“Son zəng” – müstəqil həyatın ilk zəngi

14 iyun. Bu gün orta məktəblərdə "Son zəng” tədbirləri keçirilir. Bu
gün on minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o
illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər
kimi qəbul edir. Biz də bu dəfə ilboyu bizi mədəni tədbirlər barədə xəbərdar edən,
mətbuat nümayəndələri ilə mütəmadi şəkildə çalışan, onların bütün suallarını
yorulmadan, usanmadan cavablandıran mədəniyyət ocaqlarımızın mətbuat katiblərindən
məktəb illəri və "Son zəng” xatirələrini xəbər aldıq.
Bizim son zəngimiz indikindən daha maraqlı keçib
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova bizimlə söhbətində bildirdi ki, məktəbi 1983-cü
ildə bitirib. Bakıxanov qəsəbəsində 107 nömrəli məktəbdə rus bölməsində təhsil
alan Arzu xanım həmin illər məktəb həyatının yerinin tamam başqa olduğunu
deyir: "Bizim dövrümüzdə məktəbdə daha çox tədbirlər keçirilirdi və biz tədbirlərdə
fəal iştirak edirdik. Hər bayramda xüsusi tədbirlər keçirirdik, səhnələşdirilmiş
tamaşalar nümayiş etdirirdik. Hətta rayon üzrə fəallıq göstərirdik. "Son zəng”də
önlük və ağ paltar geyinirdik. Mən məktəbdə "komsomol”un üzvü idim. Rayon
Komsomol Komitəsinin tədbirlərində fəal iştirak edirdim. "Son zəng”də mənə Rayon
Komsomol Komitəsinin diplomunu verdilər. İndi cürbəcür çələng, güllər, bəzəklər
var. Bizim dövrümüzdə belə şeylər yox idi. Biz o dövrdə sinfi bəzəmək üçün şarı
güclə tapırdıq. Bizdə o vaxt müəllimlərə münasibət fərqli idi. İndi isə şagirdlərlə
müəllimlər arasında pərdə yoxdur. Biz müəllimlərimizə çox hörmət edirdik. Neçə
illər keçsə də, yenə müəllimlərimizlə, sinif yoldaşlarımızla əlaqə saxlayırıq.
Hər il müəllimlərimizi ziyarətə gedirik. Bizim "Son zəngim”iz maraqlı keçib.
Sinifdə 36 uşaq idik. Çox mehriban kollektivimiz var idi. Məktəb illəri ilə
bağlı o qədər danışa bilərəm ki... İndiyə qədər bütün müəllimlərimin adları və
soyadları yadımdadır”.

İndiki şagirdlərin əvvəlkilər kimi olmadığını deyən Arzu Əhədova
hazırda məktəbi bitirən şagirdlərin əksəriyyətinin
"şükür ki, məktəbi qurtardıq və bir də onların üzünü görməyəcəyik” kimi kəlmələrdən
istifadə etdiyini deyir: "Bizim dövrümüzdə məktəbə münasibət tamamilə fərqli
olub. "Son zəng” gününü çox böyük və möhtəşəm keçirdik. Mayın 25-i keçirirdik.
Bizim "Son zəng”imiz indikindən daha maraqlı və yaxşı keçib”.

"Son zəng”ə gedəndə 4 maşın almışdım
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri
Cavid Zeynallı 2003-cü ildə
Cəlilabad şəhəri 8 saylı orta məktəbi bitirib. Ona bu mövzu ilə bağlı müraciət
edəndə, bir anlıq düşündü: "Siz "Son zəng”lə bağlı xatirələr barədə sual verəndə
bir anlıq tərəddüd etdim və bircə saniyədə beynimdən yüz fikir keçdi: xatirələrin
hansından başlamalı? Yaxud, "bəlkə birinci sinfə gedəndə başıma gələn hadisəni
deyim”, deyə düşündüm. Məsələ ondadır ki, mənim birinci sinfə getdiyim gün daha
yaxşı yadımda qalıb. Anam qonşunun bağından yığdığı güllərdən dəstə bağlayıb, məni
məktəbə yol saldı. Özümdən böyük qonşu uşaqlarından eşitmişdim ki, məktəbi
bitirənlər "Son zəng” günü bütün uşaqlara hədiyyə verirlər. Açığı, məktəbə də
elə bu ümidlə getmişdim. Həmin təntənəli tədbir bu gün də gözümün qabağındadır.
Məktəblə vidalaşan uşaqlar bir-birinin köynəyini yazır, deyib-gülür, gül dəstələrini
gücləri çatdığı qədər göy üzünə atırdılar. On birinci sinfi bitirənlər hədiyyələri
tanıdığı birincilərə verirdilər. Qonşuya, qohuma, dost uşağına... Mən kənarda
dayanıb onlara yaxınlaşmağa utanırdım. Tərslikdən, məktəbi bitirən bir kimsəmiz
də yox. Qəfildən əlində böyük maşın oyuncağı olan bir nəfər gülə-gülə mənə sarı
gəldi. Başımı sığalladı, hədiyyəsini verib, gül dəstəsini əlimdən aldı. Gözümə
inanmırdım. 25 il əvvəl yaşadığım o sevinci ifadə etməyə çətinlik çəkirəm. Və qəfildən
elə bil zəlzələ oldu, yer-göy başıma dolandı. Həmin oğlanın səsi hələ də
qulaqlarımdan çəkilməyib: - Maşını ver, səni səhv salmışam. Və maşını əlimdən
alıb başqa uşağa yaxınlaşdı. Onu öpdü, qucağına aldı, gözdən itdi. Bir ilğım
kimi. Xəyal kimi. İllər ötdü, mən böyüdüm. Özüm həmin məktəblə vidalaşan
oğlanın yaşına çatdım. Bu dəfə mən hədiyyə verəcəkdim. "Son zəng”ə gedəndə 4
maşın almışdım. Hamısını da kənarda dayanan, utanıb-çəkinən uşaqlara verdim.
Deyəsən, əllərini mənə sarı uzadıb utana-utana "sağ ol” deyən o balacalar illərin
o üzündən keçib gələn mənim öz uşaqlığım idilər. Bir az utancaq, bir az qorxaq,
bir az nisgilli. Və təsəllim bircə bu idi: heç kim onların hədiyyəsini əlindən
alıb ilğım kimi, xəyal kimi gözdən itməyəcəkdi”.

"Son zəng”imizi göz yaşları, kədərlə qarşılamışdım
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat
xidmətinin rəhbəri Hüsniyyə Quliyeva isə dedi ki, 11 il keçməsinə baxmayaraq, "Son zəng”ini dünən olmuş
kimi xatırlayır: "2006-cı ildə bütün dövrlərin öndə gedən təhsil ocaqlarından
biri sayılan A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin 11 j sinfinin məzunu
olmuşam. Öncəki illərdə bizdən yuxarı siniflərin "Son zəng”lərinə həsədlə
baxıb, "bizdə nə zaman belə bir gün olacaq?” deyə düşünərkən, öz "Son zəng”imizi
göz yaşları, kədərlə qarşılamışdım. Çünki 11 il bir parta arxasında əyləşdiyin,
sinif yoldaşı və müəllimlərdən daha çox doğmaların kimi yaxın hiss etdiyin
insanlarla bir də görüşməyəcəkdik. Hər nə qədər bir-birimizə "hər il bu gün
mütləq görüşəcəyik” vədləri versək də... Bütün siniflərdən fərqli olaraq
qızlarla sözü bir yerə qoyub ağ köynək, çəhrayı ətək tikdirmişdik. Bununla da hər
kəsdən fərqlənmək imkanı qazanmışdıq... Oxuduğum sinif məktəbdə ziyanvericiliyi
ilə ad çıxarmışdı. Və bizdən fərqli olaraq müəllimlər yəqin ki, həmin günü çox
böyük səbirsizliklə gözləyirdilər. Çünki hər nə qədər gülsələr də, üzlərində
"axır ki, sizdən canımız qurtardı” kimi
ifadələr var idi”.
H.Quliyeva bu gün "Son zəng”i çalınan bütün məzunları ürəkdən təbrik
edərək onlara tələbə adı qazanmağı arzu etdi: "Qoy bu "Son zəng” sizin ilk müstəqil
addımlarınızın və uğurlarınızın təməli olsun”.

İndi də sinif yoldaşlarımla əlaqə saxlayıram
"Cinema Plus”un piar meneceriNara Həsənovanın bizimlə söhbətindən aydın oldu ki, o, 6 nömrəli məktəbi
bitirib və məktəb illərini hələ də unutmayıb: "Mənim "Son zəng”im 1994-ci ildə
olub. Şagirdlər məktəbin həyətində toplaşmışdılar. Hamı eyni ağ və qara geyimdə
idi. Hər bir məktəblini əlindəki kiçik gül dəstəsi daha da bəzəyirdi. Bəzi
uşaqlar hətta mahnılar oxumuş və milli rəqsləri ilə çıxış etmişdilər. Müəllimlər
məzunlara vida çıxışlarını etdikdən sonra məktəbin direktoru şəhidlərlərimizi
yad etməklə çıxışları davam etdirmişdi. Davamında Azərbaycanın himni səslənmiş
və adət üzrə məzunun çiynində birinci sinif şagirdi lent bağlanmış zınqırovla
keçərək "Son zəngi" səsləndirmişdi. Mən indi də sinif yoldaşlarımla əlaqə
saxlayıram və görüşürəm, baxmayaraq ki, indi onlar dünyanın müxtəlif guşələrində
yaşayırlar”.

Kəndli qızının şəhər macəraları
Abdulla Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə
Rüstəmova məktəb illərinin hər
birimizin həyatında müxtəlif dönəmlər üçün bir çox xatirələrlə yadda qaldığını bildirdi.
Təbii ki, onların içərisində müxtəlif nisgillər, kövrək məqamları olub: "Mən
birinci sinfə Cəlilabad rayonu Şamil Nəsirov adına Abazallı kənd orta məktəbində
getmişəm. Həmin illər valideynlərim işlə bağlı Qazaxıstanda idilər. Məktəbə
getdiyim ilk günü valideynlərim məni məktəbə yola salmadılar. Əslində bu mənə
psixoloji olaraq çox təsir etmişdi. 11 il bu nisgil, kədər məni müşayiət etdi.
Həmişə birinci sinif şagirdlərinə baxanda, onların valideynlərini yanlarında
görürdüm və kədərlənirdim. Hər bir uşaq istəyər ki, valideyni onun yanında
olsun. Məndə bir arzu yaranmışdı ki, kaş, mən yenidən birinci sinfə qayıdaydım
və valideynlərim yanımda olaydı. Bizim dövrümüz bir qədər çətin oldu. 1987-ci
ildə orta məktəbə başladım. 80-ci illərin şagirdləri çox çətinlik gördü”.
8-ci sinifdən sonra təhsilini Binəqədi rayonunda yerləşən 30 saylı məktəbdə
davam etdirən H.Rüstəmova kənddən şəhər məktəbinə necə gəlməyini xatırlayır: "Vorovski”
deyilən qəsəbədə müxtəlif təbəqələrdən - daha çox varlı, sərbəst, rahat həyat
yaşamış uşaqların çoxluq təşkil etdiyi bir məktəb idi. Kənd mühitindən gəlmiş,
geyim, təhsil, münasibətlər baxımından fərqli yeniyetmə bir qız üçün şəhər məktəbinə
adaptasiya olmaq çətin idi. Mən burda çox çətinliklər çəksəm də, özümə yaxşı
dostlar qazandım. İndi də onlarla dostluq münasibətim davam edir. 11-ci sinfi
bitirəndə təsəvvürümdə kənd məktəbini canlandırdım. Hələ də özümü həmin məktəbdə,
dostlarımın arasında hiss edirdim. Oradakı müəllimlərim, dostlarım hər zaman məni
öz şagirdləri hesab ediblər. Bakıda 3 il təhsil aldım. Sona qədər mühitə
adaptasiya ola bilmədim. Məzun günümüzdə məktəbimizdə 11-ci sinif oğlanlarının
davası düşdü. Bilirsiniz ki, həmin yaş dövrü çılğınlıq dövrüdür. Tədbir keçirilən
akt zalının şüşələrini qırdılar. Şüşələr məktəbin içinə töküldü. Böyük bir
qarmaqarışıqlıq oldu. Mənim məzun olduğum məktəbdə indi qızım təhsil alır. Hazırda həmin məktəbdə hər şey başqa cürdür.
Bakıda aldığım 3 illik təhsil mənim ali məktəb yolumu daha da yaxın etdi”.

"Son zəng”də geyindiyim paltarımı özüm tikmişdim
Bakı Uşaq Teatrının mətbuat xidmətinin rəhbəri
Leyla Həşimova deyir ki, "Son
zəng”də geyindiyi formanı özü tikibmiş: "Müşfiqabad qəsəbəsində 274 saylı məktəbi
bitirmişəm. Bizim "Son zəng”imiz 25 may 2000-ci ilə təsadüf edib. Həmin gün
axşam bütün 11-ci sinif şagirdləri yığışıb, məktəbin həyətini bəzədik. Lövhələrə
boyayla müxtəlif şəkillər çəkdik. Onda forma qara don, ağ önlük idi. Yadımdadır
ki, "Son zəng”də geyindiyim formanı özüm tikmişdim. Önlüyün altından geyindiyim
dona qədər öz əl işim idi. Qızların önlüklərinə, oğlanların ağ köynəklərinə ürək
sözlərimizi yazırdıq. Mən riyaziyyat təmayüllü sinifdə oxumuşam. Atam da müəllimim
olub. Müəllimlərim həmişə ən çox sevdiyim insanlar olub. İnanıram ki, onlar da
mənim haqda eyni fikirləri deyərlər. Məktəb bizim məbəd yerimiz olub”.
Xəyalə Rəis
