• cümə, 19 Aprel, 09:50
  • Baku Bakı 13°C

Stereotipləri qıran adam - Portret

17.11.14 12:05 1646
Stereotipləri qıran adam - Portret
Hər ilin yayında telekanalların idman xəbərlərinin əsas mövzularından biri də velosiped idmanı olur. Yüzlərlə velosipedçi “dəmir at”larının belində Fransanı dövrə vurur, dünya idman ictimaiyyətinin diqqətini özünə cəlb edir. Yəqin ki, söhbətin məşhur - yüz ildən çox tarixi olan “Tur de Frans” veloyürüşündən getdiyini anladınız. Bu mötəbər yarışda planetin bütün nöqtələrindən idmançılar iştirak etsə də, indiyə qədər heç bir velosipedçi orda Azərbaycanı təmsil etməyib. Ancaq deyəsən, yaxın illərdə bu xoşagəlməz ənənə pozulacaq. Gənc, enerjili, çalışqan bir velosipedçi, “Synergy Baku” Klubunun üzvü – Tural İskəndərovun sayəsində.
Velosiped üçün fəhləlik etmək
12 yanvar 1992-ci ildə Sumqayıtda adi zəhmətkeş ailəsində anadan olan Turalın veloidmana gəlişi çox böyük vaxt aparıb. Valideynləri onu əvvəlcə karateyə yazdırıb, sonra isə hərbi məktəbə oxumağa göndəriblər. İskəndərov Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirsə də, zabit olmaq istəyindən vaz keçib. Uşaq vaxtı televizorda sükanı əyri olan velosipedlərin arzusu ilə yaşayan gənc, bir dəfə bu xəyalının arxasınca getməyi qərara alır. Ailəsi kasıb olduğundan özünə velosiped almaq üçün tikintidə işə düzələrək fəhləlik etməyə başlayır. İşləsə də, maaşını ala bilmir, aldadılır. Onun böyük istəyini nəzərə alan valideynləri çətinliklə pul toplayıb, Turalın arzusunu yerinə yetirirlər. “Dəmir at”ını əvvəlcə Bakıya, sonra Xızıya qədər sürən və heç bir çətinlik çəkməyən gənc, doğma Yardımlıya getmək qərarına gəlir. Salyana qədər 15 saat dayanmadan velosiped sürən gələcəyin idmançısı, oradan hədəfə təxminən bir o qədər vaxt sərf edir. Yolda yıxılır, “dəmir at”ı əzilir, başına çox problemlər gəlir. Ancaq Tural istəyindən dönmür və böyük çətinliklə Yardımlıya çatır. Oradan da eyni marşrutla Sumqayıta. İlk sınağından uğurla çıxır. Ancaq həvəs böyük olsa da, maddi sıxıntılar ona istəyinə çatmağa imkan vermirdi. Masallıya elektrik kimi çalışmağa yollanan İskəndərova bir müddət sonra dostundan zəng gəlir: “Elan gördüm. Yazmışdılar ki, istəyən hər kəs gəlib velosiped idmanı ilə məşğul ola bilər. Bu, sənin şansındır, onu qaçırma”. Bu, taleyin ismarıcı idi. Tural gecikmədən evə qayıdır.
Medalsız qalmağın sevinci
“20 yanvar” metro stansiyasının yaxınlığındakı velotrekə gələn İskəndərov mühitə tez uyğunlaşır. Məşqlər, çalışmalar... 18 yaşlı idmançı bir də özünü İranda keçiriləcək veloyürüşə dəvət alanda tapır. Bu yarışda həvəskar olmağına baxmayaraq finiş xəttini keçə bilir. Həmin vaxt bu, onun üçün böyük uğur idi. Maraqlıdır ki, az qala sonuncu gəlsə də, əllərini qaldırıb bunu qeyd etməsi böyük təəccüb doğurub. “Sən ki medal qazanmadın, qələbəsiz qaldın. Niyə sevinirsən” sualına “bu, mənim ilk beynəlxalq yarışımdır, finişə çatmağım da mənim üçün zəfərdir” deməsi diqqətdən qaçmır, hörmətlə qarşılanır. Ardınca Türkiyədə yarış, ardınca başqa ölkələrdə...
Uğurları çoxdur
Sonra Almaniyadan bir klub seçim üçün velosipedçiləri izləməyə başlayır. Bu sınaqda gözə çarpan yürüş nümayiş etdirən Tural müqavilə bağlayaraq Münhenə yollanır. Orada yetərincə böyük təcrübə qazanan, bir çox yarışlarda qüvvəsini sınayan, püxtələşən İskəndərov artıq peşəkar veloyürüşçü idi. Qarşısında əsas məqsəd “Qafqaz turu” – mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tur D Azərbaycan” olan velosipedçi, ilk cəhdindəcə istəyinə çatır. O vaxtlar yaşı 23-ə qədər olan gənclər arasında keçirilən bu yarışda uğurla çıxış edərək birinci mərhələni bürünc medalla başa vurur. Ailəsinin gözü qabağında bu qələbəni qazanması ona böyük sevinc bəxş edir. Hətta bu haqda danışanda hisslərini hələ də cilovlaya, göz yaşlarını saxlaya bilmir.
Bu günə qədər onun aktivində Qəbələ şəhərində keçirilən Azərbaycan Çempionatında fərdi ötüşmədə qızıl və qrup yarışında gümüş medal, 2012-ci ilin mayında Türkiyədə keçirilən 2.2 kateqoriyalı Trakya Turu beynəlxalq yarışında ümumi hesabda 8-cı yer, İsveçrədə keçirilən dağ mərhələli fərdi yarışlarda 5-ci yer, Azərbaycan Kubokunda skretçdə qızıl, şossedə gümüş medal, müxtəlif digər beynəlxalq turnirlərdə uğurla çıxışlar, həmçinin bir neçə dəfə dünya və Avropa çempionatında iştirak var. O, 2012-ci ildə ilin ən yaxşı velosipedçisi adına layiq görülüb. İndiyə qədər beynəlxalq yarışlarda 20 min kilometrə yaxın məsafə qət edib.
“Qara zolaq”dan çıxmaq üzrədir
Son iki ildə sevimli “Azərbaycan turu”nda iştirak etməməsi, komandasında naməlum səbəbdən ikinci plana düşməsi onun qısa karyerasındakı “qara zolaq” kimi başa düşülür. Gənc Tural böyük əzmlə çalışır, bütün məşqlərdə verilən tapşırıqlara maksimum riayət edir. Amma klubunda ona yox, başqalarına daha çox üstünlük verilməsi, hətta bu mötəbər yarışın doğma Sumqayıtda keçirilən mərhələsində də startda yer ala bilməməsi onu çox üzüb. Tural özünə güvənir, istənilən turnirdə ən yaxşılar sırasında ola biləcəyinə inanır. “Qara zolaq” öz işini görür. Ancaq bunun da bir sonu var. Artıq çətinliklər arxada qalmaqdadır və ən yaxın zamanda biz Turalın səsini zirvələrdən eşidəcəyik.
Velosiped idmanı sayəsində dünyanı (o bu illər ərzində 50-dən çox ölkə, bütün qitə və materiklərdə olub) gəzən Turalın çox böyük vətənpərvər olduğunu deyə bilərik. Hər imkandaca ölkəsindən ağızdolusu danışan, geyimlərində, bütün aksesuarlarında bayrağımızdan istifadə edən gənc idmançı, öz vətəniylə öyünür. Haradan gəldiyini soruşanda qürurla “Azərbaycan” deyə cavab verən, imkan düşdükcə həqiqətlərimizi əcnəbilərə çatdıran İskəndərovun bu səyləri alqışa layiqdir. Tural İskəndərov həm də bir çox stereotipləri qırmış idmançıdır. Ətrafındakı insanların onu bu işdən döndərməyə çalışması, bəzən məsxərəyə qoyması, bəzən tənə etməsi belə idmançını fikrindən döndərməyib. Dost-tanışın küçədə şortiklə gəzib velosiped sürən oğlanı qəbul etmək istəməməsi onu bir çox çətinliklə üz-üzə qoyub. “Velosiped nədi e, get, ciddi işlə məşğul ol” kimi cümlələr çox olsa da, Tural uşaqlıq arzusunu gerçəkləşdirmək üçün bütün əzmini bir yumruğa toplamağı bacarıb. Bir neçə qələbə qazanandan, uğurlar əldə edəndən sonra ona münasibət dəyişib. İndi ona həm tanışları, həm ailəsi, bir sözlə hər kəs hörmətlə yanaşır, onunla fəxr edirlər. Bu, bir əzmkarlıq nümunəsidir. İnsan istədikdə hər şeyə qadirdir. Turalın timsalında biz bunu rahatlıqla görə bilirik.
Universal velosipedçi
Bir velosipedçi həm dağ yolunda, həm şosedə, həm trekdə, həm eniş-yoxuşlarda eyni səviyyədə yaxşı ola bilməz. Qəhrəmanımız Tural İskəndərov bu növlərdən az qala hər birində yüksək səviyyəyə malikdir və sona qədər mübarizə apara bilər. Ancaq məhz eniş-yoxuşlarda rəqiblərindən bir baş üstündür (kumiri Fabian Kançellara kimi). Belə yolları olan traslarda Turalın qələbə şansı daha böyükdür. Bundan başqa, onun sprint etmək bacarığı da var. Yarışın sonuna qədər sərf olunan böyük gücə rəğmən, final həmləsini etməyə də qüvvəsi qalan İskəndərovun bu bacarığından məşqçiləri yararlana bilərlər. Ancaq velosiped idmanının fərdi idman növü olduğunu düşünürsünüzsə, yanılırsınız. Bəli, qələbələri konkret idmançılar qazanır. Ancaq hər uğurun arxasında böyük komanda işi var. Trasda bir neçə idmançı öz liderinin qalib gəlməsi üçün həmlələr edir – küləyin qarşısını alır, peloton təşkil edir, rəqiblərinin fikrini yayındırmaq, yormaq üçün kiçik və uzun sprintlər edir. Qrup çalışması olsa, qələbə də rahat qazanıla bilər. Universal İskəndərovun komanda çalışması da yuxarı səviyyədədir. Alman intizamı ilə cənub temperamentinin velosiped üzərindəki sintezini məhz onun yürüşündə tapa bilərsiniz.
Portreti
O, gəncdir. Cəmi dörd il əvvəl sıradan bir şəxs idi və dolanışığını fəhləlikdən çıxarırdı. İndi isə ölkənin aparıcı və böyük perspektivi olan velosipedçilərindəndir, ümid yerimizdir. Buna görə sevinclidir, üzündən təbəssüm əskik olmur. Bəli, başına çox problemlər gəlib, velosiped almaq üçün kredit götürüb, haqsızlıqlarla üzləşib, qeyri-obyektiv münasibətlərlə rastlaşıb. Ancaq bütün bunlar onun əzmkarlığını, istək və arzusunu azaltmayıb. O, fəth edəcəyi məkanlara doğru hərəkətini dayanmadan davam etdirir. Yolu eniş-yoxuşludur, çətindir, amma o, buna hazırdır. Çünki əsl döyüşçü ruhuna malikdir. Simasında xoşbəxtliklə yanaşı, daima diqqətlilik, məsuliyyət sezilir. Tural İskəndərov istənilən an “çətinliklər pelotonu”ndan ayrılaraq arzuladığı finiş xəttini birinci keçməyə hazırdır. Qalır, ona bu şansı vermək. Əmin olun, o, bu şansı qaçırmayacaq.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər