• şənbə, 23 Noyabr, 13:51
  • Baku Bakı 14°C

Soros Ermənistanda açıq fəaliyyətə keçib

30.07.21 16:00 1931
Soros Ermənistanda açıq fəaliyyətə keçib
Paşinyan anti-Rusiya fəaliyyətini genişləndirmək tapşırığı alıb
Postsovet məkanında "rəngli inqilablar”ın əsas ideoloqu, amerikalı maliyyəçi Corc Soros Azərbaycana qarşı növbəti təxribat planına hazırlaşır. Bəlli olduğu kimi, inqilabdan sonra hakimiyyətə gələn Nikol Paşinyan hökumətdə əsas etibarilə Soros Fondunun tərəfdarlarını yerləşdirdi. Və bu gün Ermənistan, faktiki olaraq amerikalı milyarderin tərəfdarları tərəfindən idarə olunan yeganə ölkədir.
Məsləhətçi kim olub?
Rusiyanın aparıcı kütləvi informasiya vasitələri Ermənistanda Soros tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini dəfələrlə yazıb. Bir-neçə gün əvvəl Ermənistan növbəti hərbi təxribata əl atdı və əldə olunan razılaşmaları kobud şəkildə pozaraq Kəlbəcər istiqamətində atəşkəsi pozdu. Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutaraq döyüşlərə başladı. Halbuki, yaxın günlərdə Moskvada danışıqların yeni mərhələsi gözlənildiyi barədə xəbərlər dolaşırdı. Və sözün əsl mənasında, yeni taleyüklü razılaşmadan bir neçə saat əvvəl İrəvan Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqları pozdu. Aydındır ki, dağılmış vəziyyətdə olan Ermənistan təkbaşına belə bir intihar təxribatına getməzdi - kimsə Paşinyana Azərbaycanla kövrək barışığı pozmağı məsləhət gördü.
Sorosçuların tələbi
Hadisələrin daha da inkişafı çirkli siyasi intriqalara işıq salır. Erməni mətbuatında yayılan məlumatda bildirilir ki, Açıq Cəmiyyət-Ermənistan Fondu (Soros Vəqfi) və onun maliyyələşdirdiyi ictimai təşkilatlar Ermənistan hakimiyyətindən sərhəddə vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etməyi tələb edib. "Fond Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünün pozulması və vaxtaşırı hərbi təxribatlar nəzərə alınmaqla dərhal BMT Təhlükəsizlik Şurasına müraciət etməyi tələb edir", - məlumatda deyilir. Bundan əlavə, Soros Fondu hakimiyyəti "sərhəd zonalarındakı vəziyyətin obyektiv qiymətləndirilməsi üçün" Ermənistana xüsusi monitorinq missiyası göndərmək təklifi ilə ATƏT-ə müraciət etməyə çağırır. Bəyanat müəlliflərinə görə, belə bir tədbir sərhəd kəndlərinin sakinlərinin təhlükəsizliyini təmin edəcək və hökumətin təhlükəsizlik problemlərini həll etmək səylərini dəstəkləyəcək. Sorosla əlaqəli onlarla təşkilatın imzaladığı sənəddə bu məsələlərdə gecikmənin "geri dönməz nəticələrə səbəb olacağı" bildirilir. Amerikalı milyarder artıq Ermənistana təsirini gizlətmir. Bu gün Soros Ermənistandakı kuklalarına açıq şəkildə əmr verməyə başlayıb. "Rəngli inqilabların" ideoloqunun Azərbaycana qarşı daha bir beynəlxalq təxribat hazırladığı göz qabağındadır və çox yaxın gələcəkdə beynəlxalq təşkilatların Azərbaycana qarşı yeni təzyiq dövrəsinin başlayacağı istisna edilmir.
Paşinyan Rusiyanı şantaj edir
Yeri gəlmişkən, sözsüz ki, burada Paşinyanın Avropadan alacağı 2,6 milyard avronun təsiri də var. İndidən başı gicəllənən Nikol Paşinyan Sorosun planına uyğun olaraq anti-Rusiya mövqeyi də ortaya qoymaqdadır. Belə ki, hökumətin iclasında Azərbaycana qarşı cəfəng ittihamlar səsləndirərkən, Rusiyadan narazılığını ifadə edən mesajlar göndərib. Məsələn, Nikol Paşinyan rəsmi Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək istəmədiyini deyərək, fikrini belə tamamlayıb: "Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin hərbçilər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”. Paşinyan bu cümlə ilə demək istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib.Başqa bir mesajında hədələyici cümlə də işlədib. Deyib ki, "Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”. Yəni Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhədimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik.
Komandadan çıxarılanların sığınacağı
Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir. Moskvanın özü Bakının təklifini səsləndirib. Yəni sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır. Paşinyan "delimitasiya” və "demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. O, Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq, sanki belə demək istəyir: "Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdırlar. Lakin Rusiya isə buna hazır deyil və rəqiblərini Ermənistana buraxmayacaq.
Beləliklə, görünən odur ki, Nikol Paşinyan anti-Rusiya oyununu nəinki dayandırıb, əksinə, ona yeni çalarlar qatıb. Vacib vəzifələr Rusiya əleyhinə olanlara verilir. Məsələn, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanı Milli Təhlükəsizlik Şurasına katib təyin etmək ehtimalı xüsusilə pis qəbul edilib. Aylar öncə Vatikandakı keçmiş səfir, keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikayel Minasyan "Facebook” videosunda parlamentin spikerinin 2005-ci ildən etibarən agent olduğunu və illərdir Ermənistanın sirlərini satdığını bildirmişdi. Onun sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Mirzoyanın əlaqələrini aşkara çıxaranda onu "ikili agent” olmağa məcbur edib. Buna cavab olaraq Mirzoyan yüngül bir şəkildə təhdid etdi ki, Minasyan yalana, xəyanətə görə cavab verəcək. Lakin aylar keçib, Minasyana qarşı hər hansı hüquqi proses başlamayıb. Beləliklə, "agent” adlandırılan şəxs elə bir vəzifəyə təyin edilir ki, o, rus xidmət orqanları ilə birbaşa və yaxın əlaqədə olmalıdır. Hələ Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi təyin edilməsinin ilk dövründə mətbuatda məlumatlar yayıldı ki, Rusiya sorosçu Qriqoryana gizli informasiyalar və sənədlər verməkdən imtina edir. Lakin Paşinyanı ümumiyyətlə ölkənin maraqları düşündürmür, dar şəxsi və siyasi hesablamalarını rəhbər tutur. Əslində, Təhlükəsizlik Şurası həm Serj Sarkisyan, həm də Paşinyan üçün siyasi sövdələşmə düyününə, ya da komandadan çıxarılanların sığınacağına çevrilib. Məsələ burasındadır ki, Mirzoyan və Paşinyan arasındakı münasibətlər müharibədən əvvəl onsuz da qeyri-bərabər idi. Mirzoyanın hakimiyyəti ələ keçirmək ambisiyaları var idi və hökumət daxilində öz komandasını formalaşdırırdı. Mətbuatın yazdığına görə, bunun səbəbi Ararat Mirzoyanın planı idi, o, müharibədən dərhal sonra Nikol Paşinyan tərəfindən hədəfə alındı və 9 noyabr gecəsi ağır bir şəkildə döyüldü. Armen Qriqoryanın Ermənistan Xarici işlər nazirinin birinci müavini təyin olunması da eyni maraqlarla reallaşdı və o, yaxın günlərdə nazir təyin ediləcək. Nikol Paşinyan bu təyinata sorosçu sahibləri tərəfindən getməyə məcbur edilib. Yaxın gələcəkdə növbəti hökumət qurulanda, bənzər səs-küylü təyinatlar olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər