• çərşənbə axşamı, 23 aprel, 16:48
  • Baku Bakı 24°C

Son hadisələr beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının çox təhlükəli olduğunu xatırlatmalıdır

22.07.20 20:36 724
Son hadisələr beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının çox təhlükəli olduğunu xatırlatmalıdır
Milli Məclisin deputatı Azay Quliyev Berlin TV-yə müsahibəsində Ermənistanın Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı sualları cavablandırıb.
AZƏRTACxəbər verir ki, A.Quliyev ermənilərin bu hərbi təxribatlarının səbəblərini qeyd edib. O deyib ki, əvvəla, Ermənistan hər cür vasitədən istifadə edərək sülh danışıqlarına mane olmağa və yeni münaqişə ocağı yaratmağa çalışaraq status-kvonu qorumaq üçün vəziyyəti daha da mürəkkəbləşdirməyə cəhd edir. Çünki münaqişə zonası olan işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən yüzlərlə kilometr uzaqlıqda yerləşən Tovuz bölgəsinə hücum üçün heç bir əsaslı səbəb tapmaq mümkün deyil. İkincisi, Ermənistan bu təxribatı törətməklə açıq şəkildə qitələrarası təbii qaz və neft boru kəmərləri və digər strateji iqtisadi infrastrukturları təhdid etmək məqsədi güdürdü. Ermənistanın Tovuz bölgəsini hədəfə almasının məqsədi bölgəyə və oradakı strateji yüksəkliklərə nəzarəti ələ keçirmək və beləliklə, bu regiondan keçən nəqliyyat və enerji dəhlizlərinin funksionallığına təhdid yaratmaq idi. Ermənistan bu əsassız hərbi əməliyyatları başlatmaqla həm də Rusiyanın aparıcı qüvvə olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə cəlb etmək istədi. Bu təşkilatın rasional yanaşması sayəsində Ermənistan müttəfiqləri tərəfindən heç bir dəstək tapmadı.
Deputat bildirib ki, baş nazir Nikol Paşinyan Ermənistandakı dərin sosial-iqtisadi və siyasi böhran səbəbindən çox çətin günlərini yaşayır. Ermənistandakı inqilabi diktaturanın verdiyi vədlərin heç biri gerçəkləşmədi və xalq indiki hakimiyyətdən çox narazıdır. Yaratdıqları diktatura rejimini xilas etmək üçün Paşinyan hökuməti siyasi rəqiblərinə və parlament üzvlərinə qarşı konstitusiyaya zidd və repressiv üsullar tətbiq edir, qanunsuz cinayət təqibləri və kütləvi həbslər həyata keçirərək dövlət hakimiyyətinin hər 3 qolunu mənimsəyib. Buna görə də Paşinyanın Ermənistan xalqının diqqətini ciddi daxili problemlərdən yayındırmaq üçün bu hərbi əməliyyatları başladaraq insanları "xarici düşmənə qarşı" mübarizə ətrafında birləşdirməyə çalışması ehtimalı kifayət qədər realdır. Bundan başqa, Ermənistan bu təxribatla Azərbaycanın BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılmasına dair təşəbbüsünü açıq-aşkar şəkildə sarsıtmaq məqsədini güdürdü.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 pandemiyası ilə əlaqədar qlobal atəşkəs çağırışını dəstəkləyən bəyanatları siyasi riyakarlıqdan başqa bir şey deyil.
Azay Quliyev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin birinci səbəbi Ermənistanın indiyə kimi cəzasız qalmasıdır. Hamıya məlumdur ki, Ermənistan beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınıb. BMT TŞ-nin erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, bu ölkə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT TŞ-nin qətnamələri hüquqi baxımdan məcburidir və onların icrası hər bir dövlətin öhdəliyidir, amma Ermənistan 27 ildir ki, bu 4 qətnamənin tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb olunmayıb. Beynəlxalq təcrübəyə və BMT Nizamnaməsinin müvafiq müddəalarına görə, hər hansı bir üzv ölkə TŞ-nin qətnamələrinə hörmət etmirsə, bu ölkə mütləq məsuliyyət daşımalıdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin aşkar uğursuzluğunun səbəblərinə gəldikdə isə, həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qətnamələrin icrasını təmin etməyiblər. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü kimi onlar bu qətnamələrin qəbuluna səs veriblər və ona görə də bu qətnamələrin icrasını təmin etməli idilər. Cəmiyyətimiz hələ də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərini gözləyir. Təəssüf ki, biz bunu görmürük. Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir ki, işğalçı ölkəyə dəqiq mesaj verilmiş olsun. Bunu etməklə Minsk qrupu Ermənistana açıq mesaj göndərər ki, beynəlxalq ictimaiyyət bu ölkənin işğalçılıq və təcavüzkar siyasəti ilə barışmaq fikri yoxdur. Azərbaycan cəmiyyətinə ATƏT-in Minsk qrupuna qarşı bir qəzəb və məyusluq hissi var. Son eskalasiya beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının nəinki yolverilməz, həm də çox təhlükəli olduğunu xatırlatmalıdır. Vasitəçilər münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə həllinə nail olmalıdır. Hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına alternativ yoxdur. Bu məsələ müzakirə oluna bilməz. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu zorla tərk etməli olmuş bir milyondan çox məcburi köçkün ləyaqətli şəkildə öz doğma yerlərinə qayıtmalıdır.
banner

Oxşar Xəbərlər