• cümə, 19 Aprel, 04:19
  • Baku Bakı 18°C

Son günlərini yaşayan şeir kafesindən reportaj

09.10.18 12:00 1181
Son günlərini yaşayan şeir kafesindən reportaj
Rozenberqləri elektrikli stulda edam etdikləri o isti və qəribə yay ayında Nyu Yorkda nə axtardığımı bilmirdim. Onsuz da Nyu Yorkda da deyildim, Bakıdaydım. Çox sevdiyim kafelərdən biri bağlanmaq əsəfəsindəydi və mən həmin kafe haqqında reportaj yazmalıydım. Elə buna görə "Poetry” kafedəyəm. "Poetry” kafe – yaradıcı gənclərin məkanı. Divarlarında yazıçılardan, şairlərdən bir sitat var. Sanki, divarlar mübahisə zamanı dili dolaşan adamın sözlərini öz hesabına tamamlayır. Cümlələrinin sonunda nöqtə qoyur. Ya da baş cür deyək, bu məkandakı ədəbiyyat, sənət söhbətləri öz varlığını dildən əvvəl, divarlarda qoruyur. Ədəbi yönlərin, sektorların yeni-yeni formalaşmağa başladığı və münasibətlərin ədəbi kriteriyalar əsasında təyin olunduğu günümüzdə hər sektor kimi bizim də çayı ucuz olan, saatlarla oturub ədəbiyyatdan, sənətdən danışdığımız bir məkan mütləq olmalı idi. "Poetry” kafe. Bizdən əvvəlki ədəbi nəslin yaddaşında "Şirzadın kafesi”, "Araz kafe” kimi adlar necə yer eləmişdisə bu kafe də təxminən həmin xəttin davamı ola bilərdi. Şəhərin dar, qaranlıq ara küçələrindən birində, insanı yeni bir aləmə, alternativ bir dünyaya ötürən qapı. Yaxın zamanlarda kafe bağlanacaq. Buna görə biz də içimizdəki sınıq-salxaq arzuları kafenin künc-bucağından yığıb uzaqlaşdıq. Özümüzə başqa məkan tapmağa tələsdik. Amma təbii ki, xatirələr öz yerində qaldı. Bu yazı da elə həmin xatirələr həsr olunur.
Qreqor Zamzanın narahat yuxusundan ayılıb özünü elə yatağındaca əcaib həşərat çevrildiyini hiss etdiyi adi sabahlardan biri idi. Hiss elədim ki, bu şəhərə aşiqəm. Və yalnız xoşbəxt və bədbəxt günlərin şahidi kimi yox. Bu şəhər qədim küçələri, köhnə binaları, əyrimcə yolları, ağ-qara tarixi, əski fotoları, həmin fotolarda gülümsəyən, qaşlarını çatıb anlaşılmaz bir qüssə ilə baxan insanları, filmləri, dənizi, yazıçıları, şairləri ilə qatar kimi içimdən keçir və ondan hər nə varsa məndə yurd yeri kimi özünü rahat hiss edir. Yəni, Bakını öz içində daşdan, qayadan, asfaltdan quru bir şəhər kimi yox, içində səndən əvvəl yaşamış, elə səndən sonra da yaşayacaq adamların nəfəsi ilə hiss edirsən. Yəni, bütün şəhərlər kimi Bakının da ruhu var və elə mən də, sən də o ruhun bir parçasıyıq.
Bakının xəritəsi hərənin içində bir cür əks olunub. Elə adamlar var ki, onların keçdiyi bütün küçələr dümdüzdür, ancaq elə adamlar da var ki, keçdiyi küçələrdən, xatirələrdən, hadisələrdən burulub keçir. Elə bil toxunsa yandıracaq. Sevdiyimiz məkanların isə həmin xəritənin içində üzəri ulduzlanıb. Mənə elə gəlir ki, "Poetry” kafenin mənəvi dozası bizim üçün bu səviyyədə idi. Yəni, üzərində parlaq bir ulduz.
Bəli, gərginəm, çox gərginəm və dəyişən heç nə yoxdur. Bildiyim bircə şey var münasibətlər dərinləşdikcə söhbətlər qısalır, sözlərin sayı azalır. Əziz oxucu, bunu elə sən özün də dəqiq bilirsən. Məsələn, keçən dəfə gördüm səni, qollarını yelləyə-yelləyə elə yeriyirdin ki, elə bil üstündəki kədəri tökməyə çalışırdın. Ya da yox. Yaxın dostlarımdan biri mənə demişdi. Əgər mən bir kitabı oxuyub sonra həmin kitabın qarşısında başımı yelpik kimi asta-asta bulayıramsa deməli kitab məni tutub. Bunu heç deməsəm də olar. "Poetry” kafenin bizim içimizdəki xəritədə yeri sözlərlə ifadə olunmurdu. Doğmalıq onu sözlərin o biri tərəfinə atmışdı.
– Bu gün də görüşürük, hə?
– Hə.
– Borxesin kitabını da gətir. Gələn həftə "müəllimdən” yazı yazmalıyam.
Bax beləcə, hamı görüşün hansı yerdə olduğunu danışmadan da hiss edirdi.
Rəsul Rza küçəsində. Pilləkanları qalxıb yamyaşıl otağa daxil olursan. İşıqlı hərflərlə yazılan "Poetry” kafe ifadəsi məkanın qafiyəsinə düşür. Piştaxtanın üzərində şeir kitabları var. Sanki, hesabın qalığı bu kitablarla ödənilir.
– Beş manat, iki Cemal Süreya şeiri.
– Sağ olun.
– Buyurun. Yenə gözləyirik.
Beləcə digər otaqların ruhu bu səhnə ilə pərdə kimi açılır. Aqşin Yeniseyin fotosu. Aqşin Yenisey isə əndişəli baxışlarla otağı süzür. Elə bil bu ifadə ilə demək istəyir ki, "İcazə verin başımı aşağı salım. Unudulum hamınızın yerinə”.
Saatın divardakı kədərli səsi məni digər otağa atır. Masalar kafeyə təbii bir ruh verir. Ən kənarda, küncdə bir masa. Bu masada gör nə qədər əyləşmişik, nə də yorulub başımızı qollarımızın arasına keçirmişik, söhbətlərdən sonra ayağa qalxıb qarşımızdakı adamın alnından öpmüşük, əlini sıxmışıq, qucaqlamışıq. Bu küncdəki tənha masanı küncə sıxılmış yaradıcı ömürlərə bənzətmək olar. Ya da gözəl musiqilərdən birində deyildi kimi, "Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur”
Qismət Rüstəmovun ən sevdiyim şeiri də divardan almanaxın içindədir. Gəlin bir ipucu verim.
– Bütün xoş şeylər kimi səndəmi bitəcəksən?
Xatırladınız. Xatırladınızsa şəhadət barmağınızı bükün, xatırlamadınızsa o barmaqla həmin şeiri tapıb oxuyun. Çünki, bir azdan pianoda ifa olunacaq. Hə, onu da deyim ki, o şeiri bilməyənlər üçün belə ifaları dinləmək qadağandır. Gərək əvvəl şeirin imtahanına girəsən, yaxşı qiymət alasan, mənəvi dozasını içindən keçirib sonra musiqinin ritmini duyasan, dərindən hiss edə biləsən. Pianino dənizdə gəmi kimi məkanın sahilinə vurub. Dilləri söyüd yarpaqlarına bənzəyir. Kənardan elə kədərlə baxır ki, hiss edirsən onu danışdıracaq barmaq axtarışındadır. Təcrübəsizlərin "Cip-cip cücələrim”ni saymasayaq hərdən elə qəhrəmanlar da ortaya çıxır. Belə zamanlarda hamı öz içinə biznes-klass biletlərlə səyahət edir. Təbii ki, yalnız kədərli mahnılar ifa olunmur. Yəni, əziz oxucular, Siz daha yaxşı bilərsiniz, bəzən xoşbəxtlik də insanı dərin bir hüznə bürüyə bilir. Gəlin Sizin bu fikrinizi nəzəri bir ifadə ilə daha da qətiləşdirim. İkimiz də əl-ələ verib o biri abzasa keçək. "Hüzn komediyanın xəmiridir”. Belə.
Divarda daha bir kitabxana müştərilərə gülümsəyir. Əsasən şeir kitabları. Ümumiyyətlə, mənə elə gəlir ki, bu məkanda bütün əşyalar biri-biri ilə qafiyələnir. Həm də on birlik heca üstündə. On bir masanın olduğunu deməyi unutmuşamsa bağışlayın. Şeir kitabları arasında Həmid Hersçinin "SSSR” kitabı ən çox oxunan kitabdır. Doxsanıncı illərdən genişlənməyə və yayılmağa başlayan modern şeirin banilərindən biri (Azərbaycanda) olan Həmid Herçinin bu kitabı əzilib, köhnəlib, vərəqləri pul-pul olub. Kitab o qədər oxunub ki, üzündəki göz izləri biri-birinə qarışıb.
Məkanın sahibləri Paso və Aqil. Bu gözəl kafe bu iki dostun düşüncəsinin məhsuludur. Ədəbiyyatı dünyanı obrazlı görməkdi. Buna əlavə edirəm, həm də obrazlı yaratmaq. Yaradıcılıq özünü yalnız sözdə ifadə eləmir. Bu kafeyə də birinci dəfə gələndə belə demişdim.
– Şeir kimidir.
Paso əlavə eləmişdi.
– Bu da bizim yaradıcılığımız.
Şeiri və sənəti sevən bu iki gənc universiteti bitirən kimi belə bir məkan açmaq arzusuna düşürlər. İdeallarındakına yaxın bir nəticə də alınır. Ancaq təəssüf ki, yolunda getməyən işlər olur. Maddi problemlər kafenin uzun müddət ayaqda durmağına kömək etmir. Beləcə, o çox sevdiyimiz "Potery” kafe bu yaxınlarda bağlanacaq. Mən də sonuncu dəfə həmin kafeyə getdim. O, çox sevdiyim küncdəki hüznlü masada həmişə oturduğum kimi oturdum. Pianoya yaxınlaşdım. Bütün təcrübəsizlər kimi "Cücələrim”i çaldım və birdən bütün kafe gülümsəməyə başladı. Həmin an hiss elədim ki, o masa da, o kitablar da, lap elə divardakı şeirlər də yox, yalnız və yalnız bu musiqi, məni bu musiqi darıxdıracaq və nə vaxtsa özgə bir yerdə bu musiqini eşitsəm yenidən bu məkanı, divardakı şeirləri, portretləri, kədərli masaları və bir-biri ilə qafiyələnən hələ onlarla şeyi yenidən, yenidən xatırlayacam. Bu zaman Qismət Rüstəmovun o gözəl şeirindəki sonuncu misra da bu kafenin xoş xatirələrini yenidən yaşadacaq:
– Bütün xoş şeylər kimi, səndəmi bitəcəksən?
Orxan Həsəni
banner

Oxşar Xəbərlər