“Son kəşfiyyat, son döyüş” kitabı təqdim olundu

“Son kəşfiyyat, son döyüş” kitabı təqdim olundu

Mədəniyyət
14 İyun 2019, 19:00 772
Bu gün Bakı Dövlət Sosial-İqtisadi Kollecində şəhid Araz Əhməd oğlu Pirimovun anım mərasimi və onun xatirəsinə həsr olunmuş "Son kəşfiyyat, son döyüş” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə kitabın müəllifi Şöhrət Səlimbəyli, şəhidin yaxınları, müəllimləri, Qarabağ müharibəsi veteranları, kollecin tələbə və müəllim kollektivi, media nümayəndələri iştirak edirdi.
Anım mərasimi dövlət himni ilə başladı. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və çıxış üçün söz Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Vidadi Orucova verildi. Direktor tədbirin çox gözəl günə, Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyini qeyd etdi: "Bu gün həyatını millətinə, dövlətinə qurban verən şəhidimiz Araz Əhməd oğlu Pirimovun anım mərasiminə, onun keçdiyi şərəfli ömür yoluna həsr olunmuş tədbirə toplaşmışıq. Bizim şəhidlərimiz millətimiz üçün əsl qürur mənbəyi olublar. Onları nə unutmaq, nə də unutdurmaq olar. Hesab edirəm ki, dəyərli qələm dostumuz Şöhrət Səlimbəylinin əziyyət çəkib ərsəyə gətirdiyi, şəhidimizin həyat və, döyüş yolundan bəhs edən "Son kəşfiyyat, son döyüş” kitabı əsl sənət əsəridir. Bu elə bir sənət əsəridir ki, ondan vətən, dövlət, qəhrəmanlıq qoxusu gəlir. Araz kimi şəhidlərin həyatı hər birimiz üçün bir məktəbdir. Qoy, heç kim qüssələnməsin, onların ölümünə qüssələnmək yox, qürrələnmək lazımdır. Onlar ölümləri ilə bizim bayrağımızı şərəfli şəkildə dalğalandırdılar. Hazırda qazandığımız nailiyyətlərdə, oxuduğumuz müstəqillik nəğmələrində şəhidlərimizin ruhu var. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin”.
Daha sonra kollecin tələbələri vətənpərvərlik ruhunda şeirlər səsləndirib, şəhidin həyat hekayəsindən bəhs etdilər.
Qeyd edək ki, Araz Əhməd oğlu Pirimov 8 yanvar 1969-cu ildə Qarabağın dilbər guşələrindən olan Ağdam rayonunun Gülablı kəndində anadan olub. 7 uşaqlı ailənin 4-cü övladı olan Araz 1975-ci ildə məktəbə gedib və oranı əla qiymətlərlə bitirib. Məktəbi bitirdikdən sonra Almaniyada hərbi xidmətdə olub, daha sonra Bakıya qayıdıb və Bakı Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirib. Lakin buradakı təhsilini yarımçıq qoyub və könüllü olaraq ordu sıralarına qoşulub. Hərbi xidmətdə olduğu dövrdə böyük igidlik göstərib, bir sıra döyüşlərdə fəal iştirak edib. 1992-ci il iyunun 13-də şəhid olub.
Tələbələrin çıxışından sonra söz kitabın müəllifi Şöhrət Səlimbəyliyə verildi. Müəllif belə tədbir təşkil etdiklərinə görə, kollecin direktoruna və bütün kollektivinə təşəkkür etdi. O bildirdi ki, buraya təkcə Arazın deyil, bütün şəhidlərimizin anım mərasiminə toplaşmışıq: "Son kəşfiyyat, son döyüş” kitabı bu il nəşr olunub. Amma içindəkilər 1991-92-ci illərdə olan hadisələr barədədir. Mən bacardığım qədər həmin dövrü oxucuların təsəvvüründə canlandırmağa çalışdım. Kitab qəhrəman döyüşçü Araz Pirimovun həyatında olan, hərbi xidmətdə başına gələn hadisələrdən ibarətdir. Kitabında içindəki yazılar "Arazın həyat yolu”, "Qələbə... Qələbə... Qələbə”, "Araz Əhmədoğlu xatirələrdə”, "Araz Əhmədoğlunun rəsm əsərləri”, "50 yaşın mübarək” başlığı altında bir neçə hissəyə bölünüb. "Araz Əhmədoğlu xatirələrdə” başlığı altında olan yazılarda yaxınlarının, tanışlarının Araz haqqında fikirləri yer alıb. Mən hesab edirəm ki, şəhidlərimizin döyüş salnaməsini bir kitabla yox, minlərlə kitabla da yazıb bitirə bilmərik”.
Tədbir Qarabağ müharibəsi veteranlarının çıxışları ilə davam etdi.
 
Günel