Soyuq dağa peşəsinə olan sevgisi ilə qalib gələn müəllim - Örnək
Xatın Həsənova: Səhərlər
əl-üzümü yuyandan sonra əllərimin donunu açmaq üçün 5-10 dəqiqə sobanın
yanından ayrılmıram
Uşaqlıqdan dağlıq yerlərdə müəllim olmağı arzulayıb. "Çalıquşu”
filmindən Fəridəni özünə örnək götürüb. Deyir ki, şəhərdə, hətta kəndlərdə belə
uşaqların oxuması, təhsil alması üçün hər cür şərait var. Ancaq bu, dağ kəndlərində
belə deyil. Dağ kəndlərindəki uşaqlara daha yaxşı təhsil verə biləcəyini
düşündüyü üçün soyuğa baxmayaraq, bu cür ərazi seçib.
Müsahibimiz ucqar kənd müəllimi Xatın Həsənovadır.
Xatın Ağcabədi rayonunda anadan olub. Orta təhsilini Ağcabədi rayon Sərvan
Quliyev adına Muğanlı kənd tam orta məktəbində alıb. Həmsöhbətimiz kasıb ailədə
böyüyüb. Amma kasıbçılıq məqsədlərinə mane ola bilməyib: "13 yaşımda olarkən
atam dünyasını dəyişib. Atam olmadığı üçün maddi vəziyyətimiz çox pis idi. Təhsil
almaq istədiyimi deyəndə, qohumlar, qonşular inanmırdı. Mənim təhsil almağım,
işləməyim onlara imkansız görünürdü. Həm də ailə vəziyyətimizə görə 5-ci sinifdən
kənd təsərrüfatında işləyib ailəmə kömək edirdim. Eyni zamanda dərslərimi də
yaxşı oxuyurdum”.
Ona təhsil alması üçün ən böyük dəstəyi isə kəndin işıqlarını
yoxlayan Rza adlı şəxs verib: "Təhsil almağıma səbəb olan bir insan var ki, ona
hər zaman minnətdar olacağam. 10-cu sinifdə oxuyurdum, may ayının sonları idi.
Bir gün evimizə rayondan Rza adlı işıq yoxlayan gəldi. İşıqlara baxarkən mənimlə
Azərbaycan dilindən sual-cavab etdi. Cavablarımdan sonra anamla danışdı. Mənim
hazırlığa gedib-getmədiyimi, ali təhsil alıb-almayacağımı soruşdu. Anam da
bunun üçün imkanımız olmadığını dedi. Anamla söhbət zamanı Rza dayı (artıq
dayım qədər xətrini istədiyim üçün özünün də istəyi ilə dayı deyirəm) anamı mənim
oxumalı olduğuma inandırdı. O məndə bu işığı görmüşdü. Digərləri kimi, təhsil
almağıma imkansız bir şey kimi yanaşmadı. Daha sonra mənimlə danışdı, hansı
ixtisasa sahib olmaq istədiyimi, bunun üçün kənddə hansı müəllimlərin hazırlıq
üçün yaxşı olduğunu soruşdu. Müəllimlərlə əlaqə saxlayıb danışdı. Tarixdən
hazırlıq kitablarımı aldı və müəllimə 2 aylıq ödənişi etdi. Düzdür, sonra əlaqə
kəsildi. Ancaq Rza dayı anamı inandıraraq əsas işi görmüşdü. Kəndimizdəki müəllimlər
ailə vəziyyətimizi nəzərə alıb, məndən az pul götürürdülər. Azərbaycan dili, ədəbiyyat
müəllimim isə məndən heç pul almırdı. Beləcə hazırlaşıb imtahan verdim və 473
balla ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına
dövlət sifarişi ilə qəbul oldum. Qəbul mesajının gəldiyi gün yadımdadır.
Sevincimdən ağlayırdım. Daha sonra məni ödənişsiz hazırlaşdıran Azərbaycan
dili, ədəbiyyat müəllimimə zəng vurdum. Ağlaya-ağlaya o qədər təşəkkür edirdim
ki...”
- Bakıda həm işləyib, həm
də təhsil almısınız. Çətin deyildi ki?
- Bəli, imtahandan sonra işləmək üçün Bakıya gəldim. Düzdür, çətin
idi. Qaraçuxurda xalamgildə qalırdım. Universitetə vaxtında çatmaq üçün saat
7-də evdən çıxırdım. 2-nin yarsı dərsdən çıxıb 3-də Bakıxanovda marketə - işimə
çatırdım. 11-in yarısına kimi kassada işləyirdim, işdən çıxana qədər saat 11
olurdu. Evə 12-yə qalmış çatırdım. Və bu, hər gün təkrar olunurdu. Beləcə, 1-ci
kursda bir kəsirim oldu. 151 manat ödəməli idim. Yay məktəbinə getdim, imtahan
verdim, ancaq 151 manatı ödəyə bilmirdim. Filologiya fakültəsinin dekanı Buludxan
Xəlilovla danışdım, ödənişi edə bilməyəcəyimi dedim. Buludxan müəllim bir çox
müəllimin etməyəcəyi bir hərəkəti etdi və kəsrimin pulunu ödədi. Sentyabrda dərs
başlayana kimi işləyib, borcumu ilk dərs günü qaytarmışdım. 4-cü kursda olarkən
yenə də işləyirdim. İşlədiyim üçün də müəllimlərin işə qəbul imtahanına
hazırlaşa bilmirdim. Ona görə də imtahan vermək istəmirdim, anamın təkidi ilə
gecə növbəsi işdən çıxıb səhər imtahana getdim və gözlədiyim kimi, nəticəm az
oldu - 39 bal. İmtahandan sonra da satıcı olaraq işlədim. Növbəti il may ayının
əvvəlləri kəndimizə gedib hazırlaşmağa başladım. Sosial şəbəkədə müəllimlər
üçün ödənişsiz qrup açıb, başqa müəllimlərə də kömək edirdim. 56 bal topladım.
Məktəb vaxtımdan arzuladığım kimi, dağ kəndində müəllim oldum.
- Nə üçün məhz dağ yerini
seçdiniz. Axı aranda yaşayan biri üçün dağda yaşamaq asan deyil...
- Doğulub boya-başa çatdığım Muğanlı kəndində evimizlə qarşı-qarşıya
dağlar görünür. O dağlar erməni işğalı altındadır. Mən dağlara baxıb fikirləşirdim
ki, bizim ola-ola, oralara gedə bilmir, gəzib-görə bilmirik. Hər zaman kənardan
boylana-boylana qalırıq. Uşaqlıqdan "Çalıquşu”nda Fəridə müəllimənin dağ kəndində
uşaqlara təhsil verməsi məni daha da maraqlandırırdı. Dağ sevgim gedə bilmədiyim,
işğal altında olan dağlara görə yarandı. Bundan əlavə, şəhərdə, hətta aran bölgələrdəki
kəndlərdə belə uşaqların oxuması, təhsil alması üçün hər cür şərait var. Ancaq
bu, dağ kəndlərində belə deyil. Oradakı kəndlərdə yaşayan uşaqlar üçün daha
yaxşı təhsil vəd edə biləcəyimi düşündüyüm üçün dağa getdim. Yer seçimi edərkən
ilk yerə Quba rayon Rəhman Mançadov adına Əlik kənd ümumi orta məktəbini yazdım
və istədiyim yerə də qəbul oldum. Kəndin çox gözəl adətləri var. Mən də onların
adət-ənənəsini öyrənmişəm, bu qısa müddətdə onlardan biri olmuşam.
- Bəs hansı çətinlikləriniz
olur?
- İlk olaraq deyim ki, dağ çox soyuqdur. Bu il bura artıq 2 dəfə qar
yağıb. Kimya, riyaziyyat, fizika üçün gələn bir neçə müəllim şəraiti, soyuğu,
dağ yolunu görüncə, imtina ediblər. Kəndin insanları dağ havasına alışdıqları
üçün onlara soyuq deyil, uşaqlara belə. Amma mənim üçün çox soyuqdur. Dağ
yerində şəbəkə yaxşı tutmadığı üçün ailəm mənə zəng edə bilmir. Otağımda
telefonu pəncərənin yuxarısına qoyub danışa bilirəm. Telefon səsucaldanda olur,
mən isə aşağıdan ucadan danışıram ki, eşitsinlər. Yaxud da çöldə şəbəkə tutan
yer axtarıb tapıb danışırıq. Bəzən 5-10 dəqiqə danışa bilmək üçün 5-10 dəfədən
çox zəng edirəm. Kənddə qaz yoxdur. Peç yandırmağı öyrənmişəm. Kəndin insanları
səhər tezdən oyanmaq üçün axşam da tez yatırlar. Mən də başımı qatmaq üçün
toxumaq öyrənmişəm. Su dağdan gəldiyi üçün buz kimi olur. Səhərlər əl-üzümü
yuyandan sonra əllərimin donunu açmaq üçün qaldığım ailənin oturduqları otağa
gedib 5-10 dəqiqə sobanın yanından ayrılmıram.
- Dediniz ki, kəndin
maraqlı adət-ənənələri var. Hansı adətlər sizi təəccübləndirib?
- Kəndin maraqlı adətlərindən biri odur ki, bir nəfərin çox işi
varsa, hamı yığışıb kömək edir. Həm bərabər söhbət edirlər, həm də işlərini
görürlər. Ev sahibi gələn qonaqlara süfrə açır. Onların maraqlı sosial həyatları
olur. Evə gələn qonaq gedəndə, onlara mütləq şirin nə isə hədiyyə verilir. Məclislərdə
kişilər ayrı oturur, qadınlar ayrı. Evdə yığıncaq varsa, kişilərə evin kişisi
qulluq edir. Yaxud evə qadın qonaqlar gəlirsə, kişi evə gəlmir. Bundan əlavə,
kimsə maşın alırsa, qonaqlıq verirlər, bütün kənd həmin evə gedib, təbrik edir.
Məclislərdə hər kəs yerdən əyləşir. Üstəlik, gələn bütün qonaqlarla qalxıb
görüşmək lazımdır. Qonaq kənarda əyləşibsə, başımızla salam verə bilmirik. Mütləq
qalxıb görüşmək lazımdır.
- Yəqin ki, dağ kəndlərində
qızların təhsildən yayınma halları çox olur.
- Qızların təhsilə cəlb olunması bir çox kəndlərdə problemli məsələdir.
Dağ kəndlərində bu, xüsusilə problem olur. Bizim məktəbdə qızlar 9-cu sinifdən
sonra oxumaq istəmirlər. Valideynləri təhsildən yayındırmağa çalışırlar. Misal
üçün, kənddə qadın müəllim tək mənəm. Kənddən hər hansı yerdə təhsil alan qız
da yoxdur.
- Bəs qızlarla, yaxud
valideynlərlə hansısa söhbətlər aparılırmı?
- Gündəlik
dərslərimiz zamanı dərsdən əlavə, təhsilin əhəmiyyəti, qızların erkən nikaha cəlb
olunması, eyni zamanda şagirdlərimi maraqlandıran müxtəlif mövzularda müzakirələrimiz,
söhbətlərimiz olur. Xüsusilə qızlara təhsil almağın üstünlükləri barədə
danışıram. Kənddə müxtəlif universitetlərdə təhsil alan oğlan uşaqları olsa da,
qız yoxdur. Hətta 9-cu sinfi bitirdikdən sonra oğlan uşaqlarını Xınalıq və ya
Qubanın başqa tam orta məktəblərinə göndərsələr də, qız uşaqları bu imkandan məhrumdurlar.
Ancaq kənd əhalisinin, müəllim kollektivimizin və xüsusilə uşaqların qadın müəllimə
münasibətləri çox yaxşıdır. Ümumiyyətlə, məktəbimizin uşaqları çox tərbiyəli,
ağıllı uşaqlardır. Dağ kəndi olmasına baxmayaraq, müəllimlərimiz də çox savadlıdırlar.
-Sonda ənənəvi sualımız:
Kənddə başınıza gələn maraqlı hadisəni bizimlə bölüşərdiniz...
- Yaşağıdım ev təpənin üstündədir. Evin arxa tərəfi dərə kimidir. Bu
yaxınlarda qar yağmışdı. Əlimdən yerə
düşən konfet kağızını götürməyə əyiləndə, dərəyə doğru sürüşdüm. Yaxşı ki, kimsə
görmədi, ufuldaya-ufuldaya durdum ayağa, heç nə olmamış kimi gəldim otağıma. Müəllimin
yıxılması pis görünər. Ehtiyat edirəm ki, yıxılanda şagirdlərim görməsin.
Aygün ƏZİZ