AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Son 5 ildə Ermənistan 200 min nəfər itirib

Son 5 ildə Ermənistan 200 min nəfər itirib

Siyasət
09 Fevral 2013, 10:15 1519
Ermənistanda prezident seçkiləri kampaniyasında gərginliklər davam edir. Dünən prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsd törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə ölkənin "Şant" telekanalı xəbər yayıb. Xatırladaq ki, prezidentliyə namizəd Paruyr Ayrikyana sui-qəsd yanvarın 31-də axşam törədilmişdi. Ermənistan Milli Təhlükəzlik Xidmətinin mətbuat katibi Artsvin Baqramyan "İnterfaks"a bildirib ki, yaxın vaxtlarda MTX müvafiq bəyanatla çıxış edəcək.

Dünən Yerevanda Mərkəzi Seçki Komissiyasından (MSK) Ermənistan prezidentinin iqamətgahınadək yürüş də keçirilib. Yürüş iştirakçıları əllərində "Bu, bizim dövlətimizdir!", "Saxtakarları dəstəkləməyin, gedin!", "Saxtakarlara səs verməyin" və s. yazılmış posterlər daşıyıblar. Aksiya təşkilatçıları bildiriblər ki, tədbirin məqsədi saxtakarlığa öz paylarını verən MSK və beynəlxalq müşahidə missiyalarının əlaqəsini göstərməkdir. Onlar ATƏT-in Ermənistanda akkreditə olunan ölkələrinin səfirlərinə müşahidəçilərini geri çağırmaq və saxtakarları dəstəkləməmək barədə məktub göndərəcəklər. Seçkidə iştirak edən digər namizədlər isə prosesdə maraqlı açıqlamalar verir, qalib gələcəklərinə hələ də inamlı görünməyə çalışırlar. Məsələn, prezidentliyə namizəd, "İrs" partiyasının lideri Raffi Ovanisyan bildirib ki, Ermənistanda azad, ədalətli və şəffaf seçkilər keçiriləcəyi halda, yeni prezident meydana çıxacaq. O, Ermənistanın quruculuğu işində öz töhfəsini vermiş bütün namizədlərə hörmət etdiyini bildirib. "Mən üç prezidentdən başlayaraq, Paruyr Ayrikyan, Qrant Baqratyan və Arman Melikyana qədər hamıya hörmət edirəm. Həqiqət hər şeydən yüksəkdədir, qoy onlar miqrasiyada özlərinin və sələflərinin təqsirləndirilməsinə görə inciməsinlər. Mən heç kimin xətrinə dəymək istəmirəm, lakin son 5 il ərzində Ermənistan 200 min nəfər itirib. Sələflər də boş yerə sevinməsinlər, çünki miqrasiya onların hakimiyyətdə olduqları zaman başlayıb" - deyə o vurğulayıb.

Öz növbəsində Ermənistan prezidentliyinə namizəd Aram Arutyunyan vəd etdiyi aclıq aksiyasına başlayıb. O, aclıq aksiyasını ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında keçirir. Aclıq aksiyası bir sutka – bu gün saat 17:00-dək davam edəcək. O bu hərəkəti ilə indiki dövlət başçısı Serj Sarkisyandan başqa digər namizədləri seçkilərdə iştirak etməməyə çağırır. Arutyunyan aclıq aksiyasını başa çatdırdıqdan sonra namizədliyini geri götürməsi ilə bağlı bəyanatını MSK-ya təqdim edəcəyini bildirib. Qeyd edək ki, prezidentliyə digər namizəd Andrias Qukasyan da yanvarın 21-də başladığı aclıq aksiyasını davam etdirir.

Yeri gəlmişkən, Ermənistanda prezident seçkilərinə bir neçə gün qalmış yenidən seçkilərin təxirə salınması ehtimalından danışırlar. Qeyd edilir ki, yanvarın 31-də naməlum şəxslər tərəfindən odlu silahla sağ çiynindən yaralanmış “Milli Müqəddərat” Birliyinin lideri, prezidentliyə namizəd Paruyr Ayrikyanın səhhəti yaxşılaşmayıb. Onun ümumi səhhətindən şikayəti yoxdur, lakin barmaqlarını tərpədə bilmir və bununla bağlı müalicəsi bir neçə ay davam edə bilər. Həkimlər Paruyr Ayrikyana hələlik xəstəxananı tərk etməyi qadağan ediblər. Namizədin nümayəndəsi Manya Haykazyan hazırda Ayrikyanın təbliğat kampaniyasının onun seçki qərargahı üzvləri tərəfindən aparıldığını bildirib, lakin seçkilərin təxirə salınması üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini də istisna etməyib.

Ayrikyan daha əvvəl seçkilərin təxirə salınması üçün müraciət etməyəcəyini bildirsə də, onun ümumiyyətlə mübarizədən çıxacağı ehtimal olunur. Seçki kampaniyasının əvvəlində o, iqtidar namizədinə qalib gəlmək üçün müxalif bir namizəd ətrafında birləşmək təklifi ilə çıxış etmişdi.

Son məlumatlara görə, Raffi Ovanisyanla Qrant Baqratyan qüvvələrini səfərbər etməkdən söz açırlar. Hazırda, sorğulara əsasən, “İrs” Partiyası lideri Raffi Ovanisyanın göstəriciləri daha yüksək olduğuna görə Qrant Baqratyanın öz namizədliyini götürəcəyi güman edilir. Bəziləri Ermənistan prezidenti vəzifəsi uğrunda yürüşdə faktiki olaraq 5 namizədin qalacağını ehtimal edirlər: prezident Serj Sarkisyan, “İrs” Partiyasının lideri Raffi Ovanisyan, politoloq Arman Melikyan, eposşünas David Sedrakyan və Andrias Qukasyan. Sosioloji sorğulara əsasən, Serj Sarkisyanın lehinə seçicilərin 60 faizdən çoxu səs verə bilər. Onun əsas rəqibi kimi nəzərdən keçirilən Raffi Ovanisyanın reytinqi təxminən 20 faiz qiymətləndirilir. Lakin Ayrikyanla Baqratyan namizədliklərini götürsələr, Raffi Ovanisyan əlavə daha 10 faiz səs əldə edə bilər. Təhlilçilərin əksəriyyəti fevralın 18-də keçiriləcək seçkilərin qalibinin qabaqcadan məlum olduğunu bildirirlər. Serj Sarkisyanın daha 5 il Ermənistan prezidenti vəzifəsində qalması onlarda şübhə doğurmur.

Azər NURİYEV