• cümə, 29 Mart, 05:21
  • Baku Bakı 7°C

Sosial şəbəkənin qovuşdurduğu cütlük - Ailə

24.04.20 12:00 3009
Sosial şəbəkənin qovuşdurduğu cütlük  - Ailə
Yusif Qasımov: "Mənə maraqlı idi ki, hansı situasiyalarda Pərvin necə reaksiya verir?”
Pərvin Qasımova: "Yusifdən daha yaradıcı bir evlilik təklifi gözləyirdim”
Mövcud karantin şəraitini səmərəli keçirdiklərini, qızları ilə oyunlar oynadıqlarını deyirlər. Əvvəllər birlikdə vaxt keçirə bilmədikləri üçün üzülsələr də, bu günlər birlikdə doyunca vaxt keçirirlər. Həmçinin karantin şəraitində bir-birilərini daha yaxşı tanıdıqlarını bildirirlər. "Ailə” rubrikamızın budəfəki qonaqları "Paşa Bank”da tranformasiya təlimçisi işləyən Yusif Qasımov və həyat yoldaşı, ARB kanalında direktor köməkçisi çalışan Pərvin Qasımovadır. Cütlüyümüzün 4 yaşında Zülfiyyə adlı qız övladı var.
7 gün 24 saat danışmağa başladıq
Adəti üzrə, cütlüyümüzlə ilk olaraq tanışlıqları haqqında həmsöhbət oluruq. Bunun üçün 9 il öncəyə geri getdik, çünki tanışlıqları 2011-ci ilə təsadüf edir: "Universitetin yeni başladığı dövr, sentyabrın 16-sı idi. Yusiflə ortaq tanışımız olan bir rəfiqəm var. O, "Facebook” səhifəsində status yazmışdı. Biz rəy bölümündə qızlarla yazışırdıq, bu məqamda Yusif də bizə qoşuldu. Bir az rəy bölümündə söhbət etdikdən sonra, bir də gördüm Yusif mənə dostluq təklifi göndərib. Mən də dərhal qəbul etmədim, rəfiqəm Yusifi tanıyırdı deyə, əvvəlcə ondan soruşdum ki, dostluğu qəbul edim, ya yox? O da Yusifi təriflədi ki, yaxşı oğlandı, əgər istəyirsənsə, dostluğu qəbul et. Açığı, həmin dövr üçün ağlıma belə gəlməzdi ki, Yusiflə münasibətimiz olacaq, biz ailə quracağıq. Dostluğu qəbul etdim, 7 gün 24 saat danışmağa başladıq (gülür)”.

Yusif deyir ki, 2011-ci ildə əsgərlikdən təzə gəlibmiş, uzunmüddətli ayrılıqdan sonra insanlarla yenidən münasibət qurmağa, dost olmağa çalışırmış: "Pərvinə dostluq atarkən, həqiqətən xüsusi məqsədim yox idi. Əsgərlikdən gəlmişdim, boşluq idi, insanlarla ünsiyyət qurmaq, yeni dostlar qazanmaq istəyirdim. Sırf, danışıb həmsöhbət olmağı düşünürdüm. Pərvinlə də söhbətlərimiz sakit tərzdə, ümumi mövzulardan olurdu. Çox səmimi danışıqlar idi, ən əsası isə heç kim heç kimi nəyəsə vadar etmirdi. Hər birimiz öz həyatımızı yaşayırdıq. Münasibətimiz virtualda başlasa da, zamanla reala keçdi. Hər növbəti addım öz axırı ilə gedirdi”.

"Karantindən sonra boşanmaq fikrimiz yoxdur”
Cütlüyümüzlə hər mövzudan danışıb, karantin şəraitini necə keçirdiklərini soruşmasaq, olmazdı. Pərvin düşünür ki, bu günlər onların üçlükdə vaxt keçirməyi üçün fürsət oldu: "Karantin günlərində, demək olar ki, bir-birimizi daha yaxşı tanıdıq. Uzun müddət idi ki, birlikdə vaxt keçirmirdik. Düzdür, bəzi ailələr zarafatla da olsa, karantindən sonra boşanacaqlarını deyirlər, amma bizdə elə fikir yoxdur (gülür). Bəlkə də karantindən əvvəl iş və digər problemlər ucbatından edə bilmədiklərimizi bu günlərdə etdik. İndi qızımızla oyunlar oynayırıq, birlikdə mətbəxdə yemək hazırlayırıq. Yəni karantın günlərimizi çox səmərəli keçiririk”.
Son olaraq həmsöhbətlərim ailə qurmaq istəyənlərə bir-birilərini daha yaxşı tanımağı, yaxşı və pis günləri birlikdə keçirə biləcəkləri şəxslə evlənməyi məsləhət görürlər: "Dərhal, tanış olan kimi ailə qurmasınlar. Birlikdə vaxt keçirsinlər, əsasən də bir-birilərini ürəkdən sevsinlər. Sevgisiz ailə qurmasınlar. Xoşbəxt olmağa çalışsınlar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər