SSRİ-nin şöhrətli “sovet əcnəbisi” - Fotolar
"Tanınmış
sovet və rus aktyoru Andrey Xaritonov 59 yaşında vəfat edib”. Rejissor Vitali
Manskininsosial şəbəkədə paylaşdığı status kinosevərləri xeyli kədərləndirib.A.Xaritonov
onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Nikolay Maşenkonun 1980-ci ildə çəkdiyi "Ovod” filmindəki Artur Berton
rolundan sonra aktyor əsl "ulduz”a çevrilir. A.Xaritonovun sayəsində Etel
Lilian Voyniçin yazdığı roman sovet dövrünün məktəbli qızları üçün bir istinad
kitabına çevrilmişdi – gecələr məhz bu haqda (daha doğrusu, onun qəhrəmanı,
romantik inqilabi Artur-Felice) haqqında danışardılar.Xaritonov
hələ institutda oxuduğu illərdə bu rola çəkilmişdi. Filmin təqdimatından sonra
aktyor o qədər şöhrətləndi ki, öz sözləri ilə desək, hətta küçədəki pişiklər də
onu görəndə huşlarını itirirdilər.
İlk cəhddən sonra
Andrey
İqoreviç Xaritonov 1959-cu ildə Kiyevdə anadan olub. Onun ailəsi incəsənətdən
uzaq idi. Anası müəllimə, atası isə mühəndis işləyirdi. Valideynləri öz işlərinə
ciddi yanaşır və övladlarından da təhsildə və həyatda onlar kimi olmağı tələb
edirdilər. Onlar Andreyi arxitektor kimi görmək istəyirdilər. Axı, o,
fizika-riyaziyyat məktəbində əlaçı idi və yaxşı əl qabiliyyəti vardı. Ancaq
valideynləri ilə oğullarının istəkləri üst-üstə düşmürdü. Hələ 4 yaşlarında
olarkən «Fanfan Tülpan» filmindəki hadisələr oğlana o qədər təsir etmişdi ki,
başqa heç nə haqqında düşünə bilmirdi. Ona görə də, onilliyi bitirəndən sonra
attestatını aktyorluq məktəbinə təqdim etdi. Elə ilk cəhddən sonra Karpenko
adına İnstituta daxil oldu və aktyorluq şöbəsini seçdi.
Andrey
Xaritonovun kinematoqrafiya tarixçəsi hələ tələbəlik illərindən başlamışdı. 19
yaşlı oğlan «Sizi vətəndaş Nikanorova gözləyir» filmində epizodik rolda çəkilir.
1979-cu ildə isə Nikita Mixalkovun «İ.İ.Oblomovun həyatından bir neçə gün»
filmində əsas rolda ekranlara çıxır.
Təhsilini
bitirənə yaxın gəncdə, seçdiyi yolun düzgünlüyünə dair şübhələr oyanmağa
başlayır. Ürəyində, universitetdən ayrılıb İncəsənət İnstitutunun memarlıq şöbəsinə
keçmək arzusu yarandığı zaman, taleyi onu ulduz rolu ilə mükafatlandırır və bu,
onilliklər ərzində onun vizit kartına çevrilir. Rejissor Nikolay Maşenko
Xaritonova Edel Lilian Voyniçin «Ovod» əsərinin ekranlaşdırılması zamanı
Rivares rolunda oynamağı təklif edir.
Çəkilişlərin
ilk günü aktyorun 20 yaşının tamam olduğu günə təsadüf edir. Anası oğlunu təbrik
etmək üçün çəkiliş meydançasına gəlir və onu qolları qandallanmış halda mağarada
görür. Nahar fasiləsində olan çəkiliş qrupu isə zəncirlənmiş Xaritonovu tamamilə
yaddan çıxarmışdı. Hiddətlənmiş qadını qrim sexinin müdiri güclə sakitləşdirir:
"Əsl artist professional olmaq üçün gərək cəhənnəmin bütün dairələrindən
keçsin” deyə onu başa salmağa çalışır.
Çuvalla dolu məktublar
Andrey
instituta və bu filmə «faktura»sına, yəni görünüşünə görə dəvət edildiyini gizlətmirdi.
"Peşəmi bilavasitə çəkilişlər zamanı həmkarlarımdan və tərəf-müqabilim Sergey
Bondarçukdan öyrənirdim” - deyə aktyor söyləyirdi. Rol çətin və maraqlı idi.
Xoşbəxtlikdən çəkiliş meydançasının üzvləri sovet ekranının ulduzları – Sergey
Bondarçuk və Anastasiya Vertinskaya idi. Onların məsləhətləri sənətə yeni
başlamış aktyora çox kömək etdi.
Film
ekranlara çıxdıqdan sonra Andrey Xaritonov yuxudan məşhur oyandı. «Ovod» ona
1981-ci ildə Monte-Karloda keçirilən Beynəlxalq Kinofestivalın «Qızıl Nimfa»
mükafatını və T.Q.Şevçenko adına Ukrayna Dövlət mükafatını, həmçinin "seks
simvol” adını və SSRİ-dən olan pərəstişkarların çuvalla dolu məktublarını gətirdi.
Bu ekran
əsərindən sonra gənc aktyora dəvətlər bir-birinin ardınca gəlməyə başladı. Növbəti
il ona «Yaroslav Mudrıy» filmində rəssam rolu təklif olundu. Tamaşaçı məhəbbətinin
növbəti dalğası onu «Süleymandaşı adasında» və «Assol» filmlərindən sonra
haqladı. "Romantik Qrey rolu Andrey Xaritonovun ifasında möhtəşəm idi” - deyə mətbuat
yazırdı.
«Qaratoyuqların
sirri» filmindəki Lans Fontesku rolu Xaritonov üçün kinoda yeni zirvə oldu.
1983-cü ildə çəkilmiş filmdəki rol məhz onun üçün yazılmışdı. Müəlliflər
Xaritonovun mənfi xarakter oynamağa razılıq verib-verməyəcəyi ilə
maraqlanırdılar. «Bəli» cavabını eşitcək, ona materialı təqdim etmişdilər.
Xaritonovun çəkildiyi bu filmdən sonra aktyoru Sovet İttifaqının "Ən cazibəli
kişisi” və 1980-ci illərin "seks-simvolu” adlandırdılar. Film Sovet İttifaqında
ekranlara çıxdıqdan sonra sanki Andrey Xaritonova aşiq olmayan bir qadın
qalmamışdı. Aqata Kristinin «Çovdar dolu cib» romanının ekranlaşdırılması
zamanı aktyorun tərəf-müqabilləri Natalya Danilova, Yelena Sanayeva, Lyubov
Polişuk, Yuriy Belyayev oldu. Eyni ildə Xaritonov Yan Fridin «Azad külək» macəra
melodramının baş qəhrəmanının xarakterinə nüfuz etmək imkanı qazandı.
Ona
«Sovet əcnəbisi» adı verilmişdi. Yeri gəlmişkən, Andrey İqoreviç həmkarlarının əksəriyyətindən
fərqli olaraq xaricə səyahət etməyə daha tez başlamışdı. Məsələn, «Ovod»
İtaliyada çəkilmişdi və ona «Ən yaxşı kişi rolu» mükafatı Monte Karloda təqdim
olunmuşdu.
Xaritonov rejissor kimi
1984-cü
ildə Andrey Xaritonovun iştirakı ilə «Gözəgörünməz insan» elmi-fantastik filmi
ekranlara çıxdı. Kinolentdə aktyora, ixtirası əvvəlcə ona şöhrət gətirmiş,
sonra isə faciəyə çevrilmiş alim Conatan Qriffinin rolunu oynamaq düşdü.
Andrey
Xaritonov eyni rolun əsirliyində qalmır, müxtəlif taleli və xarakterli
insanları canlandırırdı. Kriminal film olan «Əməliyyatın sonu «Rezident»
filmində italiyalını oynayır, ictimai dram olan «Ana, doğma, sevimli…» filmində
çoxuşaqlı ananın oğluna, «Klima Samqinin həyatı»nda isə utanmaz aristokrata
çevrilir.
Aktyor
"ulduz”luğunu heç vaxt hiss etmədiyini deyirdi. O zamanlarda xüsusən populyar
artistlərin qonorarları son dərəcə cüzi idi. «Ovod»a görə aldığı qonorara
«Jiquli» avtomobilinin yarısını, «Qaratoyuqların sirri»nə görə isə bütöv
avtomobil ala bilərdi. Maksimal olaraq şöhrətinə görə, «tanışlıqla» bir yeşik
şampan içkisi əldə etmək mümkün idi.
Xaritonov
çoxdankı - film çəkmək arzusunu həyata keçirməyi planlaşdırır.
Videomaqnitofonların meydana çıxması Hollivud filmlərinə baxmaq imkanını
yaratdı. Aktyor bu filmlərə baxdıqdan sonra öz gücünü rejissor kimi yoxlamaq istəyir və buna müyəssər olur.
Xaritonovun «Ehtiras susuzluğu» filmində Anastasiya Vertinskaya, İqor
Kostolevski və Viktor Rakov kimi tanınmış aktyorlar baş rollarda oynayırdı. Mükəmməl
rejissor debütünə görə Andrey İqoroviç «Sozvezdie» və «Ədəbiyyat və kino»
festivallarında təltif olunur. Həmçinin «Kinotavr» mükafatına layiq görülür.
Müxtəlif
hadisələrlə zəngin olan 90-cı illərin ağırlığı
aktyora pis zərbə vurdu. Kinoda layiqli rollar olmadı. Sonralar o, özü də
etiraf edirdi ki, 5 il dalbadal içkiyə qurşanıb. İçkini atmaqda ona moskvalı həkim
kömək edib. Xoşbəxtlikdən həkim işinin professionalı idi. 90-cı illərdən sonra
Andrey Xaritonov öz gücünü rejissorluğa yönəldir. «Yaddaşımızın filmləri» və «Xəyal
fabriki» filmlərini çəkir, «İşartı» müəllif proqramı ilə çıxış edir və «Tətbiqetmə»
verilişinin aparıcısı kimi ekranlarda görünür.
Andrey
Xaritonov müsahibələrindən birində səhnədə ölmək üçün dünyaya gəldiyini deyib.
O, Malıy Teatrda cəmi 6 il işləyib. 80-ci illərin ortalarında onun iştirakı ilə
İvan Turgenyevin «Bir gün əvvəl», Jan Rasinin «Fyodr», Aleksandr Ostroviskinin
«Gəlirli yer» tamaşaları səhnəyə qoyulub.
Xaritonov
bütün Rusiyaya səyahət etmişdi. O, qastrollar zamanı Sibirdə, Uzaq Şərqdə,
Uralda və digər bölgələrdə olmuşdu. Aktyorun sözlərinə görə, onun həyat yoldaşı
ağıllı və müdrik qadın idi. Belə ki, heç bir zaman qısqanclıqdan əziyyət çəkməyib
və ondan günün hesabatını tələb etməyib. Cütlüyün övladı olmayıb. Lakin aktyor
bu barədə danışmağı xoşlamırdı. Xaritonov həyatda ən çox təkliyi xoşladığını
deyirdi. Buna görə də, bəzən öz mənzilindəki otaqlardan birinə çəkilib sükuta
dalar, həyat haqqında düşünərmiş.
2018-ci
ilin may ayının sonunda Andrey Xaritonov paytaxt klinikalarından birində
reanimasiya şöbəsinə yerləşdirilir. Jurnalistlər aktyorun vəziyyətinin kritik
olduğunu yazırdılar. Diaqnoz haqqında məlumat verilməsə də, Andrey Xaritonovun
mədə xərçəngi olduğu ehtimal olunurdu. Yaxınları onun 6 əməliyyat keçirdiyini,
uzun müddət xəstəliklə mübarizə apardığını, lakin xəstəliyin güclü olduğunu
söyləyirdilər...
Ağır,
uzun sürən xəstəliklə çarpışan Xaritonov dünyasını dəyişdi. Rusiya KİV-lərində
aktyorun ölümündən bəhs edən "Sovet İttifaqının "Ən cəlbedici kişisi” vəfat
etdi” nekroloqu yer aldı. Yaraşıqlı, istedadlı, təpədən-dırnağa aktyor olan
Andrey Xaritonovun oynadığı rollar və çəkdiyi filmlər yadigar qaldı.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova