• cümə, 29 Mart, 19:29
  • Baku Bakı 14°C

Son iyirmi ilin ən dəyərli etirafı

14.09.13 10:17 1448
Son iyirmi ilin ən dəyərli etirafı
Yenə də sirli üçbucaq. Ehtimal edilənlər gerçək oldu. Sifarişçi... İcraçı.. .Qurban...
ABŞ-ın dövlət katibi Con Kerri nəhayət ki, son bir ayda Suriyaya hücumla bağlı intensivləşən neqativ cəhdlərə və bütün dünyanı narahat edən suallara qəribə və gözlənilməz aydınlıq gətirdi. ABŞ Senatı Komissiyasının iclasında çıxış edən Con Kerri toplantının bitməsinə bir az qalmış (iki saat davam edən iclasın sonuna yaxın Con Kerri olduqca yorğun görünürdü) dünya ictimaiyyətini silkəlяyən açıqlama verdi. Güman etmək olar ki, onun etirafı çoxlarının qanını qaraltdı. Bəziləri isə dərindən ah çəkib “Nəhayət ki, qızın nişanlısı peyda oldu” deyərək gülümsədilər. Bu etiraf bir çox qaynar başlar üçün “soyuq duş” effekti yaratdı desək, yanılmarıq. Con Kerri də bir anlıq özünü itirdi. Görüşdə dediklərinin nəticəsini fikirləşmək imkanı tapmadığından onun narahatlıq keçirməsi özünü açıq-aydın biruzə verirdi. Atalar məsəli var, “Söz ağızdan çıxana qədər o, sənin qulundur, elə ki, ağızdan çıxdı sən onun quluna çevrilirsən”.
Söhbət Amerikanın Suriyaya zərbə endirmək niyyətinin və real planının maddi tərəfindən getdi. Müharibə Amerikaya nə fayda verəcək?! Müharibənin maddi ağırlığını Amerikanın vergiödəyicilərinə yükləmək nə qədər ədalətlidir? Bütün bu qəbildən olan suallara son qoymaq məqsədilə Con Kerri bədahətən açıqlama verdi: “Müharibənin xərcləri İran körfəzinin zəngin ərəb ölkələri tərəfindən maliyyələşdirilir. Amerika vergiödəyicilərinin narahat olmasına heç bir əsas yoxdur. Hərbi əməliyyatların bütün xərcləri ödəniləcək. Bu, körfəz ölkələrinin dəfələrlə etdikləri xahişidir. Bax, bizim belə sadiq dostlarımız var...”, - deyə Con Kerri bildirdi. Komissiyanın iclası sona çatdı, lakin kələfin ucunu tutanlar tapıldı.
Cənab Con Kerri! Heç təsəvvür edə bilməzsiniz ki, ixtiyari və ya qeyri-ixtiyari də olsa, öz səmimiyyətinizlə Suriyaya qarşı nəzərdə tutulan hərbi zərbələri maliyyələşdirənlər və BMT-nin üzvü olan suveren dövlətin prezidenti Bəşər Əsədi “sifariş” edənlərlə bağlı müəmmaların açılmasında necə böyük rol oynadınız.
Siz ABŞ-ın vergi ödəyən yüz milyonlarla vətəndaşının qəlbinə rahatlıq gətirdiniz, onların təlaşına son qoydunuz. İndi onlar da bildilər ki, ABŞ-ın Yaxın Şərqdə apardığı müharibələrin xərcləri ilə bağlı narahatçılıq keçirməyə heç bir əsas yoxdur. Məsələ yalnız mənəviyyat, əxlaqla bağlı ola bilər. Bu isə müasir dövrdə insanları bir o qədər də narahat etmir.
Zənnimcə, hər siyasətçinin cürət edə bilməyəcəyi bu səmimi etiraf ən yüksək qiymətə, ən böyük mükafata layiqdir. Hətta Nobel Sülh Mükafatına Sizin namizədliyinizi irəli sürsək, yanılmarıq. Hərçənd ki, bu mükafata Barak Obama layiq görülüb. Amma onu hansı xidmətinə görə aldığı məlum deyil.
ABŞ-ın yüksək vəzifəli məmurunun səmimi etirafı Azərbaycanda da layiqincə dəyərləndirildi. Ələxsus da bu hegemon dövlətin dünya liderliyi uğrunda apardığı mübarizədən həzz alan, onun müharibələrdə qazandığı zəfərlərə sevinən ABŞ sevərlər tərəfindən.
Çox güman ki, tanınmış jurnalist və təhlilçi Rauf Mirqədirov indi sevincindən göyün yeddinci qatındadır. Axı Con Kerrinin dilə gətirdiyi etirafdan sonra o, cənab dövlət katibinin mövqeyini daha asanlıqla müdafiə edə biləcək. Necə də olsa, indi antirusiya fikirlərini sübut etmək üçün əlində daha çox “fakt” var... Yenə də ABŞ-ın ünvanına təmtəraqlı təriflər yağdıraraq, sonda “Gördünüz, müharibə ABŞ-ın təşəbbüsü deyildi. O, sadəcə, sifarişi yerinə yetirir və fürsətdən yararlanaraq pul içində üzən şeyxlərə maneçilik törədən dövlətlərdə arzuolunmazları aradan götürür, “demokratiya” anlayışını təbliğ edir” söyləməklə haqlı olduğunu isbatlamağa çalışacaq.
Əslində tanınmış politoloq Vəfa Quluzadə də ABŞ-la bağlı vəziyyəti şərh edərkən dəfələrlə qeyd edib ki, Amerika olduqca güclü dövlətdir. Kimsənin onun qarşısında durmağa cəsarəti çatmaz. Dünyanın heç bir dövləti ABŞ-ın öz sərhədlərindən çox-çox uzaqlarda yürütdüyü “milli maraqları müdafiə” siyasətinə qarşı çıxa bilməz. Bunu xəyal etmək belə qorxuludur. Amerika siyasətinə qarşı çıxan dövlət ölümə məhkumdur. Bax, belə!
Yuxarıda adlarını çəkdiyim politoloqlar dünyaya meydan oxuyan amerikalı kovboyların göstərdikləri şücaəti bəyənir, bunu qəhrəmanlıq kimi qələmə verirlər. Onların fikrincə, istənilən çətin vəzifənin öhdəsindən gəlir, qarşıya qoyulan məqsəddən bir addım da olsun geri çəkilmirlər. Öz “varlı dostlar”ına heç vaxt xəyanət etmirlər. “Dostluq qızıldan dəyərlidir” ifadəsində heç bir sözü ixtisara salmasalar da, həyatda bunun tam əksinə əməl edirlər. Konkret bu situasiyada metateza, yəni sözlərin yerlərinin dəyişdirilməsi mümkündür.
Deməli, ABŞ-ı tənqid atəşinə tutanlar – Amerikanı qərb demokratiyasını hələ buna hazır olmayan xalqlar arasında təbliğ etməkdə qınayanlar və məğlub edilmiş ölkələrdə demokratiyanın “bəhrə”sini gözləyənlər özlərinə əsası olmayan yersiz əziyyət verirlər.
Sadəlövh həqiqət və ədalət “carçı”ları baş verənlərə əslində heç bir aidiyyəti olmayan amerikalıları ən kəskin ifadələrlə biabır etməkdən qətiyyən yorulmurlar. Əslində isə tənqid hədəfi olanlar öldürmək, aradan götürmək, talamaq sifarişini ən “yüksək” səviyyədə yerinə yetiriblər. Onlar ordu yürütdükləri ölkələri elə dağıdıb viran qoyurlar ki, hələ uzun onilliklər ərzində həmin ərazilərdə dövləti xatırladan heç nə yaranmayacaq. Sifariş olunmuş bu plan “məharətlə” həyata keçirilir. Onların başı öz işlərinə elə qarışıb ki, politoloq və tənqidçilərin səsləndirdikləri fikirlərə heç diqqət belə yetirmirlər. Düşünürlər ki, həmin insanlar müasir dünyada baş verənləri qətiyyən anlamırlar.
Bəzən tənqidçilər Avropanı da tənqid etməkdən çəkinirlər. Guya Avropa olmasa, ABŞ verilən “sifariş”ləri reallaşdıra bilməz. Burada həqiqətin payın çox azdır, necə deyərlər, şorba qazanından bir qaşıq. Əslində Avropa Amerika üçün bir növ karvansaray rolunu oynayır. Bura istirahət etmək, yorğunluğu çıxarıb güc balansını normallaşdırmaq və qoca Avropanın müasir siyasətçilərinin gözündəki qorxuya baxıb həzz almaq üçün əlverişli məkandır.
ABŞ “İran körfəzi dövlətlərindən olan dostları”nın hesabına Avropanın bir çox problemlərini həll edir, cinsi azlıqların hüquqlarının pozulmasına, insan azadlığının məhdudlaşdırılmasına, hələ “sifariş” olunmamış dövlətlərin hüquq müdafiəçilərinin və siyasətçilərinin təqibinə daha çox fikr verməyə çağırır. Kimi harada və necə tənqid etməklə bağlı mühüm göstərişlər verir.
Məqsəd aydınıdır: bu dövlətləri daimi gərginlik altında saxlamaq, sifariş alan kimi insan hüquqlarının pozulması bəhanəsilə əvvəlcədən hazırlanmış planı zor işlətmədən həyata keçirmək, alınmadıqda isə ölkədə “qayda-qanun”u müharibə yolu ilə bərpa etmək. Əslində bu, həm də “sözə qulaq asmayan” digər dövlətlərə dərsdir. Dünyanı kimin idarə etdiyini, sülh və əmin-amanlığın “qorunub saxlanılması” üçün maliyyəni kimin ayırdığını, müharibə maşının sükanı arxasında kimin əyləşdiyini göstərmək üçün o, istənilən başı bədəndən ayırmağa hazırdır.
İkinci və üçüncü dərəcəli dövlətlərin başqa ölkələrdəki müharibələrə etiraz əlaməti olaraq hay-küy qaldırmalarına imkan vermək olmaz. Qoy onlar öz taleləri üçün narahat olsunlar.
Müharibə, qarışıqlıq, iğtişaş, Afrika və Asiyanın suveren dövlətlərinin prezidentlərinin qətl və ya edamı artıq 15 ildən artıqdır ki, hər kəsin səbir kasasını doldurub. Baş verən faciələri hərə bir cür qəbul edir, narahatçılıq keçirir. Düşüncə və əməldə ahəng pozğunluğu baş verəndə isə böhran, ələxsus da mənəvi böhran yaranır və ona tab gətirmək çətinləşir.
Müharibələr niyə baş verir? Bu sual demək olar ki, hər kəsi ciddi surətdə maraqlandırır.
Özündən yüz qat zəif dövlətlərə qarşı müharibə aparmaq, onu məhv etmək, prezidenti edam etdirmək və yaxud da amansızcasına qətlə yetirmək üçün əslində elə də tutarlı səbəb yoxdur! Belədirsə, bütün bu həngamələr nədən ötrüdür? Dünya mədəniyyəti və sivilizasiyasının qəniminə çevrimiş bu müharibələri aparanları insanlığa yaraşmayan hərəkətlər etməyə vadar edən nədir?!
Artıq bir neçə ildir ki, hamı bu sual üzərində baş sındırır. Sınan başlar çoxdur, amma ortada ağılabatan cavab yoxdur.
Sən demə, hər şey son dərəcə sadə imiş. Elə adi həyatda olduğu kimi. Sadəcə, baş verənlərin miqyası böyükdür. Çünki yaşananlar bütün dünyanı əhatə edir. Qəribə də olsa, qloballaşma çox darlıq yaradıb. Hər predmet, hər hərəkət dünyanın dörd bir yanından görünür.
Məsələnin məğzi belədir: bəziləri pul verib kiminsə qətlini sifariş edir, digərləri isə bu sifarişi icra edir. Bir sözlə, müəyyən dövlətlər var ki, utanıb çəkinmədən, vicdanının (əgər bu anlayışdan onlarda əsər-əlamət qalıbsa) səsini dinləmədən həyasızcasına müxtəlif xalqların qətliamını, ölkələrin dağıdılıb viran edilməsini, ipə-sapa yatmayam dövlət başçılarını ictimaiyyətin gözü qarşısında çarmıxa çəkilməsini pulla sifariş verir. Bununla da idarə oluna biləcək xaoslaşma əlamətləri yaranır. İnternet isə hər şeyi hamıya çatdırır.
Qayıdaq yenidən məqalənin əvvəlində xatırlatdığım məqama – Con Kerrinin səmimi etirafına. Zənnimcə, Con Keri son illər ərzində ABŞ-ın müttəfiqləri ilə birgə apardığı müharibələrin sirrini açmaqla şübhəsiz ki, adını tarixə yazdırdı.
ABŞ-ın dövlət katibi Con Kerrinin etdiyi etirafın əsas əhəmiyyəti ondan ibarətdir ki, o, ixtiyari və ya qeyri-ixtiyari olsa da, Suriyanın, o cümlədən də Bəşər Əsədin neftlə zəngin varlı ərəb dövlətləri tərəfindən “sifariş” olunduğunu və bu “sifariş”in maliyyələşdirildiyini öz dili ilə dedi.
Sözügdən ərəb ölkələri digər müsəlman dövlətlərinə, o cümlədən ən böyük islam dövləti olan İndoneziyaya nəinki bel bağlamır, istəklərinin onlar tərəfindən anlayışla qarşılanmasını belə gözləmirlər. Buna baxmayaraq, oyun açıq şəkildə, özü də hamının gözü qarşsında aparılır.
Deməli, sifarişçi və maliyyəçi də bəllidir, icraçı da, məhvi istənilən hədəf də. Burada heç bir anlaşılmazlıq yoxdur və ola da bilməz. Bir çoxu üçün yalnız indi məlum olur ki, İraq və Liviya da vaxtilə bu cür dağıdılmışdı. Onların dövlət başçıları isə varlı qonşuların pulu ilə eyni ssenari əsasında əzab verilərək nümayişkaranə şəkildə qətlə yetirilmişdilər. Müharibənin bütün xərclərini İran körfəzinin ərəb ölkələri ödəmişdi: hərəsi 30-140 milyard dollar maliyyə ayırmışdı. Bu məlumatlar ərəbdilli kütləvi informasiya vasitələrinə hələ müharibənin gedişatı zamanı ötürülmüşdü. Amma hamıya elan edirdilər ki, guya pulu demokratiyanı yaymaq və digər xalqların sülh və əmin-amanlıq içində yaşamasını təmin etmək naminə ABŞ özü ödəyir. Amma körfəz ölkələrindən “kredit” aldıqlarının üstünü malalaya bilmədilər. “Kredit” verənlər öz ətrafındakılara borcu belə “izah” edirdilər: “Bu, bizim müstəqilliyimizin, S. Hüseyn və M. Qəddafi rejiminin aradan qaldırılmasının qiymətidir”. Bu cümləni ərəbdilli qəzetlərdən birində şəxsən özüm oxumuşdum.
Deməli belə, dünya ictimaiyyətini və öz vətəndaşlarını aldadanlar cinayətə bəraət qazandırmaqda xeyli zəiflədilər. Yəqin ki, cəzanı Allaha tapşırmaqla işini bitmiş hesab edəcək kəslərin sayı az deyil.
P.S. Yuxarıda bəhs etdiyim hadisə və reallıqları nəzərə alaraq, məsləhət görərdim ki, nə özünüz, nə də bizim üçün heç kəsi bütləşdirməyəsiniz! Cənab Rauf Mirqədirov, Sizin kumiriniz heç də mələk deyil! Düzdür, kimin hansı obrazı özünə kumir edəcəyi hərənin öz şəxsi seçimidir. Mövcud tarixi faktlara müraciət etsək görərik ki, cəllad da kumir ola bilər! İlk baxışdan təsəvvür etmək belə çətindir. Amma bu zaman yada düşür ki, Səudiyyə Ərəbistanında Ali cəllad idarəsi az qala bu dövlətin yarandığı vaxtdan fəaliyyət göstərir. Bu idarənin əməkdaşları il ərzində “cəmi-cümlətani” minə yaxın adamın boynunu vurur. Vaxtilə Fransada gilyotin işə düşərkən minlərlə tamaşaçı bu “mənzərə”ni seyr etmək üçün meydana toplaşırdı. Necə deyərlər, onun da öz həvəskarları var. Kütlə səs-səmirsiz başın bədəndən ayrılacağı anı gözləyir, sonra ayrılan qanlı baş diyirlənərək insan toplumunun ayaqları altına düşür. Bu mənzərə filmlərdən və oxuduğumuz kitablardan bizə yaxşı məlumdur.
Sevincindən qışqıran və qəhqəhə çəkib gülənlərin səsi hönkürtü və fəryada, xeyir şərə, sevgi nifrətə qarışır. Bir anın azarkeşləri xeyli müddət həmin meydanda qalıb dünyanın gedişatını müzakirə edirlər. Bura bir məqamı da əlavə etmək istəyirəm: “USA Today” qəzetinin elektron versiyasının məlumatına (09.09.2013) görə, Səudiyyə Ərəbistanı prezident Bəşər Əsədin ordusu ilə döyüşmək üçün qətl, zorlama və narkotik alverində təqsirli bilinərək ölümə məhkum olunmuş 1239 məhbusu əfv edib Suriyaya göndərib və əvəzində onların ailələrinə hər ay maliyyə yardımı göstərir. Bəli, nə qədər təəccüblü səslənsə də, bu addımı müsəlmanların müqəddəs hesab etdikləri Məkkə və Mədinənin xadimi adlandırılan (“Xadimülharameyn”) Səudiyyə Ərəbistanı kralı atıb.
Çox güman ki, ABŞ-ın Suriyaya qarşı planını bəyənməyən möhtərəm Şeyxülislam həzrətlərinə və professor R. Əliyevə səmimi qəlbdən məzuniyyətə çıxmağı arzulayan R. Mirqədirov indi öz yanlış və məkrli fikirlərini qaydaya salmaq üçün ciddi şəkildə, özü də uzun müddət çalışmalı olacaq. Bütün qəlbi ilə ABŞ-a bağlı olan, Rusiyanı görməyə gözü olmayan bəzi politoloqların isə belə səhnə yəqin ki, ürəklərincədir: qana susamaq, başqasının faciəsinə sevinmək də insan emosiyalarının bir hissəsidir.
P.P.S. Bir neçə gün öncə Rusiya Federasiyasının kimyəvi silahı beynəlxalq nəzarətə götürməklə bağlı irəli sürdüyü təşəbbüs - silahdan tam imtina edilməsi və onun qadağan olunması haqqında beynəlxalq konvensiyaya qoşulmaq təklifi Suriya tərəfindən qəbul edildi. ABŞ prezidenti Barak Obama da bununla bağlı öz müsbət rəyini bildirdi. Ardınca ABŞ Konqresi Suriyada müharibə ilə bağlı səsverməni təxirə saldı. Obama bildirdi ki, Suriyanın Rusiya tərəfindən irəli sürülən təşəbbüsü icra edəcəyi təqdirdə Suriyaya hərbi müdaxilə mövzusu gündəmdən qalxa bilər. Təşəbbüs İran tərəfindən müsbət qarşılandığı üçün sözügedən regionun da vətəndaşları rahat nəfəs almağa başladılar... Amma arxayınlaşmaq üçün hələ çox tezdir. Yandırılmış Yaxın Şərq tonqalının istisi artıq bütün regionda hiss olunmağa başlayıb. Qoy mələklər bizi nadürüstlərdən qorusun və gələcəyə irəliləmək üçün düzgün yol göstərsin!
banner

Oxşar Xəbərlər