• cümə, 29 Mart, 11:58
  • Baku Bakı 5°C

Sosial təminatın yaxşılaşması istiqamətində atılmış inqilabi addımlar - Fotolar

19.06.19 20:03 9597
Sosial təminatın yaxşılaşması istiqamətində atılmış inqilabi addımlar - Fotolar
Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısının davamlı olaraq imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar ölkədə vətəndaşların sosial vəziyyətinin günbəgün yaxşılaşmasına səbəb olur. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal layihələr də dövlətin gəlirlərinin artmasına, iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərir. Bütün bu tədbirlər isə son nəticədə Azərbaycan vətəndaşının rifah halının bir qədər də yaxşılaşmasına xidmət edir. Minimum aylıq əməkhaqqının, dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində işləyənlərin, həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılmasına dair Prezident İlham Əliyevin imzaladığı sərəncamlar da eyni məqsəd daşıyır. Bu səbəbdən dövlət başçısının siyasi kursu Azərbaycan vətəndaşları tərəfindən dəstəklənir, yüksək qiymətləndirir.
Alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci
Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Belə ki, bundan əvvəl dövlət başçısının cari il fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Son sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılır. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyir. Minimum əməkhaqqının artımı isə 950 minədək vətəndaşı əhatə edir. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. Artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.

Sərəncam 160 minə yaxın müəllimi əhatə edir

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamla isə həmin müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması nəzərdə tutulub. Sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq. Prezident İlham Əliyevin "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamı da həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.

Sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirib. Onun sözlərinə görə, dövlətimizin başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edir. Komitə sədri deyib ki, iyunun 18-də imzalanmış sərəncamlar da məhz bu məqsədə xidmət edir: "İyunun 18-də imzalanan sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırıldı. Bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır, qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Sevindirici haldır ki, bu cür sosial inqilab xarakterli qərarlar davamlı xarakter alıb. İlin sonunadək vaxtaşırı belə qərarlar veriləcək. Nəticədə vətəndaşlarımızın güzəranı daha da yaxşılaşacaq”.
Yerli ziyalılara, AMEA-ya göstərilən yüksək etimad
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliqeyd edib ki, Prezident İlham Əliyevin AMEA Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir. Onun sözlərinə görə, sərəncam AMEA Rəyasət Heyəti Aparatının əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir: "Bu sərəncam AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan 300 nəfərdən artıq şəxsə aiddir. Bu, Prezidentin yerli ziyalılara, AMEA-ya göstərdiyi yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu addım Azərbaycan elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək. Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək”.
Sosial addımların iqtisadi əsasları
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırıb, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaradıb, qeyri-neft sektorunun sürətli inkişafını təmin edib. Onun sözlərinə görə, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərib. Millət vəkili söyləyib ki, məhz 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına Prezident İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edilib: "Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin birinci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir”.
Əməkhaqlarının artımı iqtisadi fəallığı artıracaq
Dövlət başçısının sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsinin başlandığını vurğulayan deputat əlavə edib ki, yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur: "Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Digər tərəfdən, dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaq. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı, yəni 2,3 faiz olması artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq. Bütövlükdə Prezidentin sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsi gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi fəallığı artıracaq”.

Fərqli sektorlarda çalışanlar bu qərardan faydalanmış olacaq
İqtisadçı ekspert Vüqar Bayramov da bildirib ki, Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata çatdırılması ilə bağlı imzaladığı sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir: "Nəzərə alsaq ki, bu, 600 mindən çox vətəndaşı əhatə etməklə yanaşı, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin beynəlxalq standartlara yaxınlaşmasına xidmət edəcək. Minimum əməkhaqqının artırılması nisbətən az əməkhaqqı alan və daha çox sosial təminata ehtiyacı olan vətəndaşların sosial vəziyyətinə müsbət təsir edəcək. Praktik olaraq bu, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan verəcək. Təbii ki, bu da birmənalı şəkildə həmin vətəndaşların sosial vəziyyətinin və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından çox önəmlidir. Digər tərəfdən, minimum əməkhaqqının artırılması ilə bağlı qərar ölkəmizdə iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, sosial paket dövlətimizin başçısının diqqət mərkəzindədir. Həmin qərar, eyni zamanda, sosial sferada dövlət siyasətindən faydalananların sayının artmasına səbəb olacaq. Bundan dövlət sektoru ilə yanaşı, özəl sektorda çalışanlar da faydalana biləcək. Bu kontekstdən mülkiyyət növündən asılı olmayaraq fərqli sektorlarda çalışanlar bu qərardan faydalanmış olacaq. Həmin qərar sosial təminatın gücləndirilməsi istiqamətində atılmış ciddi addımlardandır. Bu, bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin başçısı üçün prioritet məsələlərdəndir. 2019-cu ildə minimum əməkhaqqının artırılması da birmənalı şəkildə bundan xəbər verir”.

Dinamik iqtisadi inkişafın başlıca hədəfi
Xatırladaq ki, Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti inqilabi addımların atılmasına imkan verən sosial islahatlar paketi bu il ərzində minimum pensiyanın məbləğinin növbəti dəfə əhəmiyyətli şəkildə artırılmasına da şərait yaradıb. Belə ki, dövlət başçısının yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulub. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanun layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindənverilən məlumata görə, minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, bu il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək. Həm bu təşəbbüs, həm də Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar ümumən ölkəmizdə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması tədbirlərinin getdikcə geniş vüsət aldığını, dövlət başçısının siyasətinə uyğun olaraq, dinamik iqtisadi inkişafın ilk növbədə, vətəndaş rifahının təminatı hədəfinə yönəldildiyini bir daha təsdiq edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər