• cümə axşamı, 21 noyabr, 23:35
  • Baku Bakı 14°C

Strateji müttəfiq, yoxsa əbədi düşmən?

18.09.21 09:30 833
Strateji müttəfiq, yoxsa əbədi düşmən?
Paşinyan Tbilisi səfəri zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin qəbri önünə əklil qoydu. Görəsən, Paşinyan həmin insanların qanının tökülməsində soydaşlarının da əlinin olduğunu bilirmi?
Ermənistanın baş naziri Nikol Paşinyan strateji müttəfiq adlandırdığı Gürcüstana ötən həftə qəfil səfər etdi. Hökumətin iclasında Türkiyə ilə münasibətlərin bərpa edilə biləcəyini elan etməsinin ardınca hamının təəccübünə səbəb olaraq Tbilisiyə yollandı. Yenə də protokol xətrinə Tbilisini strateji müttəfiq və dost ölkə adlandırıb, iki ölkənin qonşu olmaqla yanaşı, tarixi dostluq münasibətlərinə malik olduğunu bəyan edib. Lakin əslində hər iki tərəf də bilir ki, mövcud durum necədir. Bəllidir ki, Cənubi Qafqazın bu iki dövləti arasında problem 1918-ci ildən bəri mövcuddur. Ermənistan həmişə Gürcüstan dövlətinə və xalqına qarşı satqınlıq edib və bunu yaxın tarix də sübut edir. Gürcü ekspertlərin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq səviyyədə hər zaman Gürcüstana qarşı mövqe sərgiləyib.
O gürcülərin qatili ermənilərdir
Səfərdə ən yadda qalan hal Paşinyanın Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan şəxslərin qəbri önünə əklil qoymasıdır. Görəsən, Paşinyan həmin insanların qanının tökülməsində soydaşlarının da əli olduğunu bilirmi? Əlbəttə, bilir. Gürcülər də bilir. Onlara qarşı amansızlığı ilə seçilən erməni hərbçilərini yaddan çıxartmayıblar. Onların qəddarlığı və vəhşiliyi barədə xeyli faktlar və sübutlar ortadadır. İndi də Paşinyan həmin abidənin önündə əklil qoyur, soydaşlarına görə utanc hissi belə keçirmir.
Ermənistan ümid edirdi ki...
Nəzərəçarpacaq hal həm də odur ki, Nikol Paşinyanın idarəçiliyi dövründə iki ölkə arasında münasibətlərdə problemsiz günlər 44 günlük müharibəyə qədər çəkdi. O zaman erməni hakimiyyəti ümid edirdi ki, Gürcüstan müharibədə bitərəf qalacaq, ermənilərin sıx yaşadığı yerlərdən Ermənistana yardım aparılmasına göz yumacaq. Lakin belə olmadı. Ermənistan hakimiyyəti ümid edirdi ki, rəsmi Tbilisi Cavahetiyanın ermənilər yaşayan bölgəsinin əhalisinin ayağa qalxacağından ehtiyat edəcək. Lakin gürcülər erməni təxribatına uymadı. Gürcüstanın erməni sakinləri iddia edirdilər ki, guya, cəbhədə döyüşən soydaşlarına isti paltar, ərzaq və zəruri vasitələr göndərmək istəyirlər. Lakin əldə olunan məlumata görə, bu "yardım” silah və sursatdan ibarət olub. Həmin yük maşınlarının da qarşısı gürcü sərhədçiləri tərəfindən kəsildi.
Gürcülər unutqan deyil
Erməni tərəfi o zaman rəsmi Tbilisini Türkiyə aviasiyasına şərait yaratmaqda da ittiham etdi. Lakin gürcü tərəfi də unutqan deyil. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı ermənilərin tutduğu mövqe onların yaddaşından silinməyib. Bəllidir ki, o zaman gürcülərin yanında duran, onlara dəstək verən tək-tük ölkələr arasında Azərbaycan vardı. Təzyiq və hədələrə baxmayaraq, qonşusuna hərtərəfli yardım göstərməkdə davam etdi. Erməni tərəfi də bütün bunları nəzərə alaraq 44 günlük müharibə zamanı rəsmi səviyyədə gürcülərə hər hansı bir etiraz etmədi, hər halda, bunu görmədik. Çox güman ki, belə bir etiraz da olmadı. Nikol Paşinyan çox gözəl anlayır ki, Gürcüstan onu ətraf aləmlə bağlayan yeganə xətdir. Tbilisi ilə münasibətlərin pisləşməsi onun maraqlarına uyğun deyil. Bunun əksinə olaraq sosial şəbəkələrdə əsl informasiya müharibəsi getdi. Qarşılıqlı ittihamlar ən kritik həddə çatdı. Gürcülər açıq şəkildə ermənilərin avqust müharibəsi zamanı tutduqları mövqeni xatırlatdılar.
Hələ uzun müddət Gürcüstandan asılılığını saxlayacaq
Gürcü ekspert dairələrində Nikol Paşinyanın Tbilisi səfəri diqqətdən kənarda qalmayıb. Beynəlxalq münasibətlər üzrə ekspert, GİPA universitetinin professoru Tornike Şaraşenidze hesab edir ki, Nikolun səfəri bir daha sübut etdi ki, müharibədə acı məğlubiyyətə düçar olan Ermənistan hələ də ağır vəziyyətdədir və ona qonşuları ilə münasibətləri yaxşılaşdırmaq hava-su kimi gərəkdir. Ekspert xatırladır ki, müharibədən sonra praktiki olaraq təntənə ilə elan olundu ki, Rusiya ilə Ermənistanı, eləcə də Ermənistanı Türkiyə və Azərbaycanla birləşdirəcək yeni nəqliyyat dəhlizləri açılacaq: "Lakin onun qənaətincə, hələ ki, bu planlar xüsusi perspektivə malik deyil. Bundan əlavə, müharibədən sonra sərhəd xəttində vəziyyət gərgin olaraq qalır, tez-tez atəş səsləri eşidilir. Belə bir durumda nəinki dəhlizlərin açılmasından, hətta ikitərəfli normallaşmadan danışmaq tezdir. Buradan da bu qənaətə gəlmək olar ki, Ermənistan hələ uzun müddət Gürcüstandan asılılığını saxlayacaq və bu asılılıq tək nəqliyyat-tranzit məsələlərini əhatə etməyəcək”.
"Əgər ermənilər özlərini "ağıllı” aparmasalar...”
Ekspert qeyd edib ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistan Rusiyadan daha da asılı vəziyyətə düşüb: "Əgər ermənilər özlərini müəyyən mənada "ağıllı” aparmasalar, Azərbaycan başlatdığı işi sona çatdıracaq. Belə vəziyyətdə, hətta Qərbdə hörmət olunan Paşinyan üçün yeganə çıxış yolu öz ərazisində Rusiyanın yeni bir bazasını açmaq olacaq. Moskvadan belə bir asılılıq erməniləri elə də qane etmir. Bu, məcburi bir gedişdir. Yerevan vaxtilə Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamaq üçün çox səy göstərdi. Lakin kritik anda Rusiya rəsmi Yerevana qəti addım atmağa imkan vermədi. Belə bir vəziyyətdə ermənilərin yeganə ümid yeri yenə də Gürcüstan olur. Ermənilər onu Qərbə çıxış yolu kimi görür. Aydındır ki, Yerevan erməni diasporunun köməyi ilə Qərblə birbaşa əlaqələrə malikdir. Lakin coğrafi nöqteyi-nəzərindən Qərb uzaqdadır və regionda daha çox Gürcüstan ilə təmsil olunur”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər