• şənbə, 20 Aprel, 03:41
  • Baku Bakı 15°C

“Sosial sahə bizim üçün prioritetdir”

12.08.19 12:45 6523
“Sosial sahə bizim üçün prioritetdir”
Ölkədə keçirilən seçkilər öncəsi xalq qarşısında çıxış edən Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” söyləməklə, gələcək siyasətinin əsasında ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılmasının dayanacağını bəyan edib. Həmin vaxtdan indiyə qədər ötən vaxt ərzində bu istiqamətdə saysız-hesabsız addımlar atılıb, Azərbaycanın ümumi inkişafı, vətəndaşların daha yaxşı yaşaması üçün saysız-hesabsız layihələr həyata keçirilib, yüzlərlə fərman və sərəncamlar imzalanıb. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – söyləyən Prezident İlham Əliyev hazırda da ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul etməkdədir. Təkcə cari il ərzində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial layihələr bunu deməyə əsas verir. Belə ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə iki böyük sosial islahat paketi qəbul edilib. Bu sosial islahat paketlərindən birincisi 3 milyon insanımızı əhatə edib və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər olub. Bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və pensiyaçılarımızın, işləyən vətəndaşlarımızın əməkhaqları artırılıb.
İkinci sosial paketlə bağlı hazırlıq işləri də artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manat təşkil edib. Növbəti il üçün isə bu, 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə edib və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclərdir. Ümumilikdə bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.
Qeyd edək ki, minimum əməkhaqqında iki dəfə, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaqdır. Bütün bunlar Azərbaycanın sosial dövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Görünür ki, ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin daim nəzər-diqqətindədir. İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirdə dövlət başçısının bu məsələyə xüsusi olaraq toxunması da deyilənlərə əyani misaldır. Ölkə rəhbəri bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndiyini və bu sosial təşəbbüslərin 4 milyondan çox insanı əhatə etdiyini xatırladıb. Bildirib ki, atılan önəmli addımlar sayəsində minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb: "Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzuya dair "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Onun sözlərinə görə, məhz buna əsasən 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək: "Azərbaycanda həyata keçirilən bütün layihələrin, atılan bütün addımların təməlində ölkə iqtisadiyyatının inkişafı dayanır. İqtisadi tərəqqi imkan verir ki, əldə etdiyimiz gəlirləri vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldə bilək. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən və icra olunan sosial paketlər də bu qəbildəndir. Əgər biz bu ilin 6 ayı ərzində əldə olunan nəticələrə fikir versək görərik ki, Azərbaycan ötən müddətdə dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlərə də edib. Belə ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bununla yanaşı, büdcədaxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Təbii ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur. Bu bir daha təsdiq edir ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf nəticəsində sosial layihələrə daha çox diqqət yetirilir. Əminəm ki, növbəti illərdə həm iqtisadi uğurlarımız, həm də sosial sferanı əhatə edən layihələrin sayı daha da artacaq”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova da hesab edir ki, Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Deputatın fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı, həyat səviyyəsi davamlı olaraq yaxşılaşır. Millət vəkili vurğulayıb ki, cari ilin altı ayında sosial məsələlərin həlli xüsusi diqqət mərkəzində olub, atılan addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyib: "Sosial sahə daim Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biri olub. Bu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən çox böyük sosial paketlər təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox vətəndaşımızı əhatə edir. Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz qaldırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min yeni iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir. Əlbəttə ki, bu addımlar çox əhəmiyyətlidir və buna böyük maliyyə vəsaiti lazımdır. Azərbaycanın iqtisadi inkişafı bu tədbirlərin lazımi qaydada həyata keçirilməsinə imkan verir. Hər bir Azərbaycan vətəndaşı iqtisadi inkişafın müsbət təsirlərini öz həyatında hiss edir. Azərbaycanın iqtisadi gücü sosial sahəyə bilavasitə təsir edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər