• cümə axşamı, 28 mart, 19:05
  • Baku Bakı 13°C

“Son sözü istedad və yaradıcı potensial deyir”

19.06.19 10:30 6855
“Son sözü istedad və yaradıcı potensial deyir”
Hər il yay aylarında məktəbi bitirən şagirdlər üçün yeni bir səhifə açılır. Onlar il boyu hazırlaşdıqları ixtisas üzrə imtahan verərək, bundan sonrakı həyatlarını qurmağa çalışırlar. Bu il abituriyentlər artıq qəbul imtahanının birinci turundan keçiblər. Onlar topladıqları ballara uyğun ixtisas seçimi etməyə hazırlaşırlar. Elə ixtisaslar da var ki, onlar şagirddən xüsusi yaradıcılıq, istedad tələb edir. Bunun üçün şagird il ərzində nəzəri biliklərlə bərabər, seçmiş olduğu ixtisas üzrə ayrıca hazırlaşır. Burada yaradıcılıq məsələləri xüsusi rol oynayır. Bəs görəsən yaradıcılıq tələb edən ali təhsil ocaqlarında qabiliyyət imtahanları hansı meyarlarla keçirilir? Tələbənin yüksək bal toplaması üçün hansı şərtlər əsas götürülür? Suallarımıza cavab axtarmaq üçün ali təhsil ocaqlarımıza müraciət etdik.
"Valideynlərin rəssamlıq anlayışı başqa, akademik meyarlar tamamilə başqadır”
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat xidmətinin rəhbəri və eyni zamanda pedaqoq Fuad Sadıqov mövzu ilə bağlı "Kaspi”nin suallarını cavablandırdı. Bildirdi ki, qabiliyyət imtahanlarının öz xüsusi meyarları var və akademik bilik həvəskar qabiliyyətdən tamamilə fərqlidir. Misal üçün, qabiliyyət imtahanına gələn tələbədən kiminsə rəsmini çəkmək tələb olunursa, o burada öz təxəyyülünü işə salıb başqa bir şey çəkə bilməz. Müsahibim belə həlledici məqamlarda tələbənin özündən nələrisə uydurmağının qeyri-mümkün olduğunu, tələbənin qarşısında nəyi, hansı cizgidə görürsə, olduğu kimi çəkməyə məcbur olduğunu dedi: "Düzdür, hər bir rəssamın öz dəst-xətti olmalıdır, ancaq bu, qabiliyyət imtahanında keçərli deyil. Bizim Akademiyaya qabiliyyət imtahanı verməyə gələn hər bir tələbə öncədən hazırlıqlı olur. Onlara təqdim olunan rəsmləri çəkməlidirlər. Rəsmlərdən hansı şəkil reallığı tam əks etdirirsə, o rəsmlər də qiymətləndirilir. Yaradıcı gənclərin ilk növbədə işləri gözəl olmalıdır ki, qabiliyyət imtahanından keçə bilsinlər. Onlar akademiyamızın saytlarında yerləşdirilən məlumatlardan xəbərdar olmalı, bizim tanınmış xalq rəssamlarını tanımalı, ən azı ilkin təsəvvürləri olmalıdır. DİM-in imtahanı zamanı testdən kim çox bal yığıbsa, bu onun üçün bir üstünlükdür. Dövlət İmtahan Mərkəzinin məqsədi odur ki, gələcək tələbələrin intellektual səviyyəsi yüksək olsun. Ancaq yaradıcı təhsil ocaqlarında intellektual səviyyə ilə bərabər, yaradıcı potensiala da üstünlük verilir. Bu bizim üçün ən önəmli nüanslardandır. Ola bilər ki, tələbə test imtahanından 300 bal toplasın, ancaq bizim qabiliyyət imtahanından keçə bilməsin. Biz belə hallarla az rastlaşmamışıq”.
Fuad bəylə söhbətimiz əsnasında qabiliyyət imtahanında valideynlərin daha çox fəallıq göstərdiklərini, övladlarını dahi rəssam, heykəltəraş hesab edənlərin olduğunu öyrənirik. O deyir ki, belə valideynlərlə hər il rastlaşsalar da, qanun hər kəs üçün eynidir: "Belə hallarla rastlaşanda, çalışırıq ki, valideynlərə məsələnin reallığını izah edək. Ümumiyyətlə, valideynlərin rəssamlıq anlayışı başqa, akademik meyarlar tamamilə başqadır. Onların təsəvvür etdiyi bu meyarlar, biliklər yalnız bizim xalq rəssamlarına aiddir. Valideynlər hesab edirlər ki, övladları gözəl çəkir, şedevr yaradır. Tələbə adam, göz, qız, maşın şəkli çəkirsə, bu onun peşəkar rəssam olmasına dəlalət etmir. Belə olduğu halda, biz valideynlərə izah etməyə çalışırıq ki, bu Tanrı tərəfindən övladlarınıza verilən özəl bir qabiliyyət deyil. Rəssamlıq Akademiyasına qabiliyyət imtahanından keçmək üçün tələbələr göz, maşın şəkli çəkərək qəbul ola bilməzlər. Onlardan imtahanda natürmort, kompozisiya, yağlı boya, karandaşla gözəl işləmək qabiliyyəti tələb olunur. Valideynlər isə bundan xəbərsizdir. Hər kəs üçün övladı dahidir, ancaq reallıq başqadır”.
"Akademiyamızda tələbənin testdən yığdığı bal əsas rol oynamır”
Bakı Xoreoqrafiya Akademiyası Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli bizimlə söhbətində qabiliyyət imtahanının vacibliyindən danışdı. Bildirdi ki, onun dərs dediyi Bakı Xoreoqrafiya Akademiyasında sənədlərini baletmeyster ixtisasına verməyə hazırlaşan tələbələrdə quruculuq, səhnəoqrafiya qabiliyyəti, musiqi seçimi düzgün olmalıdır. Belə ki, tələbə musiqiyə uyğun olaraq kompozisiya qurmağı bacarmalı, etüd hazırlama qabiliyyəti olmalıdır: "Prosesdə tələbələrə müəllimlər tərəfindən əlavə tapşırıqlar verilir. Tələbənin potensialı yoxlanılır. Akademiyaya müraciət edən hər 40 tələbədən 25-i seçilir. Bakı Xoreoqrafiya Akademiyasında daha çox yaradıcılıq potensialına üstünlük verilir. Yəni Akademiyamızda tələbənin testdən yığdığı bal əsas rol oynamır. Daha çox tələbələrin istedadına önəm veririk. Biz qabiliyyəti yoxlayırıq, nəzəri bilikləri deyil. Bizə DİM-in testindən müxtəlif bal toplayan tələblər müraciət edir. Seçim zamanı tərəddüd etdiyimiz anlar da olur. Misal üçün, iki tələbə gəlir, biri testdən 40, digəri 50 bal toplayıb. 40 bal toplayan tələbə o birindən daha istedadlı və daha yaradıcıdır. Belə halda biz 40 bal toplayan tələbəyə üstünlük veririk. Çünki bizə istedadlı tələbələr lazımdır. Düzdür, tələbənin nəzəri bilikləri də önəmlidir və bunun üçün testlərdən keçmələri məcburidir. Ancaq son sözü istedad və yaradıcı potensial deyir”.
S.Hüseynli ilk baxışdanca tələbənin potensialından xəbərdar olduğunu deyir: "Müsahibə otağına qapıdan içəri keçən hər bir tələbənin girişinə, duruşuna, yerişinə, hərəkətinə xoreoqrafik nöqteyi-nəzərdən diqqət edirik. Belə ki, tələbənin plastikasının yerində olub-olmadığını, onun bədən quruluşunun düzgün formalaşmasını gözdən keçiririk. Bəzən də imtahana gələn tələbəyə yerişindən, bir baxışdan qiymət verə bilirik. Çox nadir hallarda ilk təəssürat bizi aldadıb. Elə tələbələrimiz olub ki, qabiliyyət imtahanına gəliblər və biz onların duruşundan elə də istedadlı olmadığını düşünmüşük. Ancaq plastikasını gördükdən sonra düşüncələrimiz dəyişib. İllər ötdükcə, daha istedadlı tələbələrin gəldiyinin şahidi oluruq”.
"Bəzən tələbələr imtahanda "xaltura” edirlər”
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə də qabiliyyət imtahanı keçirilir. İmtahanlarda ekspert kimi çıxış edən filologiya elmlər doktoru, professor Alxan Bayramoğlu qeyd edir ki, jurnalistika fakültəsində qabiliyyət imtahanının verilməsi vacib olduğu qədər də mürəkkəbdir: "Sovet dövründə şagirdlər məktəbdə sərbəst məqalələr yazaraq öz fikirlərini ifadə edirdilər. Bəzən onların yazdıqları məqalələr qəzetlərdə çap olunurdu. İndi dövr başqadır. Bakı Dövlət Universitetində jurnalistika ixtisasına yiyələnmək istəyən tələbələrin yazmaq qabiliyyətlərinin olması vacibdir. Biz onlara müəyyən mövzular verərək yazı qabiliyyətlərini yoxlayırıq. Yazılan mövzunun həcminə baxırıq, yazının başlığı ilə uyğunluğunu yoxlayırıq. Tələbələrin yazıya uyğun başlıq seçmək, mətnin başlığa uyğun hazırlanması qaydalarına nəzarət edirik. Bundan başqa, yazını oxuyub, orada bədii materiallardan istifadə etmək bacarığını, yazdıqları məqalədə mövzuları bir-biri ilə əlaqələndirmək qabiliyyətini gözdən keçiririk. Qeyd edim ki, jurnalist olmaq istəyən bəzi tələbələrin orijinal yazıları var. Bəzən o yazıları oxuyub yaxşı mənada təəccüb edirik. Bəzən də qabiliyyət imtahanında yazılan yazılara baxıb təəssüf hissi keçiririk. Bu günün gəncləri günün çoxunu kompyuter arxasında keçirirlər. Bunun üçün əllə yazmaq vərdişindən uzaq düşürlər. Əllə məqalə yazmağı unudurlar. Belə ki, hərflərin yazılışı, yazılış şəklini yaddan çıxarırlar. Onların yazdıqları yazılar, mətnlər dəyərləndirilir. Əgər iki tələbə testdən və qabiliyyət imtahanından eyni balı toplayıbsa, attestat qiyməti nəzərə alınır və indiyə qədər əldə etdiyi bütün uğurlar hamısı toplanır. Biz tələbələrə qiymətləndirmə sistemi ilə 9-15 arası ballar müəyyənləşdiririk. Tələbə qabiliyyətdən minimum 9 bal toplayırsa, qəbul olunur”.
Ekspert deyir ki, qabiliyyət imtahanının indiki formasının dəyişikliyə ehtiyacı var. Fikrini əsaslandırmasını xahiş etdikdə isə, bildirdi ki, təkmilləşməyə ehtiyac duyulur: "Qanuna görə, tələbənin imtahana qədər dövri mətbuatda məqaləsi çıxmalıdır. Bir də görürsən ki, internetdə yayılmış press-relizləri göstərib deyir ki, bunlar hamısı mənimdir. Misal üçün, hansısa bir yerdə işləyir, iş yerindən adi xəbərləri sayta yerləşdirir və onları bizə göstərir ki, bunlar mənim məqalələrimdir. Ancaq bizim tələbədən tələb etdiyimiz meyarlar tamamilə fərqlidir. Yaradıcı insan olmaq tamam başqa bir mövzudur. Jurnalistikada daha çox yaradıcı insanlara yer verilməlidir. Yaxşı olar ki, əvvəlki qaydalar bərpa olunar, jurnalist olmaq istəyən gənclərin qəzetdə, jurnallarda yaradıcı yazıları çap olunardı. Tələbə günün aktual mövzularına toxunan yazılar hazırlamalı, portret, araşdırma kimi məqalələr yazmaq vərdişini formalaşdırmalıdır. Amma bəziləri saytlarda hansısa xəbər statuslu bir yazı olursa, bunu öz adlarına çıxaraq, o status tipli xəbərləri bizə məqalə adı ilə ötürməyə çalışırlar. O tələbələr qabiliyyət imtahanında "xaltura” edirlər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər