Sosial təminatın yaxşılaşması istiqamətində atılmış inqilabi addımlar - Fotolar
Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu sosial-iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməkdədir. Dövlət başçısının davamlı olaraq imzaladığı fərman və sərəncamlar,
qəbul etdiyi qərarlar ölkədə vətəndaşların sosial vəziyyətinin günbəgün
yaxşılaşmasına səbəb olur. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır” – söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal
layihələr də dövlətin gəlirlərinin artmasına, iqtisadiyyatın daha da inkişafına
müsbət təsir göstərir. Bütün bu tədbirlər isə son nəticədə Azərbaycan vətəndaşının
rifah halının bir qədər də yaxşılaşmasına xidmət edir. Minimum aylıq əməkhaqqının,
dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində işləyənlərin,
həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin
əməkhaqlarının artırılmasına dair Prezident İlham Əliyevin imzaladığı sərəncamlar
da eyni məqsəd daşıyır. Bu səbəbdən dövlət başçısının siyasi kursu Azərbaycan vətəndaşları
tərəfindən dəstəklənir, yüksək qiymətləndirir.
Alıcılıq qabiliyyətinə
görə MDB ölkələri arasında 2-ci
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin
"Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamı
respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu
ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Belə ki, bundan əvvəl
dövlət başçısının cari il fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqı
130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi.
Son sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il
sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılır.
Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180
manat) 40 faizədək üstələyir. Minimum əməkhaqqının artımı isə 950 minədək vətəndaşı
əhatə edir. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl
sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik
780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait
ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata
çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da
orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq
qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.
Sərəncam 160 minə
yaxın müəllimi əhatə edir
"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının
artırılması haqqında” sərəncamla isə həmin müəllimlərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması nəzərdə
tutulub. Sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta
aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi
üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il
(sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq. Prezident
İlham Əliyevin "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə
və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması
haqqında” sərəncamı da həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə
tutur.
Sosial inqilab
xarakterli qərarlar davamlı xarakter alıb
Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev
çıxışlarında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili
olacağını bildirib. Onun sözlərinə görə, dövlətimizin başçısının cari ilin əvvəlindən
verdiyi qərarlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edir. Komitə sədri
deyib ki, iyunun 18-də imzalanmış sərəncamlar da məhz bu məqsədə xidmət edir:
"İyunun 18-də imzalanan sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların,
hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin,
habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan
işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırıldı. Bu sərəncamlar Azərbaycan
dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin
hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə,
imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib.
Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti,
ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü
ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində
isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Sevindirici
haldır ki, bu cür sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb.
İlin sonunadək vaxtaşırı belə qərarlar veriləcək. Nəticədə vətəndaşlarımızın
güzəranı daha da yaxşılaşacaq”.
Yerli ziyalılara,
AMEA-ya göstərilən yüksək etimad
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin
sədri İsa Həbibbəyliqeyd edib ki, Prezident İlham Əliyevin AMEA Rəyasət Heyəti və aparatı, Gəncə
bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə
sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə
qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir. Onun sözlərinə görə,
sərəncam AMEA Rəyasət Heyəti Aparatının əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində
qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir: "Bu sərəncam
AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan
300 nəfərdən artıq şəxsə aiddir. Bu, Prezidentin yerli ziyalılara, AMEA-ya göstərdiyi
yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu addım Azərbaycan
elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək.
Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək”.
Sosial addımların
iqtisadi əsasları
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən
aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırıb, iqtisadi
inkişafın yeni mənbələrinin tapılmasına imkan yaradıb, qeyri-neft sektorunun
sürətli inkişafını təmin edib. Onun sözlərinə görə, bütün bu nəticələr özünü həm
də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın
strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərib. Millət vəkili
söyləyib ki, məhz 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və
2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına Prezident
İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edilib: "Bu sosial
paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqının, pensiya təminatlarının,
təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərin vətəndaşların
xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham
Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu
ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin
birinci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə
sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir”.
Əməkhaqlarının artımı
iqtisadi fəallığı artıracaq
Dövlət başçısının sərəncamları ilə ilin əvvəlindən
elan edilmiş sosial paketin yeni mərhələsinin başlandığını vurğulayan deputat əlavə
edib ki, yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla
maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur: "Minimum əməkhaqqının 180
manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının
yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir
edəcək. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən
maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında
çalışanların əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah
halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı, yəni
2,3 faiz olması artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq.
Bütövlükdə Prezidentin sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə
olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsi gəlirlərinin
indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə
imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi fəallığı artıracaq”.
Fərqli sektorlarda
çalışanlar bu qərardan faydalanmış olacaq
İqtisadçı ekspert
Vüqar Bayramov da
bildirib ki, Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması
ilə bağlı imzaladığı sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir:
"Nəzərə alsaq ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı
ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara
yaxınlaşmasına xidmət edəcək. Minimum əməkhaqqının artırılması nisbətən az əməkhaqqı
alan və daha çox sosial təminata ehtiyacı olan vətəndaşların sosial vəziyyətinə
müsbət təsir edəcək. Praktik olaraq bu, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı
səviyyəsində əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan verəcək.
Təbii ki, bu da birmənalı şəkildə həmin vətəndaşların sosial vəziyyətinin və
sosial müdafiəsinin yaxşılaşdırılması baxımından çox önəmlidir. Digər tərəfdən,
minimum əməkhaqqının artırılması ilə bağlı qərar ölkəmizdə iqtisadi və sosial
islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Ölkə əhalisinin
sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial paket dövlətimizin
başçısının diqqət mərkəzindədir. Həmin qərar, eyni zamanda, sosial sferada dövlət
siyasətindən faydalananların sayının artmasına səbəb olacaq. Bundan dövlət
sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da faydalana biləcək. Bu kontekstdən
mülkiyyət növündən asılı olmayaraq fərqli sektorlarda çalışanlar bu qərardan
faydalanmış olacaq. Həmin qərar sosial təminatın gücləndirilməsi istiqamətində
atılmış ciddi addımlardandır. Bu, bir daha təsdiq edir ki, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi ölkəmizin başçısı üçün prioritet məsələlərdəndir.
2019-cu ildə minimum əməkhaqqının artırılması da birmənalı şəkildə bundan xəbər
verir”.
Dinamik iqtisadi inkişafın başlıca hədəfi
Xatırladaq ki, Prezident İlham Əliyevin əhalinin
rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan
verən sosial islahatlar paketi bu il ərzində minimum pensiyanın məbləğinin növbəti
dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb. Belə ki, dövlət
başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin
25 faiz artırılaraq bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması
nəzərdə tutulub. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli
şəkildə artırılmasına dair qanun layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim
olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və
kommunikasiya şöbəsindənverilən məlumata görə, minimum pensiya məbləğinin
artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün
illik 216 milyon manat, bu il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə
vəsait yönəldiləcək. Həm bu təşəbbüs, həm də Prezident İlham Əliyevin iyunun
18-də imzaladığı sərəncamlar ümumən ölkəmizdə əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət
başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə, vətəndaş
rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.
Rufik İSMAYILOV