Sonsuzluq dünyanın sonu deyil
"Uşaqları olmadı
boşandılar”. Bu ifadə bir çox ailənin boşanma səbəbini soruşarkən aldığımız
cavabdır. Bəli, danılmaz faktdır ki, boşanmaların əksəriyyəti uşağa görə olur.
Açıqlanan statistik göstərici də bunu təsdiq edir. Belə ki, Azərbaycanda
sonsuzluq səbəbindən nikahların pozulması halları 33,5 faiz artıb. Ədliyyə
Nazirliyindən bildirilib ki, 2018-ci ildə Azərbaycanda uşaqların olmamağı
səbəbindən 785 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə bu səbəbdən
nikahların pozulması halları 588 olub. Nazirlikdən bildirilib ki, Azərbaycanda
nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin
tutmamağı, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin yoxluğu, ailədaxili
zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmamağı, sərxoşluq,
narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.
Əslində, sadalanan
səbəblərin hamısını bir-bir nəzərdən keçirəsi olsaq, boşanmalara müəyyən qədər
haqq qazandırmaq olar. Yəni xasiyyətin tutmadığı, zorakılığın tətbiq edildiyi,
münasibətlərin pozulduğu, ziyanlı vərdişlərin olduğu evliliyi davam etdirmək
çətin olur. Amma uşağın olmamağına görə boşanmaq başadüşülən deyil. Maraqlıdır,
nəyə görə sonsuz olan ailələr çıxış yolunu boşanmaqda görür? Hətta, məşhur bir
deyim var: "Ölümdən başqa hər şeyin çarəsi var”. Həqiqətən də, texnika və
texnologiyanın, tibb elminin inkişaf etdiyi dövrdə nə üçün insanlar övlad
sahibi ola bilmirlər deyə ailələrini dağıdırlar? Digər tərəfdən, axı, kim
zəmanət verir ki, başqa biri ilə yenidən quracağınız ailədə övladınız olacaq?
Günümüzdə sonsuz şəxslərin də xoşbəxt olmağı, ailələrini dağıtmamağı üçün bir
sıra alternativ yollar var. Məsələ ilə bağlı mütəxəssislərlə həmsöhbət olduq.
İki
insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonu
Psixoloq Könül Telmanqızıbildirdi
ki, böyük ümidlərlə başlayan nikahlar bəzən boşanmalarla nəticələnir: "Boşanma
iki insanın arasındakı duyğusal və şəxsi əlaqənin sonudur. Boşanmanın bir çox psixoloji
səbəbləri var. Boşanma hallarının yaşanmamağı üçün ailədə birinci sevgi, hörmət
və güvən önəmli olmalıdır. Ailədə yaranacaq məişət problemləri, anlaşılmazlıqları
və övlad problemini cütlər öz münasibətlərində anlayışla qarşılayaraq həll edə
bilərlər.Gənclər evlənməmişdən əvvəl beyinlərində gələcək ailə həyatı və
böyüdəcəyi övladları haqqında müəyyən fikirlər formalaşdırırlar. Həmin fikirlər
ilə qurduğu ailə həyatı üst-üstə düşməyən zaman isə problemlər yaranır, beyində
müqayisə başlanır. Çünki gənclər ailə qurmamışdan əvvəl beyinlərində xoş şeylər
canlandırmışdı, amma onun əvəzinə problemləri gördülər”.
K. Telmanqızı deyir ki,
ailəni qorumaqda əsas amil keçid dövrünü adlamaqdır: "Ən çətini ailə həyatının
ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt
tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə
bilmirsə, ailəsi dağılır. Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə
görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici
ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji
problemlərlə bağlı olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə, bu,
uşaq dünyaya gətirməyə də mane olur. Bu dövr ər və arvad üçün müxtəlif
aspektlərdə çətinliklərin yaşandığı dövrdür. Hər bir problemin fizioloji
səbəblərindən başqa, həll prosesi zamanı psixoloji səbəbləri araşdırılmalıdır.
Ruh və zehinin hazır olmadığı hadisələri vücud da həyata keçirə bilməz. İlk
olaraq insan psixoloji cəhətdən özünü hazır tutmalıdır. Yaranmış stressin
başlıca səbəbi də insanın özü ilə bağlı olduğu üçün, cütlüklər birinci
hərtərəfli olaraq psixoloji cəhətdən buna hazır olmalıdırlar ki, yaranacaq
problemləri həll edə bilsinlər. Gənclərimiz bütün çətinliklərin həlli yolunu
boşanmada görməsə, uşaqlarla bağlı və digər çətinlikləri aradan qaldırmağa
uyğunlaşmaqda müəyyən dövrü keçərsə, ailədə yaranacaq hər şeyə psixoloji
cəhətdən də hazır olacaqlar”.
"Uşaq
olmasa olmaz!”
Bəzən
isə boşanmaya səbəb kənardan olan müdaxilələrdir. Belə ki, ictimai qınağın,
tərəflərin valideynlərinin işə qarışması boşanmaya gətirib çıxarır. Sağlam
Cəmiyyət İB-nin sədri Lalə Mehralı qeyd edir
ki, mentalitetimizdə "uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı
olmayan qadını və ya kişini ailəli görmək istəmirlər: "Azərbaycanda
boşanmaların səbəbləri olduqca müxtəlifdir. Sonsuzluq da bunlardan biridir. Bizim
mentalitetdə "uşaq olmasa olmaz!” düşüncəsi hakim olduğu üçün övladı
olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Maraqlı məqam isə odur
ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə
yaşamağa qoymur. Ər və ya arvad öz taleləri ilə barışır, övladları olmamağına
rəğmən boşanmaq istəmirlər, amma böyüklər bunu qəbul etmir. İnsanlar bunu
anlamalıdırlar ki, sonsuzluq dünyanın sonu deyil. Tərəflər bir-birlərini
sevirlərsə, uşağın olmamağı onlar üçün problem sayılmamalıdır. Övladı olmayan
ailələr qohumdan və ya internat evlərindən uşaq götürüb saxlaya bilər. Bu gün
boşanmalar daha çox kənardan olan qınaqlara görə baş verir. Əgər, cəmiyyət də
bunu normal qəbul etsə, problem olmaz. Digər tərəfdən, hazırda tibb elmi
kifayət qədər inkişaf edib. Sonsuzluq problemi olan ailələr süni mayalanma ilə
övlad sahibi ola bilərlər. Ən əsas məsələ isə insanların maarifləndirilməsidir.
Bu mövzu ilə bağlı kütləvi informasiya vasitələrində ciddi təbliğat işləri
görülməlidir. Belə ki, uşağın olmamağının boşanmaya əsas vermədiyi izah
edilməlidir”.
Çıxış
yolları əlçatan olmalıdır
Sosioloq
Cavid İmamoğlu modern ailələr ilə klassik
ailələrin fərqləndiyini deyir: "Modern ailələr uşaqsız da ola bilir, onlar bunu
problem kimi qiymətləndirmirlər. Hazırda bir çox qərb ölkələrində istəyərək
dünyaya uşaq gətirməyən ailə tipləri belə var. Azərbaycan cəmiyyəti klassik
olduğundan ailədə uşağın olmamağı birmənalı qarşılanmır. Ailələrdə müəyyən
problemlər yaşanır. Problemlərin yaşanmamağı üçün belə ailələr övladlığa uşaq
götürə bilərlər. Dünyada övladlığa uşaq götürmək kimi bir təcrübə var. Elə
ailələr var ki, sonsuz olmasalar belə, övladlığa uşaq götürüb saxlayırlar. Digər
çıxış yolu isə süni mayalanma ilə övlad sahibi olmaqdır”.
Sosioloq
qeyd edilən çıxış yollarının bütün ailələr üçün əlçatan olmadığını vurğulayır:
"Təəssüflər olsun ki, ölkəmizdə sonsuzluğun tibbi baxımdan müalicəsi baha
olduğundan aztəminatlı ailələr bu yola istiqamətlənə bilmirlər. Ötən illər
ərzindəki təcrübəyə əsaslanaraq demək olar ki, övladlığa uşaq götürmə prosesi
də çox çətin və əngəlli olduğu üçün bu yolu da seçmirlər. Beləcə övlad istəyən
ailədə bəzi məsələlərdə münaqişələr yaranır, bu da boşanma ilə nəticələnir. Ona
görə də ölkəmizdə övladlığa götürmə prosesi şəffaflaşdırılmalıdır. Artıq bu
məsələ ilə bağlı Prezidentin fərmanı oldu. O fərmanın icrası ilə bağlı müəyyən
tədbirlər görülür. Düşünürəm ki, qısa müddət sonra övladlığa götürmə prosesi
rahat olacaq. Həmçinin aztəminatlı ailələrdə sonsuzluğun müalicəsinə dövlət maddi
baxımdan dəstək olarsa, sonsuzluğa görə boşanma problemi də aradan qalxar”.
Günel Azadə