• çərşənbə axşamı, 23 aprel, 13:46
  • Baku Bakı 24°C

Sosial siyasətin mahiyyətindən irəli gələn sərəncam

19.03.19 18:55 496
Sosial siyasətin mahiyyətindən irəli gələn sərəncam
Bu günlərdə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Belə ki, sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Kaspi"yə verilən məlumata görə, bu vəsait 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına imkan verəcək. Beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və onlara bərabər tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək avtomobil təqdim olunacaq.
Sərəncamın əhəmiyyəti haqda danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevbildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin sosial siyasətinin mərkəzində daim insan faktoru dayanır: "Sosial müdafiəyə ehtiyacı olan təbəqənin ehtiyacları hər zaman dövlətin diqqət mərkəzində olub. Prezident Qarabağ əlilləri, şəhid ailələri və bütövlükdə, müharibə əlillərinə hər zaman xüsusi qayğı göstərib. Bu kateqoriyadan olan insanların dövlət vəsaiti hesabına mənzil və avtomobil təminatı daha da yaxşılaşdırılıb. Onlar reabilitasiya vasitələri ilə təmin olunur, müalicələri dövlət vəsaiti hesabına təmin edilir. Bu insanların övladlarının təhsil alması üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılır. Bütün bunlar sosial siyasətin mahiyyətindən irəli gələn addımlardır. O cümlədən, son sərəncam da, bu tədbirlərin davamı kimi qəbul edilə bilər və bundan sonra da bu siyasət davam etdiriləcək. Ümumiyyətlə, 2019-cu il əhalinin sosial müdafiə və sosial rifah ili hesab olun bilər. İlham Əliyev əhalinin sosial müdafiəsi üçün ard-arda müxtəlif sərəncamlar imzalayıb. Onu da qeyd edim ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar bundan sonra da davam edəcək. Bu il ərzində həm əhalinin bu kateqoriyası, həm də bütövlükdə sosial rifahın gücləndirilməsi ilə bağlı yeni fərmanların imzalanması gözlənilir”.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədriFüzuli Rzaquliyevsöylədi ki, dövlət başçısı əhalinin həssas qrupunu hər zaman diqqət mərkəzində saxlayır: "Prezident İlham Əliyev son dövrlərdə bununla bağlı bir neçə fərman və sərəncam imzalayıb. Müharibə veteranları, şəhid ailələrinə kompensasiyalar ödənildi. Prezidentin bu addımı, verdiyi yüksək dəyərin göstəricisi kimi qiymətləndirilməlidir. Bu insanlar vətən uğrunda canını fəda etməkdən çəkinməyiblər. Düşünürəm ki, sərəncam onlar üçün yeni bir stimul rolunu oynayacaq. Həmin insanların diqqət və qayğıya hər zaman ehtiyacı olub. Dövlət başçısı da bu qayğını heç bir zaman onlardan əsirgəməyib. Hesab edirəm ki, sözügedən sərəncam həmin insanların özünə və ailəsinə yeni bir sevinc gətirəcək. Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir insan bizim üçün əzizdir, doğmadır. Bu istiqamətdə dövlətin sosial siyasi kursu bəllidir. Qeyd etdiyim kimi, bu kimi stimullaşdırıcı tədbirlər zaman-zaman dövlət tərəfindən həyata keçirilib. Mən özüm də müharibə əliliyəm. Bu mənada şəxsən öz adımdan, prezidentə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da sərəncamı bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirir: "Sosial siyasətin təməli hələ ulu öndər Heydər Əliyevin vaxtında qoyulub. Onun vaxtında da əhalinin bu qrupunun həyat rifahının yüksəldilməsi sosial siyasətin əsas istiqamətlərindən biri idi. O vaxtdan bəri Qarabağ əlilləri, şəhid ailələri daim dövlətin diqqət mərkəzində olub və bundan sonra da belə olacaq. Onların mənzil və avtomobillə təmin olunması dövlətin həmin insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu siyasət uzun illərdir ki, ardıcıl qaydada həyata keçirilir. Dövlət büdcəsinin imkanları artdıqca, həssas təbəqədən olan insanlara dövlət dəstəyi də artır. Prezidentin böyük sosial layihələrə imza atacaq sərəncamlarını xüsusilə qeyd etmək yerinə düşər. Bu yaxınlarda təqaüdlərin artırılması, mənzil şəraitinin yaxşılaşdırılması üçün böyük məbləğdə vəsait ayrıldı. Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə avtomobil verilməsi üçün ehtiyat fonddan beş milyon manat vəsaitin ayrılması çox mühüm hadisədir. Çünki bu, kifayət qədər böyük bir məbləğdir və xeyli insanın avtomobillə təmin olunmasına şərait yaradacaq. Belə bir sərəncamın verilməsi təqdirəlayiq haldır və yalnız alqışlana bilər. Buna görə, dövlət başçısına öz dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər