kəsb edir. Amma bir şərtlə: təmiz suya ehtiyacı olan digər milyonlarla insanın da tələbatı nəzərə alınsın.
Ötən əsrin 90-cı illərində dünyanın bir əsrarəngiz bölgəsində insanlar ekoloqlara qoşularaq yüz, hətta min kilometrlərlə məsafəni dəf edib Aral gölünə doğru istiqamətlənirdilər. Lakin orda gördükləri onları dəhşətə gətirirdi. Vaxtı ilə ürək açan və göz oxşayan su hövzəsinin yerində qumsal səhra hökm sürürdü.
Fəlakəti öz gözləri ilə görənlərin qənaəti isə bu idi – bu, ölümün bariz ifadəsidir. İndi isə vəziyyət bir qədər yaxşılığa doğru dəyişib. Hətta həmin yerlərdən ümidverici illüstrasiyalar da paylaşılır. Lakin unutmaq olmaz ki, həmin ekoloji böhranın yaşandığı dövrdə bu yerlərdə təbii fəlakət baş vermişdi.
Əgər bu gün narahatlıq doğuran məsələlər olmasaydı, bəlkə də sözügedən məqamları yada salmağa dəyməzdi. Lakin susuzluq təhlükəsi yenə də bir neçə Avrasiya məmləkətini ciddi şəkildə hədələyir. Əgər Çin sudan istifadə prosesində eqoistlik nümayiş etdirməsə, yəqin ki, heç bir təhlükə də olmazdı.
Bu ölkə özünün çoxsaylı əhalisi ilə ağlasığmaz miqyasda su istehlak edir. Söhbət dünya ehtiyatlarının 30%-ə qədər olan həcmindən gedir. Hələ bu azmış kimi, çinlilər daha böyük paya da iddia edirlər. Çünki paylarına düşən resurs onlara azlıq edir. Nəticədə isə Mərkəzi və Orta Asiya dövlətləri əziyyət çəkirlər.
Ekoloqların fikrincə, hazırda prosesi kritik məcraya sürükləyən Çində irriqasiya sistemlərinin səmərəsiz fəaliyyət göstərməsidir. Eyni zamanda, bu ölkədə sənayenin həyəcan doğuran templə inkişafı və nəzarətdən kənar olan əkin sahələrinin genişlənməsi də vəziyyəti gərginləşdirir.
Məsələn, peyklərdən alınan fotoşəkillərdə artıq Braxmaputra çayının qolları sezilmir. Bununla yanaşı, Mərkəzi Asiyada vacib su mənbələri kimi tanınan İli və İrtış çayları da sanki qurumuş kimi görünürlər. Yada salmaq yerinə düşər ki, əsrin əvvəllərində aparılmış tədqiqatların nəticələrinə görə, İli çayının payına düşən digər mənbələrdəki axın 30 il ərzində 40%-a qədər azalmalı idi. İrtış çayında suyun səviyyəsi isə 43%-ə qədər enməli idi.
Görünür, regionun iri su mənbələri kimi tanınan Balqaş və Zeysan göllərini də Aral gölünün acı aqibəti gözləyir. Çünki onlara müxtəlif məcralardan gələn axın tükənməkdə davam edir.
Artıq Rusiya Federasiyasının şərq bölgələrində də su təminatı ilə bağlı vəziyyətin gərginləşməsi xüsusi həyəcan doğurur. Səbəb isə Çinin yanlış hidrotexniki siyasəti nəticəsində, bərpa oluna biləcək su mənbələrinin tarixi məcralarla proqnozlaşdırılmış həcminin azalmasıdır. Nəticədə, çay gəmiçiliyi üçün yararlı hövzələrdə su çatışmazlığı özünü ciddi şəkildə büruzə verir, balıqçılıq tənəzzülə uğrayır və bir çox ərazilərdə səhralaşma prosesi getdikcə genişlənir.
Vəziyyət həm də ona görə pisləşir ki, transsərhəd bölgələrdə Çin tərəfindən daxil olan su ehtiyatlarının tərkibi neft məsulları və kənd təsərrüfatı tullantıları ilə çirklənir. Bu da ekoloji vəziyyəti durmadan korlayır.
Sibir Federal Universitetinin son tədqiqatlarına həsr edilmiş aktual məqalədə qeyd edilir ki, İrtış çayına olan təbii axın təhlükəli dərəcədə azalıb. Bununla bağlı Omsk, Kurqan və Tümen vilayətlərinin çay gəmiçiliyi və su təminatı ilə bağlı ehtiyacları kəskin dərəcədə artıb. Bu azmış kimi, suyun çirklənməsi nəhəng sayılan Ob çayının su ehtiyatı ilə təmin olunmasını da ciddi tərzdə zəiflədib.
Çinin Amur çayı üzərində su elektrik stansiyaları salması və müəyyən su ehtiyatlarını ölkənin daxili rayonlarına təsərrüfat işləri üçün yönəltməsi elə vəziyyət yaradıb ki, vaxtı ilə nəhəng hesab edilən çayın səviyyəsi dəhşətli dərəcədə aşağı enib. Nəticədə, hətta bir çox yerlərdə insanlar su məcrasını üzərək yox, piyada da keçib gedə bilirlər.
Hazırda problem həm də ondadır ki, Çin bu məsələlərin çözülməsi üçün danışıqlardan yayınır. Dəfələrlə bu aktual dilemmalar müxtəlif çaplı beynəlxalq forum və konfranslarda gündəliklərə çıxarılsa da, çinlilər ya mövcud vəziyyətə məhəl qoymur, ya da müzakirələrdən yayınırlar.
İndiyə qədər bəzi vacib beynəlxalq əhəmiyyətli sənədlər nə imzalanıb, nə də ratifikasiya edilib. Bunların sırasında vacib olan qeyri-gəmiçilik məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan su hövzələri ilə bağlı Konvensiyalar, mühafizə olunması və istifadəsi ilə bağlı xüsusi rejimin tətbiqini tənzimləyən sənədlər, beynəlxalq statusa malik göllərin istifadəsi və s. kimi sənədlər var. Bu sənədlərin aqibətinin qeyri-müəyyənliyi çinlilərin sərbəst olması və özbaşınalığı üçün imkanlar açır. Onlar isə su ehtiyatlarından son dərəcə səmərəsiz istifadə edirlər.
Əlbəttə, belə şəraitdə Çin istədiyi şəkildə davranacaq və qonşularının tələbatını nəzərə almadan israfçılığa yol verməyə davam edəcək. Ekoloji fəlakət ehtimalı isə gündən günə artmaqdadır.
Tofiq ABBASOV


banner

Oxşar Xəbərlər