Sosial-psixoloji bəla - ARAŞDIRMA
Və ya bilmədiyin
sahədən danışmaq, məsləhət vermək mərəzi
Koronavirus
(COVİD-19) pandemiyası dünyada tüğyan edir. Bəşəriyyətin bəlasına çevrilən bu
virusun kökünü birdəfəlik kəsmək hələlik mümkün olmur. Virusdan yeni viruslar
törəyərək əhali arasında daha sürətlə yayılır. Hər ötən gün yoluxma və ölüm
sayı durmadan artır. Bütün dünyada bu bəlaya qarşı effektiv mübarizə aparmaq
üçün peyvəndlənməyə start verilib. Hər bir ölkə öz əhalisini peyvənd olunmağa səsləyir,
bəziləri isə bunu məcburi edirlər. Bəzi ölkələrdə isə insanların peyvənd
olunması üçün hədiyyələr paylanır, pul mükafatları verilir, həmçinin digər bu
kimi stimullaşdırıcı tədbirlər görülür.
Heç kim iddia etmir ki...
Azərbaycan da dünyanın bir parçası kimi COVİD-19-a
qarşı mübarizəyə qoşulub. Bu məqsədlə dövlət səviyyəsində bir çox tədbirlər həyata
keçirilib. Əhalinin sağlamlığını qorumaq üçün səhiyyə işçiləri tam səfərbər
olub. Ölkəmizə bir neçə adda, hamıya yetəcək qədər peyvənd gətirilib. Səhiyyə
işçiləri, ayrı-ayrı mütəxəssislər kütləvi informasiya vasitələrinə verdikləri
açıqlamalarda peyvənd olunmağın koronovirus bəlasına qarşı mübarizədə ən
effektiv yol olduğunu bəyan edir, elmi əsaslar gətirirlər. Heç kim iddia etmir
ki, peyvəndlənən şəxs virusa yoluxmayacaq. Amma həm elmi əsaslar, həm də təcrübə
onu sübut edir ki, peyvəndlənən şəxslər, hətta virusa yoluxsalar belə, onu peyvənd
olunmayan şəxslərlə müqayisədə daha yüngül keçirir, ölüm riski ilə
rastlaşmırlar.
Keçi inadkarlığı
Belə bir gerçəklik fonunda hələ də insanlar
arasında peyvəndlənməyə şübhə ilə yanaşanlar tapılır. Təəssüf doğuran haldır
ki, belələrinin sırasında ictimai-siyasi sferada az-çox tanınan insanlar da yer
alırlar. Hər gün ətraflarında olan, yaxud yaxından-uzaqdan tanıdıqları, qohum-əqrəbaları
arasında kimlərinsə bu virusdan öldüyünü müşahidə etdikləri halda belə,
antipeyvənd təbliğatı aparmaqdan yorulmur, inadkarlıqla peyvəndin əhəmiyyətsizliyini
sübut etməyə çalışır, məcburi peyvəndləməni insan hüquq və azadlıqlarının
pozulması kimi qələmə verirlər. Belələrinin məqsədi, marağı və hədəfi nədir?
Onları antipeyvənd çağırışlara nə məcbur edir?
İnsan
başqasına o halda məsləhət verə bilər ki...
Mövzu ilə
bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan sosioloq Əhməd Qəşəmoğlu peyvəndə qarşı çıxanları, bununla bağlı çağırışlar
edənləri təqdir etmədiyini dilə gətirib. Deyib ki, insanın bilmədiyi sahədən
danışmaq həvəsi cəmiyyətimizdə böyük sosial-psixoloji bəladır: "Həyat prinsipim
belədir ki, dərindən bilmədiyin bir sahə haqqında başqasına məsləhət vermək
doğru deyil. İnsan başqasına o halda məsləhət verə, ona nəyisə tövsiyə edə bilər
ki, sözügedən məsələyə dərindən bələd olsun, yaxud o sahənin mütəxəssisi
sayılsın. Bu baxımdan kimsə zəng vurub məndən bələd olmadığım bir sahəyə dair
fikir bildirməyimi istəyəndə, bundan imtina edirəm. Çünki bilmədiyim bir sahəyə
dair bilgi, məlumat vermək yanlışlıq olardı”.
Yarımçıqlıq sindromu
Sosioloq
deyir ki, koronovirusla bağlı ona da müraciət edib fikrini öyrənmək istəyənlərə
cavabı bu olur ki, bu sahənin mütəxəssisi deyiləm, bu barədə məsləhət verə bilmərəm:
"Koronavirusa qarşı mübarizə üsullarını nə şərh edirəm, nə də tənqid edirəm.
Burada xeyli qeyri-müəyyənlik var. Peyvəndə qarşı çıxanları, bununla bağlı
çağırışlar edənləri də təqdir etmirəm. Sosioloq olaraq yanaşmam budur ki, bizim
cəmiyyətdə bilmədiyi sahədən danışmaq böyük sosial-psixoloji bəladır. Təəssüf
ki, bəzi insanlar bilmədikləri sahələrdən, yaxud yarımçıq oxuduqları
kitablardan, məqalələrdən amiranə danışırlar. Bu nöqteyi-nəzərdən peyvəndlənmə
barəsində də dərindən bilgiyə sahib olmadan çağırış etmək yanlış addımdır. Bilməyən
adam başqasına necə və hansı haqla məsləhət verə bilər? Bu, sosial-psixoloji və
yarımçıqlıq bəlasıdır”.
Antimilli və antibəşəri yanaşma
Milli Məclisin
deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı qəzetimizə açıqlamasında vurğulayıb ki,
koronovirusun tüğyan etdiyi bir vaxtda bu virusa qarşı aparılan peyvəndləmə
prosesinə qarşı çıxmaq, antipeyvənd çağırışlar etmək xalqa, mövcud hakimiyyətə
xoş münasibət bəslənilməməsinin, düşmənçiliyin ifadəsidir. Millət vəkilinin
sözlərinə görə, bu, sadəcə antimilli deyil, eyni zamanda antibəşəri yanaşmadır:
"Xalqımız populist fikirlər səsləndirən, düşüncəsi yerində olmayan insanların
çağırışlarına səs verməli deyil. Əksinə, peyvənd olunmağa daha çox maraq göstərməlidirlər.
Bəzən görürsən ki, elementar orta təhsili olmayan birisi sosial şəbəkədə
antipeyvənd təbliğat aparır, bunu kimlərinsə oyunu kimi qələmə verir. Oyundur,
nədir, fakt budur ki, bəşəriyyət bu bəladan əziyyət çəkir. Hər gün bu xəstəlikdən
insanlar ölür. Bütün dünya bu bəlaya qarşı mübarizənin içindədir. Təbii olaraq
belə vəziyyətdə bizlər də özümüzü, yaxınlarımızı, əzizlərimizi qorumaq üçün
qayda-qanunlara, tələblərə, şərtlərə riayət etməliyik. Bu şərtlər içərisində ən
vacibi də koronavirusa qarşı peyvənd olunmaqdır”.
Geniş maarifləndirmə işi aparmaqla yanaşı...
Deputat qeyd edib ki, peyvəndləməni məcburi etmək
lazımdır: "İlk növbədə Azərbaycandakı təhsil müəssisələrində çalışan bütün müəllim
heyəti, texniki işçilər peyvənd olunmalı, koronovirus pasportuna sahib
olmalıdırlar. Çünki onlar şagird-tələbə kontingenti ilə daim təmasda olurlar.
İnsanların kütləvi toplaşdığı məkanlara, o cümlədən təhsil müəssisələrinə
koronovirus pasportu, sertifikatı olmayan şəxslər buraxılmamalıdır. Ciddi şəkildə
buna əməl olunmalıdır. Restoran, market və sair bu kimi kütləvilik olan, həmçinin
ictimai yerlərdə insanlarımız qorunmalıdır. Hər gün koronavirusa yoluxanların və
ölənlərin sayı artır. Dünya böyük bir dalana dirənib. Düşünürəm ki, bu barədə
geniş maarifləndirmə işi aparmaqla yanaşı, həm də stimullaşdırıcı, hətta məcburi
xarakter daşıyan tədbirlər görülməlidir”.
Rufik İSMAYILOV