• cümə, 29 Mart, 18:51
  • Baku Bakı 14°C

Stomatologiyanın tədrisində yenilik tətbiq olundu

21.11.18 16:14 654
Stomatologiyanın tədrisində yenilik tətbiq olundu
Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında tədris proqramında maraqlı yenilik tətbiq olunur. Bu haqda məlumat verən kafedra müdiri, professor Nazim Pənahov bildirir ki, yeni tədris proqramı universitetin rektorunun göstərişinə əsasən hazırlanıb.
"Kafedramız tərəfindən 8 semestr ərzində ortopedik stomatologiya fənni tədris olunur. Burada bütün dünyada qəbul olunmuş bir sistem - dişin morfologiyasının hazırlanması ilə məşğul oluruq. Bu zaman hər hansı bir materialdan, məsələn, sabundan, şamdan, gipsdən 32 dişin hər birinin forması yonulur. Biz də artıq bu metoddan tətbiq edirik”.
N.Pənahovun sözlərinə görə, 2-3 qrup birlikdə 90 dəqiqə ərzində dişin formasını yonurlar: "Hər dərsdə tələbələrə konkret bir dişin formasının yonulması tapşırığı verilir. Tələbələr əvvəlcə diş formasını sabundan əllə düzəldirlər. Bu üsulu yüksək səviyyədə mənimsəyən tələbə artıq yuxarı kurslarda sərbəst şəkildə ağızda estetik formaları işləyəcək”.
Kafedra müdiri bildirir ki, tələbələr yeni tədris metodunu böyük maraqla qarşılayıblar. Onlar həvəslə verilən tapşırığı qaydalara uyğun şəkildə yerinə yetirməyə çalışırlar.
Artıq ATU-nun tədris şöbəsinin müdiri Samir Cavadov da bu dərslərdə iştirak edib, proqrama salınan dəyişikliyin praktikada tətbiqi ilə yaxından tanış olub. Gələcəkdə kafedra daxilində tələbələrin ən yaxşı əl işlərindən ibarət kiçik muzeyin yaradılmasını da təklif edib.

banner

Oxşar Xəbərlər