• şənbə, 20 Aprel, 03:54
  • Baku Bakı 15°C

Son poema

30.10.18 15:30 1730
Son poema
Bankomatın monitorunda görünən pulların hamısını çəkib çıxardı. Bir həftəlik xərcliyinə belə çatmayan pensiya pulunu köynəyinin döş cibinə saymazyana dürtüşdürüb dayanacağa tərəf yeridi. Hava bürkülü idi. Adamın nəfəsini kəsirdi. Bir də yaşlı olsan, yorğun bədənini daşımağa gücün çatmaya, onda daha dözülməz olur bu zəhrimar istilər.
Panamasını bir neçə dəfə çıxarıb sərinkeş kimi özünü sərinlətdi, bədənindən yayılan tər qoxusundan özü də çimçişirdi. Hə yoldaş, Əlabbas, dedi öz-özünə. Ömür boyu can qoyub, tər tökməyin qarşılığında aldığın bu pensiya sənin harana çatacaq? Gərək əl-ayaq edəsən.
Ərimiş asfaltı əzə-əzə gələn avtobus dayanacağın qarşısında dayananda şair Əlabbas fikirli-fikirli keçib avtobusa mindi. Ayaq üstə duran sərnişinlər tərli-isti bədənlərdən uzaq qalmaq üçün hərə bir küncə qısılmışdı. Oturanlar da sağdan-soldan döşəyən günəşlə əlbəyaxa idilər.
Əlabbas həm yaşına, həm də dövlət və xalq qarşısında olan xidmətinə görə oturan sərnişinlərdən birinin ona yer verməyini gözləyirdi. Bu gözləntisini balaca, tum gözlərini daha da qıyıb bir az ötkəm, bir az da amiranə tərzdə, qınayıcı nəzərlə hamıya bildirirdi. Məsələn, bax o ortayaşlı adam, o, Əlabbasın cəmiyyətə yaydığı dəyərli fikirlər sayəsində bu gün rahat yaşayır, iş tapır, arvad-uşağına baxır.
Tərslikdən heç kim durub yer vermirdi. Belə-belə hadisələr onu bir qədər də qəhərə boğurdu. Ürəyinin dərinliyində indi yaşadığı sistemə nifrət edirdi, ona görə ki, azadlıq, müasirlik deyilən fikirlər bütün cəmiyyəti məhv etmişdi. Halbuki komsomol tərbiyəsi alan, pioner olmuş bir uşaq belə böyüyərdi heç? Qətiyyən yox.
O vaxtlar Əlabbasın yadına düşdükcə dərin bir xiffət gəlib bürüyürdü o kövrək ürəyini. "Məgər biz bunun üçün çalışdıq, bizə qalxıb yer verməyən bir nəsil üçün özümüzü oda-suya vurduq?” – deyə içindən gileylənirdi.
Əlabbasın şairliyi məktəb illərindən özünü büruzə vermişdi. Stalinin şəninə yazdığı şeiri məktəb direktoru fəxrlə məktəbin girişindəki tabloya asmışdı. Həmin vaxt rayon təhsil şöbəsindən məktəbə gələn bir nəfər o şeiri görüb çox bəyənmişdi. Ondan sonra da tale Əlabbasın yoluna su çiləmişdi, üzünə gülmüşdü.
Tez-tez şeirləri qəzetlərdə çıxmağa başladı. Hələ gənc ikən profildən çəkdirdiyi yarı qüssəli, yarı nigaran siması bütün xalqa bələd idi.
Əlabbasın bir nöqsanı var ki, yaman ləng idi, gec fikirləşir, gec qərara gəlirdi. Ona görə də heç kimə qismət olmayan fürsətlərin çoxunu ləngliyi ucbatından fövtə vermişdi. Həmişəki kimi, Əlabbas dəyişən dünyanın ritmini tuta bilmədi. İndi də rayon yerində sınıq sazını dınqıldadan kənd aşığı kimi arada bir rayon icra başçısının, maarif müdirinin, daha nə bilim rayonda boynu qalstuklu, zəhrimar baxışlı kim varsa onların şərəfinə şeir yazmaqla çörək pulunu çıxarırdı.
Ancaq bu xalq qədirbilən xalqdı. Xüsusilə, zəhmət görmüş, çətin sınaqlardan keçmiş yaşlı nəsil Əlabbasın qədrini bilirdi. Pulsuz-pənəsiz toylara dəvət edirdilər. Əlabbas da yeni şeirlərdən təzə ailəyə xeyir dua verir, böyüklərə hörməti, ululara sədaqəti tövsiyə edirdi. Cuşa gələn insanlar mütləq onun döş cibinə ya da pencəyinin iç cibinə onluqdan iyirmilikdən basardılar. Belə mənzərələr qarşısında Əlabbasın gözləri dolar, yeni-yeni şeirlər zehninə axıb gələrdi.
Nə hikmətdir, son vaxtlar toy-düyün az idi. Əlabbasın nimdaş köynəyinin ciblərində indicə çəkdiyi pensiyadan başqa heç nə yox idi. Ağlına gəldi ki, icra başçının müavini görsün, Kərimov arif adam idi, yanına gedəndə heç bir şey deməsən də, niyə gəldiyini anlayardı.
Uzun illərin təcrübəsi Əlabbasa bir şey öyrətmişdi: balıq istəyirsənsə, gərək quyruğun suda olsun. Sən gedib başçıyla əl verib görüşmədinsə, rəsmi mərasimlərdə iştirak etmədinsə, rayonda baş verənlərdən xəbərin yoxdursa, onda necə nəmər qazanasan?!
Eləmədi tənbəllik icra hakimiyyətinin qabağında avtobusdan düşdü. Boğucu hava bütün hökmü ilə Əlabbasın ürəyini sıxsa da, ürəyinə dammışdı ki, yaxşı olacaq, umduğu yerdən əliboş geri dönməyəcək. Elə uzaqdan Kərimovu görəndə ürəyi fərəhlə doldu.
Kərimov bir yandan qulağına dirədiyi telefonla danışır, o bir yandan da göstəriş verirdi. Əlabbas bədənini yellədə-yellədə Kərimova yaxınlaşdı. Kərimov uzun-uzadı danışıqdan sonra telefonu cibinə qoydu.
Kərimov Əlabbasın qoluna girib otağa apardı. Belə hörmət-izzət görəndə Əlabbasın ürəyi quş olub uçurdu, üstəlik, hörmət göstərən belə bir adam olanda lap ürəyi dağa dönürdü.
Otaqda iki nəfər Kərimovu gözləyirdi. Onların sir-sifətindən cüvəllağılıq yağırdı. Əlabbas belə adamlarla eyni yerdə olmaqdan həmişə sıxılardı. Onlar da Əlabbası görən kimi narahat oldular. "Bu hardan çıxdı belə?” Kərimova və bir-birinə baxdılar.
– Narahat olmayın. Şair Əlabbasıdı. Öz adamımızdı.
Əlabbas boğazını arıtlayıb masanın üstündəki qəzetləri nəzərdən keçirməyə başladı. Kərimov səsini bir az qısıb nəsə gizli bir şey müzakirə edirmiş kimi danışmağa başladı:
– Deməli belə. Yenə sizə işim düşdü. İşinizi görüb qurtarandan sonra vurduğunuz it sayına görə zəhmət haqqınız ödənəcək. Amma bir məsələ var, gərək bunu elə edək ki, heç kimin xəbəri olmasın. Qəribədi, vallah. Biz burda camaatın qayğısına qala bilmirik, bir də bu itlər çıxıb. Gərək bu itləri də yemləyək. Bizim onlara nə yem verəsi pulumuz var, nə də saxlamağa yerimiz. Ona görə də Bakıdan küçə itlərini saymağa adamlar gəlməmiş çoxunu məhv eləməliyik. Bir neçəsini də gözə kül üfürmək üçün tutub gətirərsiniz. Onlara da bir balaca şərait qurarıq.
Danışılanları maraqla dinləyən adamlardan biri dilini saxlaya bilməyib soruşdu.
– Bu xəstə-xüstə itləri nə edirlər? Çoxu yara-xora içindədir.
– Əşi nə bilim, deyirlər heyvana hörmət etməyən insana da hörmət eləməz. Nə isə bunlar sənlik mənlik məsələ deyil, bizə ağa deyib sür dərəyə, sürürük. İndi qulaq asın, şər qarışan kimi düşürsünüz şəhərin canına, yanınıza da mülkü polislər verəcəm. Çalışın, sizi telefonla çəkib edən olmasın, görən olsa, nə siz məni tanıyırsız, nə də mən sizi. Polislər çalışacaq ki, sakinlərə mane olsun, birdən ola bilməsələr, artıq hər şey boynunuzadır. Yəni ondan da narahat olmayın, yoluna qoyacağıq.
Kərimov naməlum iki nəfəri yola salandan sonra kresloya oturub saç-başını səliqəyə saldı.
– Deməli belə, şair Əlabbas Gündoğan. Sizinlə də mühüm işlərimiz var. Yaxşı ki gəlib çıxmısan. Bildiyin kimi, rayonumuzda quruculuq işləri gedir, hər yer abadlaşdırılır, ağaclar əhənglənir, mərkəz küçələrin bina fasadları yenilənir və s. Bu yaxınlarda başçımız şərəf ordeni də aldı. Bütün bunlarla əlaqədar xüsusi bir broşür hazırlayırıq. Bilirsən, indiki zəmanədə reklam çox vacibdir.
Əlabbas bu reklam məsələsini ömür billah sevməmişdi, nəsə ürəyinə yatmırdı, görünən kəndə nə bələdçi deyə fikirləşirdi.
– Düzdür, reklam vacib məsələdir.
– Sən də rayonumuzda gedən quruculuq işlərini, başçımızın insanlara olan qayğısını...
Kərimov masanın üstündən kağız və qələm götürüb Əlabbasın qabağına qoydu.
– Dediklərimi bir-bir yaz, birinci rayonumuzun ölkənin necə gözəl guşəsi olduğundan yaz, sonra başçının yüksək insani keyfiyyətindən, qayğıkeşliyindən, hamıya ata qayğısı göstərməyindən, sonra şəhərimizdəki abadlıq işlərindən, ondan sonra rayonumuzun qəhrəmanlar diyarı olduğundan və s. yaz, qalanlarını da özün bəzədəsən.
Əlabbas kiril hərifləri ilə kağıza cızma-qara edə-edə bütün deyilənləri yazdı. Ürəyi fərəhlə dolmuşdu, bir də şəklini də qoya bilsəydilər, bu broşürdü, nədir, deyilən o şeylə lap əla olardı. Elə bu gün evdən çıxarkən güzgüdə özünə baxmışdı, necə deyərlər özünə vurulmuşdu.
Kərimov yenə orakul kimi elə bil onun ürəyini oxudu.
Özün də gələrsən. Bakıdan xüsusi fotoqraf gətizdirəcəm. Sənin də qəşəng bir şəklini çəksin, qoyarıq broşürə.
Əlabbasın ürəyinin dərinliyində qəribə bir tel sızıldadı, riqqətə gəldi, utanmasaydı, ağlayardı. Özünü tox tutub ayağa qalxdı
– Cənab Kərimov, mən həmişə sizin şəfqət əllərinizi çiyinlərimdə hiss etmişəm. Arxayın ola bilərsiniz ki, bütün bədii peşəkarlığımı, incəsənət priyomlarmı istifadə edib gözəl, balaca bir poema ərsəyə gətirəcəm. Siz də istədiklərinizi seçərsiniz, qalanlarını da istəsəniz, kitab kimi çap edərsiniz.
Əlabbas Kərimovun cibinə basdığı iki yüz manatın istiliyini canında hiss edə-edə yeriyirdi. İndidən təntənəli misralar, ürəkaçan ahəngdar sözlər gəlib beyninə dolurdu. Məsələn, belə bir misra olsa: "Sən ey obamın cəsur ərəni, keçmişik səninlə min bir dərəni”, yox, yox, daha vurucu, daha sərrast sözlər seçməli, poemanın semantikası insanı ahənrüba kimi insanı qəhrəmanlıq və ali hisslər burulğanına çəkməlidir.
Beynində min cür ideya götür-qoy edə-edə evinə necə gəlib çatdığından xəbəri belə olmadı. Bir də gördü ki, qonşusu Əlövsət kişi qapının kandarında durub onu gözləyir. Hal-əhval tutandan sonra məlum oldu ki, Əlövsət da başqaları kimi onun yanına təvəqqe üçün gəlib. Onun nüfuzuna bələd olan qohum-qonşu cürbəcür hacət üçün onun yanına xahişə gəlirdilər. Kimi əlindən zorla alınan mülkü geri istəyir, kimi dağıdılan evinin kompensasiyasını almağa köməklik göstərməyi üçün yalvarır, kimi həbsdəki uşağını azad etdirmək üçün vasitəçi olmağını xahiş edirdi. Əlabbas həmişə belə adamları yola verərdi, ancaq elə eləyərdi ki, mərhəmətli, xalqını sevən alicənab şair imicinə zərər gəlməsin.
Əlövsəti də beləcənə bir təhər yola verib evə keçdi. Yatağa uzanıb beynindəki ideyaları düşünə-düşünə yuxuya getdi. Oyananda qaş qaralmaqda idi. Hava bir balaca sərinləmişdi, sərin hava bürkülü otağa dolurdu. Əlabbas bir-iki qurtum su içib əlində kağız-qələm yaxınlıqdakı parka getdi. Park bomboş idi, insanlar hələ evindən bayıra çıxmağa tələsmirdilər.
Əlabbas başı üzərindəki yaşlı çinar ağacına gözünü zilləyib poemanın ilk misrasını yazdı. Bütün sözlər bu misraya bəndmiş kimi buluddan yağış boşalırmış kimi sözlər beyninə boşalmağa başladı. Bir-bir vərəqlər dolur. Hər vərəq dolduqca Əlabbas daha da cuşa gəlirdi.
Yaxınlıqdan gələn it zingiltiləri, ara bir güllə səsi ilhamına mane ola bilmirdi. Əlabbas qəlbinə axıb gələn sözlərə, əlindəki kağız-qələmə o qədər diqqət kəsilmişdi ki, ətrafda nə baş verdiyindən xəbərsizdi.
Bir anlıq çiynindən hiss elədiyi amansız bir zərbə qələm tutan əlini qaxaca döndərdi. Bütün bədəninə dərin bir ağrı və əzab yayılırdı. Bayaqdan həvəslə misralar düzdüyü ağ kağız al-qırmızı rəngə boyanmışdı, yuxarıda qoca çinarın iri yarpaqları sayrışırdı.
– Əəə, neynədin əəə! Ağsaqqalı vurdun. O boyda adamı görmürsən?! İtnən adamı ayıra bilmirsən?
– Vallah, bilmədim, Vidadi. İndi mən nə edəcəm?! Başıma haranın külünü töküm, ay Allah keç günahımdan.
Əlabbas qıc olmuş bədənindən qopub ayrılmış, ətrafı sakitcə seyr edirdi. Ağlına min cür xəyallar gəlirdi. Onu ürəyini ən azı bədənində ki yaralar qədər bir şey ağrıdırdı. Bu, necə ölüm idi, o ölürdü? Onun cənazəsinə gələn insanlar, onun o müdrik, alicənab şəklinə baxan adamlar belə deyəcəklərdilər? "İt gülləsinə qurban getdi zavallı, Allah adamı belə biabırçı ölümdən qorusun”.
Əlabbasın hissiyyatsız üzündə təbəssüm qonmuşdu. Sanki yarımçıq qalmış poeması bəyaz bir quşa çevrilib ona o biri dünya ilə əlaqəli nəyinsə müjdəsini verirdi.
Qafar Rüstəm
banner

Oxşar Xəbərlər