• şənbə, 20 Aprel, 04:47
  • Baku Bakı 15°C

Sorosun baş tutmayan “Paşinyan planı”

19.02.21 16:15 1125
Sorosun baş tutmayan “Paşinyan planı”
Qlobalistlər bundan sonra Ermənistana "Qarabağ klanı”, millətçi qanad vasitəsilə təsir etməyə çalışacaqlar?
Ermənistan rəhbərliyinin kapitulyasiya sənədini imzalanmasından sonra revanşizm tələbi ilə küçələrə çıxan erməni müxalifəti xalqın ciddi dəstəyini qazana bilmədi. Əksəriyyəti "Qarabağ klanı” və millətçilərdən ibarət bu dəstə, indi də ümidini Qərbə, daha dəqiq ifadə etsək, Sorosa dikib. Bu gün belə bir fikir geniş yayılıb ki, Nikol Paşinyan hökuməti Qarabağ müharibəsində məğlub olsa da, Sorosu hiyləgərcəsinə aldatmağa müvəffəq olub. Gəlinən qənaət budur ki, Nikol Paşinyan Qarabağla bağlı sülh razılaşmasına imza atdıqdan sonra spesifik vəziyyət yaranıb.
Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin "Moskva-Baku” portalına müsahibəsində bu və digər məsələlərə, o cümlədən Paşinyanı devirməyin nədən mümkünsüz olmasına cavab tapmağa çalışıb. Kapitulyasiya sənədinin imzalanmasından sonra parlamentin, hökumət binasının mühasirəyə alınması müşahidə olundu, müxalifət "Vətənin xilası üçün hərəkat” adı qurum da yaratdı və yeni ilə qədər Yerevan küçələrinə çıxıb Paşinyanın istefasını tələb etdi. Bir qədər fasilələrlə, hazırda mitinqlər davam edir. Lakin görünən odur ki, Paşiyanı devirmək mümkün olmadı. Bəs səbəb nədir? Rusiyalı politoloq hesab edir ki, Nikol Paşinyan lap əvvəldən düzgün siyasət qura bilmədi. Sorosla işbirliyi, Moskva ilə mübahisələr - bütün bunlar Qarabağı əldə saxlamağı mümkünsüz etdi. "Bütün bunlar bir zəncirin halqalarıdır. Qlobalistlərlə əməkdaşlığa gedərək, Moskvanın etimadını tamamilə itirdi. Onlar da Paşinyanı Putinlə qalmaqallara, biabırçı hərəkətlərə çəkdilər. Bu səbəbdən də Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda Vladimir Putin bunu tamamilə sakit formada qarşıladı və hətta daxilən dəstəklədi də. Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləmək üçün Moskva qarşısında heç bir mənəvi, psixoloji maneə qalmadı. Bu, bizim strateji maraqlarımıza uyğun gəlirdi və rasional bir haldır. Paşinyanın hərəkətləri səbəbindən Bakının torpaqlarını geri qaytarmaq üçün əl-qolu açılmış oldu. Bu, azərbaycanlılar üçün əhəmiyyətli idi və Rusiyanın strateji maraqlarına zidd deyildi, üstəlik, Türkiyə tərəfindən də aktiv dəstəkləndi. Paşinyanın, hakimiyyətinin birinci ilində özünü necə aparması məni şoka salmışdı. Sanki erməni deyildi”, - deyə fikirlərini bölüşüb.

Paşinyan dəyişib?

Ekspert əlavə edir ki, Ermənistanın məğlubiyyətindən sonra Paşinyan qəfildən mövqeyini dəyişdi və artıq özünü ağıllı siyasətçi kimi aparmağa başlayıb. Moskva ilə (prinsip etibarilə onun əvvəlki siyasətindən irəli gələrək yeni təxribatlara da gedə bilər) hər vəchlə vəziyyəti yaxşılaşdırmağa, münasibətlər qurmağa çalışır. Aradabir sərt anti-Azərbaycan ritorika səsləndirsə də, onların sayı xeyli azalıb və daha çox daxili auditoriyaya yönəlib. Bu gün Paşinyan erməni millətçilərindən və qlobalistlərdən savayı hər kəsə sərf edir. "Erməni baş nazir hazırda, mənim qənaətimcə, ölkəsinin maraqlarına uyğun fəaliyyət göstərir. Erməni xalqı da başa düşüb ki, Paşinyan indiki mərhələdə onlara lazımdır, bütün problemlərinin həlli deməkdir. Sülh razılaşmasına imza atmaqla, faktiki olaraq Ermənistanın Qarabağa iddialarından əl çəkib və Azərbaycanın qələbəsini tanımış olub. Bununla yanaşı, Yerevanın Moskva ilə gələcək münasibətlərini asanlaşdırmış olub. Çünki Paşinyanı devirəcək millətçilərin hakimiyyətə gəlməsi ilə Moskva mürəkkəb durumda olacaqdı. Həmin qüvvələr Moskvaya deyəcəkdilər ki, bəs biz Sorosun adamını hakimiyyətdən götürdük, bizim əvvəlki mövqelərimizi bərpa edin. O zaman Moskvaya Qarabağla bağlı siyasət aparmaq asan olmayacaqdı. Əlbəttə, ermənilər Moskva ilə manipulyasiya etməyə cəhd edəcəkdilər. Qarabağda Rusiyanı yeni gərginliyə cəlb etmək üçün təxribatların olacağı da istisna deyildi. Paşinyanın hakimiyyəti dövründə isə bunlar olmayacaq. O, artıq müharibə oyunu aparmaq istəməz və bu da indi hamıya sərf edir”, - deyə A.Duqin vurğulayıb. Onun qənaətincə, indi Ermənistana, qəribə olsa da, Azərbaycanla, Türkiyə və Rusiya ilə sülh sərf edir. İqtisadi dirçəliş şansı, bütün problemlərin həlli bundadır: "Bu gün erməni baş nazir özünü erməni maraqlarını rəhbər tutan çevik siyasətçi kimi aparır. Vaxtında dayana bildi”.

Soros təşkilatları Paşinyanı hədəfə alıblar

Yeri gəlmişkən, Ermənistandakı Soros təşkilatları hazırda Paşinyanı hədəfə alıblar. Görünür, "məxməri inqilab”ı Ermənistana gətirən Sorosa ölkədəki proseslərin gedişi xoş gəlməyib və indi Paşinyan onun üçün "işlənmiş material” hesab edilir. Rusiyalı ekspert hesab edir ki, bu, həqiqətdir: "Əslində indiki baş nazirin Ermənistana ciddi zərbə vuran Amerika-Bayden-Soros yuvasını dağıtmaq üçün bütün əsası var. Sorosu ölkədən qovub çıxarmaq gərəkdir. Paşinyan başqaları kimi bilir ki, Qərbin dəstəyi nə deməkdir və anlayır ki, bu, necə bir ağadır - bütün ağalardan ən qorxulusudur. Sxem yaxşı məlumdur. Qərb əvvəlcə istifadə edir, sonra isə çirkli su kimi kənara atır. Onlar müəyyən anda bir saniyəyə təslim edirlər. Soros üçün o, hər zaman işlənmiş material, "qastarbayter”, dövrü muzdlu işçilər olacaq. Qlobalistlərlə iş quran istənilən şəxsin, sonda taleyi bəllidir. Bu, qara xətdir – özününküləri müdafiə etmir, onları satır, istifadə edilib bir kənara tullanılır. Müvafiq olaraq Paşinyan da erməni siyasətinin ağıllı kəsiminə tərəf çevrilən kimi, Soros qəzəblənib. İndi hesab edirəm ki, Soros, əksinə, bundan sonra Paşinyan əleyhdarlarını, əvvəllər düşməni olan millətçiləri, "Qarabağ klanını” dəstəkləməyə başlayacaq. Ermənistanda hər şey 180 dərəcə dəyişib. Əvvəllər millətçi qüvvələr Rusiyaya oriyentasiya olunmuşdular - "Qarabağ klanı” Serj Sarkisyan və ondan əvvəl də Robert Koçaryan. Onlar Moskva ilə hər məsələdə razılaşırdılar və bunun müqabilində də status-kvo qorunub saxlanılırdı. Lakin Sorosun dəstək verdiyi Paşinyan ortaya çıxandan sonra bu model məhv edildi və nəticədə Qarabağ da itirildi. Əslində Sorosun planı əvvəldən belə idi ki, Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra Rusiyaya, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına qarşı çıxmalı idi. Qarabağın itirilməsindən sonra isə Azərbaycana qarşı təxribatlara yol vermək, Türkiyənin roluna qarşı çıxmaq, ümumiyyətlə, Soros strategiyasını həyata keçirmək gərək idi. O isə tez özünə gəldi, Azərbaycan və Rusiya ilə sülh razılaşmasına qol çəkdi, Putinlə anlaşdı. İndi Soros - bu vampir saçlarını yolur. Hesab edirəm ki, indi Soros və ABŞ səfirliyi bu ölkədə strateji dağıdıcılıq fəaliyyəti göstərmək üçün mərkəz rolunu oynayır. İndiki erməni rəhbərliyi ekstremist ideologiyaya qarşı ayıq-sayıq olmalıdır. Soros və Paşinyan arasında ciddi münaqişənin yaşandığı bir dönəmdə, erməni baş naziri müdafiə etməliyik. İstənilən alyans pozitiv, konstruktivdir, əks halda qlobalist şəbəkələrə qurban gedəcək. Bu, istənilən geosiyasi vəziyyətdə qələbəyə gedən yoldur. Bunu hər zaman çox gözəl şəkildə İlham Əliyev, Ərdoğan və İran başa düşürdü. Əgər ermənilər də bunu anlasalar, yaxşı olardı. Hesab edirəm ki, Avrasiya ölkələri birlikdə fəaliyyət göstərməli, çoxqütblü dünyada axtarıb öz yerini tapmalıdır. Belə bir yolla İlham Əliyev aktiv şəkildə məşğuldur”.
Bu gün erməni müxalifəti, daha dəqiq ifadə etsək, "Qarabağ klanı” kimi xarakterizə edilən və bir vaxtlar Rusiyanın müttəfiqi olan şəxslərin düşmən rolunda olduqlarını qeyd edən ekspert bu qənaətdədir ki, Sorosun "Paşinyan layihəsi” baş tutmadığından, qlobalistlər artıq Ermənistana "Qarabağ klanı” vasitəsilə soxulmağa çalışacaqlar: "Paşinyan vasitəsilə deyil, məhz "Qarabağ klanı”nın köməyi ilə. Bununla yanaşı, hesab edirəm ki, yaxın vaxtlarda yeni millətçi qüvvə ortaya çıxacaq. Bu, sadəcə qaçılmaz və zəruridir. Qoy bu qüvvə Paşinyana müxalif olsun, lakin qərbpərəst olmalıdır. Lakin bu qüvvənin hakimiyyətə gəlməsi asan olmayacaq. Əgər baş nazir siyasi istiqaməti dəyişibsə, o zaman onun qatı əleyhdarları, millətçilər, "Qarabağ klanı” kömək üçün Sorosa, amerikalılara müraciət edəcək. Bununla da, yenə Ermənistanı problemli dairəyə salmış olacaqlar. Bu səbəbdən də Ermənistanda yeni qüvvənin ortaya çıxması gərəkdir”.

Nəqliyyat-iqtisadi əlaqələrin normallaşması Ermənistanın xeyrinədir

Yeri gəlmişkən, Qarabağ kursunda reallaşması gözlənilən növbəti məsələ nəqliyyat-iqtisadi əlaqələrin normallaşmasıdır. Ermənistanda mütəmadi olaraq qeyd edilir ki, bu dəhlizlərin açılması, ilk növbədə Azərbaycan və Türkiyənin maraqlarına uyğundur. Halbuki, bu ölkə 30 ildir bəyan edir ki, blokadaya alınıb və bu səbəbdən də qlobal layihələrdə iştirak edə bilmir. Ekspertin qənaətincə, nəqliyyat-iqtisadi əlaqələrin bərpası regionun bütün ölkələri üçün əlverişlidir, yeni bir səhifə aşmış olacaq. Xüsusən də, Ermənistan üçün mənfəətlidir: "Bu səbəbdən də region ölkələri, Ermənistan istisna olmaqla, quru və yaxud su ilə digər dövlətlərə çıxmaq şansına malikdir. Yalnız Ermənistan bloklanıb və dalana dirənib. Əslində bu, ölkənin faciəsidir. Nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin bərpası bütün istiqamətlər üzrə birbaşa inteqrasiya - erməni iqtisadiyyatı üçün pozitiv partlayışdır. Bu, ölkənin iqtisadi, sosial, siyasi, diplomatik, mədəni çiçəklənməsi deməkdir. Keçmiş düşmən üzərində əsl qələbə, ondan dost yaratmaqdır. Bu, çox incə məsələdir”.

Moskva-Bakı-Ankara oxu

Qarabağ nizamlanması fonunda Moskva-Bakı-Ankara oxunun yaranması perspektivinə də toxunan ekspert hesab edir ki, bunun çox yaxşı bir əsas yaranıb: "Qarabağdakı vəziyyət çox gözəl formada göstərdi ki, bu proses mövcuddur. Rusiyanın düşmənləri Rusiyanı Azərbaycanla, Türkiyə ilə münaqişəyə nə qədər cəlb etməyə çalışsalar da, bu, baş tutmadı. Nə qədər təxribatlar olsa da, Rusiya Moskva-Bakı-Ankara oxuna ciddi yanaşır. Əliyev və Putinin yaxınlığı isə ayrıca bir epopeyadır. İki uzaqgörən lider öz ölkələrini, xalqlarını hücum mövqelərinə aparıb çıxarıblar. Bununla yanaşı, daha bir xətti də yaddan çıxarmaq olmaz. Bu, Moskva-Tehran-Yerevan üçbucağıdır. Moskva onların hər ikisini müttəfiq kimi görür. Paşinyanın hakimiyyətinin ilk illərində Soros təxribatlarına baxmayaraq, bu xətt mövcuddur. Əsas diqqət Moskva-Bakı-Ankara xəttinin gücləndirilməsidir. Hər zaman onun həyat qabiliyyətli olduğunu göstərmək gərəkdir”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər