Sonsuzluq səbəbi ilə boşanmalar niyə çoxalıb?

Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas
problemlər uşaqlı ailələrdə yaranır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri
Elgün Səfərov deyib. Onun sözlərinə görə, ər-arvad ayrıldıqdan sonra ortaya
çıxan əsas problemlər uşaqların hansı valideynin yanında qalması, alimentin ödənilməməsi,
qeydiyyatla bağlı olur.
Komitənin belə ailələrdə uşaqlara psixoloji
baxımdan yardımlar göstərdiyini nəzərə çatdıran E.Səfərov əlavə edib ki, Azərbaycan
ailələrində boşandıqdan sonra əsas ortaya çıxan problemlərdən biri də birgə əmlakların
bölüşdürülə bilməməsi səbəbindən yaranır: "Boşanan zaman ən çox rast gəlinən
problemlərdən biri də tərəflərin rəsmi nikahının olmamasıdır. Buna görə də məsələhətimiz
odur ki, tərəflər nikaha daxil olarkən dini nikahla bərabər, rəsmi nikah da
bağlasınlar”.
E.Səfərov əlavə edib ki, Dövlət Statistika
Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda
6281 boşanma faktı qeydə alınıb. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda
boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq,
narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması boşanmaların əsas
səbəbləri arasındadır. Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələrdə boşanmaların
sayı artıb. Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764
boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə
alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə boşanmış
uşaqlı ailələrdə 9378 uşaq olub. Azərbaycanda uşaqsız ailələrdə də boşanma
halları artır. Uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634,
2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972,
2014-cü ildə 6840, 2015-ci ildə, 6950 olub.
Statistik rəqəmlərə baxdıqda, boşanmaların böyük
bir qisminin məhz sonsuzluqla bağlı olduğunu görə bilərik. Elm və texnikanın bu
qədər inkişaf etdiyi cəmiyyətdə bu problemə görə dağılan ailələr var. Bəs
görəsən sonsuzluq problemi niyə getdikcə daha da artır? Ümumiyətlə, sonsuzluq ailənin
dağılmasına əsas olmalıdırmı? Niyə bizdə süni mayalnmaya birmənalı yanaşılmır?
Ginekoloq Naibə Həsənova deyir ki, sonsuzluq probleminin geniş arealı əhatə etməsinin əsas səbəblərindən
biri də maddi vəziyyətlə bağlıdır: "Bir çox ailələrin maddi durumu imkan vermir
ki, onlar vaxtında tələb olunan müalicəni
etsinlər. Bəzən sonsuzluğun bəzi növləri cərrahi əməliyyat tələb edir. Bu da
kifayət qədər maddi vəsait tələb edir. Həmçinin bizdə milli mental dəyərlərə
görə sonsuzluq zamanı daha çox qadının üzərinə düşülür. Lakin qeyd edim ki, kişilərin
özünün nəsil artırmaq qabiliyyətinin aşağı olması da burada əsas rol oynayan faktorlardan biridir”.
Ginekoloq bəzi məqamlara da aydınlıq gətirdi: "Sonzuluğun son dövrlərdə
geniş yayılmasının bir səbəbi də ekoloji faktorlardır. Əlverişli mühitin olmaması,
iş stressləri, beyinin çox yüklənməsi də burada müəyyən mənada rol oynayır. Bu
zaman gənc ailələr bir çox hallarda süni mayalanmaya razılıq vermirlər. Bu da qeyd
etdiyim kimi, bizim milli-mental dəyərlərimizlə birbaşa bağlı olan bir
problemdir. Hesab edirəm ki, insanlar maariflənərsə və bu haqda geniş məlumat əldə
edərlərsə, bu problem aradan qalxa bilər. Lakin bir şeyi vurğulmaq lazımdır ki,
süni mayalanma sonsuzluğun çarəsi deyil. Çünki təkcə süni mayalanma ilə iş
bitmir. O cümlədən süni mayalanma ilə bütün qadınlar sonsuzluqdan azad ola
bilmirlər. Onun da faizi çox aşağı səviyyədədir. Məsələn, hər 10 xəstədən 5-də
bu, effekt göstərirsə, yerdə qalan 5-də
təsir göstərmir. Bəzi ailələr süni mayalanma üçün 2-3 dəfə müraciət etsələr
də, yenə də uğurlu alınmır. Bundan sonra isə əksəriyyət davam etmir. Təbii ki,
hər şeyin başında ilk növbədə maddiyyat dayanır. Ümumiyyətlə, sonsuzluğa səbəb
olan 5 amil var ki, bunlardan birincisi və ən önəmlisi hormonal faktorlar hesab
olunur. Həmçinin cinsi yolla keçən infeksiyalar da sonsuzluğun geniş yayılmasına
səbəb olan əhəmiyyətli faktorlar sırasındadır. Bu infeksiyalar iltihab törədir
və mayalanmaya imkan vermir. Sonsuzluğun başqa bir səbəbi isə irsi faktorlardan
irəli gəlir. Genetik amillər burada mühüm rol oynayır”
Sosioloq
Lalə Mehralı da deyir ki, boşanmaya ən çox rəvac verən
amillərdən biri məhz sonsuzluq hesab olunur: "Ötən ilin ikinci yarısında da bu
mövzu mətbuatda çox müzakirə edildi: "Mən onda da boşanma səbəbləri arasında ən
birinci səbəbin erkən nikah, buna bağlı olaraq sonsuzluq olduğunu göstərmişdim
Məlumdur ki, yetkinlik yaşına çatmayan qızların nəsilartırma qabiliyyəti məhdud
olur və saysız-hesabsız dərman, iynə müalicəsi təyin edən həkim "səy”i
nəticəsində az faizlik doğuş payı da yox olur. Bu da təbii ki, ailələrdə
söz-söhbətə səbəb olur, nəticə boşanmalaradək gedib çıxır. Bu fikrimə bir çox
ekspert etiraz etdi, amma açıqlanan statistika onu göstərir ki, bu gün
həqiqətən də boşanmaların əksətiyyətində bu amil asas rol oynayır. Səbəblər
arasında qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər və s. də var. Amma bu
səbəblər içində boşanmaya ən çox rəvac verən əsas amil sonsuzluqdur. Bizim
mentalitetdə "uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı
olmayan qadını və ya kişini ailəli görmək istəmirlər”.
L.Mehralı deyir ki, çox vaxt valideynlər qızını və ya oğlunu övladı olmayan
biri ilə yaşamağa qoymur: "Bizdə belə bir fikir var ki, əgər övladın yoxdursa,
sənin ailəli olmağa haqqın da yoxdur. Bu düşüncə tərzi Azərbaycanda ailə
institutunu dağıdır. Süni mayalanma yolu ilə övlad sahibi olan ailələrimiz də
çoxdur, amma onlar ətrafları tərəfindən çox qınağa məruz qalırlar. Ailədə
doğulan uşağın kişidən olmadığını, donor vasitəsi ilə doğulduğunu, atasının
məlum olmadığını, hətta daha da aqressivləşib "bic” doğulduğunu qulaqdan-qulağa
fısıldayırlar. Ata övladının bioloji atası olduğunu bilir, amma bu fısıltılar
onu da narahat edir. Dost məclisində, xeyir-şərdə iki nəfər söhbət edəndə onun
ailəsini müzakirə edirlər deyə düşünür. Bu pıçıltılar səbəbindən də süni
mayalanma fikri bizim cəmiyyətdə o qədər də xoş qarşılanmır. Qonşusunun
ailəsindəki bu söz-söhbəti eşidən, süni mayalanma etdirərək övlad sahibi olmaq
istəyən başqa bir övladsız ailə də fikrindən daşınır. Daha doğrusu, əsasən kişilər
istəmir. 5 il, 10 il boşanmayıb müalicələrin effekt verəcəyini gözləyən
cütlüklər var ki, sonunda boşanırlar, amma süni mayalanma etdirmirlər. Uşaq
evindən körpə götürüb saxlamaq məsələsi boşanmalardan qurtuluş yolu ola
bilərdi, amma övladlığa götürmə şərtlərinin ağır olması da bunu əngəlləyir.
Doğrudur, şərtlər yüngül olsaydı, dövlət himayəsində olan uşaqların sonrakı
taleyi müəmmalı olardı, hər yoldan ötən uşaq övladlığa götürüb istədiyi əməl
üçün onu istismar edə bilərdi. Şərtlərin ağır, daha doğrusu, ciddi olması bu
problemin qarşısını alır. Amma təəssüf ki, bizim ailələr də uşaq evindən övlad
götürməyi sevmirlər. Özləri istəyəndə böyüklər mane olur, "qanı qanımızdan
deyil” kimi bəhanələrlə gəncləri fikirlərindən yayındırırlar. Uşaq ailənin iki
təməl fərdi – ata və ana arasındakı körpüdür.O körpü ailənin daha möhkəm, daha
sağlam olmasına xidmət edir. Cütlük öz aralarında bəzən yola getməsələr də,
körpə üçün ən optimal yolu seçə bilirlər, ona görə bir-birinə güzəştə gedirlər.
"Sevgi, eşq, məhəbbət – bunlar olan yerdə bu körpü olmasa da fərq etmir”
deyənlər çoxdur, amma onların dediyi ailələr də cəmiyyətin çox az hissəsini
təşkil edir. Yəni qurulan bütün ailələrimizdə mental dəyərlərdən qaynaqlanan
bir istək var ki, bu da övlad istəyidir”.
Psixoloq
Könül Mikayılzadə deyir ki, bizdə ailələr fərqli stereotiplər və
kriteriyalar üzərində qurulur: "Bizdə oğlanlar və qızlar ailə qurarkən
müxtəlif kriteriyalara diqqət
yetirirlər. Onlar dərk etmirlər ki, əslində hər şeydən önəmlisi qarşı tərəflə
olan uyğunluqdur. Qərbdə gənclər ailə həyatı qurarkən qarşı tərəflə bütün
cəhətlərin üst-üstə düşüb-düşmədiyinə çox önəm veririlər. Onlar hətta bir-birlərinin
cinsəl həyatında uyğun gəlib-gəlmədiyinə belə önəm verirlər. Bizdə isə milli
mentalitet buna qətiyyən imkan vermir. Əksinə, qızlar oğlanın imkanına, evinə,
maşınına, oğlanlar isə bu qızın həyatında ilk olub-olmadığına önəm verirlər.
Evlənəndən sonra gənclər bu ailəni saxlaya biləcəklərmi deyə əmin olmaq
lazımdır. Cəmiyyətimizdə el-oba nə deyəcək kimi və s. fikirlər hər zaman önəmli
olur. Bir çoxları fikirləşir ki, ailə quran kimi, uşaq dünyaya gəlməlidir.
Yoxsa qohum-əqrəbaya nə deyərik? Belə ailələr süni mayalanmaya ümumiyyətlə
getmirlər. Çünki bu, psxioloji bir şeydir. Onlar dərk etmirlər ki, əslində bu
eyni prosesdir. Sadəcə, biri təbii yolla, biri isə kliniki yolla həyata
keçirilir. Gənclərin bir çoxu psixoloji olaraq buna ümumiyyətlə hazır deyillər.
Daha doğrusu, onlar süni mayalanmanın nə olduğunu dərk etmirlər. Buna görə də
xeyli sayda ailələr dağılır”.
Şəbnəm Mehdizadə
