• cümə, 29 Mart, 12:16
  • Baku Bakı 14°C

Sovet animasiyasının patriarxı - Fotolar

03.11.18 10:00 2721
Sovet animasiyasının patriarxı - Fotolar
"Ukrayna və sovet animasiya filmlərinin əsas yaradıcılarından biri həyatdan köçdü. İnsultdan sonra o, iki ay idi ki, reanimasiyada yatırdı. Həkimlər bu müddətdə onun həyatı uğrunda mübarizə apardılar. Ancaq əfsanə getdi... Gözəl dost, səmimi insan, böyük ustad vəfat etdi. Xəstəliyinə qədər o, daim «həyat gözəldir» deyə təkrar edirdi». Bunu, görkəmli multipikator David Çerkassinin yaxın dostu, iş adamı və messenant Aleksandr Melamud sosial şəbəkələrdə paylaşıb. Sovet animasiyasının patriarxı, unudulmaz "pirat trilogiyası"nın - "Kapitan Vrungelin sərgüzəştləri" , "Doktor Aybolit", "Cəvahirlər adası"nın müəllifini uşaqdan böyüyə kimi hamı tanıyır.

Animasiyaya maraq

Davidin atası Yan Davıdoviç Ukraynada ədliyyə nazirinin müavini idi. O, vətəndaş müharibəsində iştirak etmişdi. Böyük Vətən müharibəsi zamanı hərbi sənədlərlə işləyirdi. Davidlə anası isə əvvəlcə Çkalova, daha sonra Kuybışevə evakuasiya olunmuşdu. David doğulanda, həkim, «dünyada heç də ən yaxşı mal deyil» demişdi. Bu sözlərin təsdiqi olaraq, balaca Davidlə cürbəcür nadincliklər baş verməyə başladı. O, burnuna düymə saldı, mismar, daha sonra balaca bilyard topu uddu – bir sözlə, valideynlərini "darıxmağa” qoymadı. Müharibədən əvvəl - David uşaq olanda, atası onu Baron Münhauzen haqqında multfilmə baxmağa apardı. Elə o vaxtdan da uşaq animasiyaya vuruldu. O, daim cizgi filmlərinin şəkillərini çəkməyə başladı. Ancaq əvvəlcə özünə inşaatçı peşəsini seçdi və Kiyev Milli Tikinti və Arxitektura Universitetinə daxil oldu. O zaman həm də idmana böyük marağı vardı. Həmçinin idman gimnastikası üzrə birinci dərəcə qazanaraq, tələbələr arasında Ukrayna SSRİ-nin yığma komandasına daxil olmuşdu. Layihə mühəndisliyi ixtisası üzrə universiteti bitirdikdən sonra o, öz sənətini dəyişmədi, şəkillər çəkməkdə davam etdi. 1959-cu ildə Çerkasski böyük multiplikasiya şəkli çəkdi.
«Kiyevfilm» studiyasında animasiya filmləri şöbəsi açmağa hazırlıq getdiyini eşidəndə çox sevindi. O, öz işini studiyaya gətirdi və direktora göstərdi. Onun şəkillərini bəyəndilər və gələcək rejissoru işə götürdülər, əsl rəssamdan isə imtina etdilər. Məhz bu studiyada da məşhur rejissor-multiplikator Aleksandr Tatarski işləyirdi. Rəssamlar «Soyuzmultfilm»də təcrübə həftəsi keçdilər və əsl cizgi filmlərini ölkənin məşhur studiyasında yaranmasının sirlərini öyrəndilər. Ancaq onlar öz yolları ilə getdilər.
«Mənim tərcümeyi-halımı bir neçə dəfə yazıblar, ancaq hər dəfə də hansısa nüansları yaddan çıxarıblar» - deyə görkəmli multiplikator sonuncu müsahibəsində deyib: «Tam koloritli olması üçün əlavə edim ki, mənim yəhudi olduğumu unudurlar. Mənim valideynlərim Kiyevdə yaşayıb. Ancaq anam məni dünyaya gətirmək üçün valideynlərinin yanına, Çerkasskiy vilayətinə gedib. Nənəmlə babam ilk vaxtlar anama kömək ediblər. Ancaq mən 4 aylıq olanda anam atamın yanına qayıdıb. O, ümumiyyətlə, atamdan çox da uzaqda yaşamağı bacarmırdı. Görünür, bu, məhəbbət idi. Biz Puşkin küçəsində böyük kommunal mənzildə yaşayırdıq. Qonşularla ümumi mətbəximiz, hamam-tualetimiz var idi. Mən ümumiyyətlə, uşaqlıqda çox nadinc olmuşam. Ata-anam çox həyatsevər insanlar idi. Ancaq mən öz həyatsevərliyimi necə ifadə etmək lazım olduğunu bilmirdim. Mənə elə gəlirdi ki, anamın atama dediyi kimi, hər şeyi sınaqdan keçirmək lazımdır. Ona görə, əvvəlcə düymələr, daha sonra mismar və uşaq bilyardının toplarını uddum. Mən mismarı udanda, atamın keçirdiyi iclas zamanı otağa daxil olaraq ona, «Yoldaş Çerkasski, oğlunuz mismardan boğulur» - deyiblər. Atamın halı pisləşib. Bizim ikimizi də eyni vaxtda xəstəxanaya aparıblar”.
Multiplikasiya sahəsində novator

1964-cü ildə Çerkasskinin «Qara Kralın sirri» adlı debütü ekranlara çıxdı. Bu, yanğın təhlükəsizliyindən qorunmaqla bağlı videoçarx idi. Bu təcrübənin ardınca isə hamının sevdiyi «Kapitan Vrungelin sərgüzəştləri», «Doktor Aybolit» və iki seriyalı «Cəvahirlər adası» animasiya filmləri ekrana çıxdı. Rejissor ona şöhrət gətirən cizgi filmlərinin ekrana yol tapdığı vaxtları belə xatırlayırdı: «Ukrayna studiyası sifarişləri mərkəzi televiziyadan alırdı. «Kapitan Vrungelin sərgüzəştləri»ni çəkmək sifarişi də mərkəzdən gəldi. Bu xəbəri eşidəndə mənim ürəyim sevincindən az qala uçurdu. Çünki Nikolay Nekrasovun əsərlərini hələ uşaqlıqdan oxuyurdum. Orada mövzunun nə ilə bağlı olduğunu artıq xatırlamırdım, amma kitabın şəkil və illüstrasiyaları həmişəlik yaddaşımda idi. Ona görə, mənə elə gəldi ki, bu şəkli çəkə bilərəm. Cizgi filminə ssenarini İvan Vorobyov yazdı. Amma bizə bu ssenari maraqsız gəldi və improvizə etməyə başladıq. Ssenari kitab əsasında yazılmışdı və bu, darıxdırıcı idi – kapitan dünya ətrafına səyahətə çıxır. Biz düşündük ki, ekipaj və Vrungel qayıq yarışına çıxsınlar. Mənə elə gəlirdi ki, bir balaca ruh yüksəkliyi və rəqabəti artırmaq lazımdır. Özümüz isə qanqsterləri, Veneranın oğurluğunu, agentləri düşündük… Bizə süjet və dramaturgiya lazım idi və filmin ssenarisini dəyişərək onları bolluca əlavə etdik. Əlbəttə, həyəcanlanırdıq. Yadımdadır, "Vrungel”i təhvil verəndə onu Moskvanın «Ekran» rəhbərliyi qəbul etdi. Böyük bir zalda rəhbərlik, redaktorlar yığışıb baxırdılar. Eyni zamanda onlar, Boris Xessinin reaksiyasına fikir verirdilər. Əgər rəhbərlik gülürdüsə, hamı gülməyə başlayırdı və razılıqla başlarını yırğalayırdılar. Əgər o, qaşlarını çatırdısa, hamı dodaqlarını çeynəyir və qaş-qabaqlarını sallayırdı. Film yenicə başlayan zaman mən zaldakıların bu mimikalarına dözə bilmədim. Ayağa qalxdım və çıxışa doğru getdim. Elə çıxışdaca gördüm ki, insanlar gülümsəyirlər...”.
Mərkəzi Televiziyanın qiymətləndirməsindən sonra ona dərhal "Doktor Aybolit”i, sonra da «Cəvahirlər adası”nı sifariş ediblər: «Bu, mənim Moskvada tanınmağım idi və çox xoş idi. Həmçinin sovet nümayəndə heyətinin tərkibində Kubaya Beynəlxalq Kino Festivalına göndərdilər. Nümayəndə heyətinə Georgi Daneliya rəhbərlik edirdi. O səfər yaddaşımda xoş xatirələrlə qaldı”.Multiplikator həyatı boyu 40-dan artıq cizgi filmləri seriyası çəkib: «Kapitan Vrungelin sərgüzəştləri» 13, «Doktor Aybolit» 7, «Cəvahirlər adası» 11 hissə və s. Demək olar ki, onun hər il ən azı iki hissədən ibarət olan cizgi filmləri ekrana çıxırdı. David Çerkasski multiplikasiya sahəsində novator idi. Məsələn, "Kapitan Vrungelin sərgüzəştləri”ndə çəkilişlərdə dəniz görünürdü. «Cəvahirlər adası» cizgi filmində isə ümumiyyətlə, əsl aktyorlar iştirak edirdi. 1990-cı ilin əvvəllərində Çerkasski oyun filmləri çəkməyi qərara aldı. O vaxt ağır zamanlar idi, studiyaları maliyyələşdirmək sistemi dayandırılmışdı, tezliklə isə bütün studiyaları bağladılar. O zaman David Yanoviç reklam çarxlarının rejissorluğunu öyrəndi. 2006-cı ildə rejissor «Ulduz xilaskarları» adlanacaq cizgi filminin ssenarisini yazdı. Ancaq işi tamamlaya bilmədi. 2008-ci ildə o, «Cəvahirlər adası -2» ssenarisi üzərində işini başa çatdırdı, ancaq maliyyə böhranı ilə bağlı film çəkilmədi. 2010-cu ildə isə «Kapitan Vrungelin macərası»nın davamını çəkmək üçün multseriallar ssenarisi müsabiqəsinə yekun vurulmadı.

Həyatdan zövq almaq lazımdır

Görkəmli multiplikatorun çəkdiyi filmlər sovet kinomotoqrafiyasının inciləri sırasında əbədiləşdi. «Əvvəllər məni dahi adlandıranda diksinirdim. Sonra isə öyrəşdim. «Dahi» sözü adamı cəlb edir»- deyə rejissor özünə olan münasibətdən fərəhlənirdi. David Yanoviçin həyat yoldaşı Natalya Makrçenkova da tanınmış animasiya ustası idi. Onların Aleksandr adlı oğulları isə telerejissor kimi tanınırdı. 1986-cı ildə xəyanəti üzündən həyat yoldaşı, Çerkasskidən ayrılmaq qərarına gəldi. Bu o qadın idi ki, cavanlığında Davidə vurulmuşdu. Ancaq David Yanoviç məhkəməyə gəlmədi. Həyat yoldaşının pasportuna boşanma ilə bağlı möhür vurulsa da, rejissorun pasportu boş qaldı. Onlar bir evdə yaşamağa davam edirdilər. David Yanoviç bunu normal qarşılayırdı. "Həyat da film kimidir” deyirdi.88 yaşlı rejissorun ölümündən sonra Ukrayna mətbuatı onun həyatı ilə bağlı bir sıra faktları qələmə alır.
Ukrayna televiziyasında yayımlanan «Qızıl qaz» proqramına yığışan artist və rejissorlar həmişə maraqlı lətifələr söyləyirlər. Çerkasski bu yumoristik tele-klubun daimi üzvü idi. 1989-cu ildə beynəlxalq multiplikasiya filmləri festivalı olan «KROK»-da David Çerkasski Eduard Nazarovla birgə konkursun prezidenti qismində çıxış etdi. David Yanoviç rok-n-roll-u çox sevirdi və hətta, bu rəqsi 70 yaşında da oynayırdı. 74 yaşında olanda müsahibələrinin birində «Mənim atım – bu, sürətli rəqsdir» demişdi. "Kompüter personajlarından başqa daha nə ilə məşğul olursunuz” sualına isə multiplikator "Yaşayıram... Həyatdan zövq alıram. Siyasətə qarışmamağa və çirkin intriqalara qoşulmamağa çalışıram. Yaxşı restoranda köhnə dostlarımla oturub yeyib-içməyi, danışıb-gülməyi, rəqs etməyi xoşlayıram. Əgər rejissorlar və multiplikatorlar məsləhətə gəlirlərsə, onları həvəslə qəbul edirəm. Xüsusən bu yaşda, Ukraynanın Xalq artistinə və əsil yəhudiyə xas səviyyədə, həyatdan zövq almaq lazımdır” deyə cavab verib.

Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər