• şənbə, 21 Iyun, 09:29
  • Baku Bakı 19°C

Soçinin otel nömrələri, Bakının sahibsiz itləri

08.02.14 10:28 2049
Soçinin otel nömrələri, Bakının sahibsiz itləri
Soçi Qış Olimpiya oyunları başladı. Bu, çoxdan gözlənilən möhtəşəm idman bayramıdır. Onun ətrafında gedən söhbətlər, xüsusən beynəlxalq media şəbəkəsinin müxtəlif yozumlu təqdimatları olimpiadanın HƏM də idman hadisəsi olduğunu göstərir. Maraqlıdır ki, gündəlik işlərində beynəlxalq jurnalistika standartlarına istinad etməli olan qlobal KİV nədənsə söhbət Soçidən düşəndə, özünü bizim Mətbuat Şurasının «qara siyahısı»nda olan qəzetlər kimi aparır. Bəlkə də çoxları bunun fərqinə varmaz. Amma başına gələnə başmaqçı olar, 2012-ci ildə «Eurovision»a ev sahibliyi edən zaman bu «beynəlxalq jurnalistika»nın, bu insan hüquqları fəallarının (oxu alverçilərinin) kəramətinə yaxşı bələd olduq. İki il bundan əvvəl Bakıya qarşı qeyri-obyektiv münasibət indi də Soçiyə göstərilir. Həmin dalğa, həmin koordinat…
Keçmiş sovet vətəndaşlarının xoş nostalgiyasına çevrilən 1980-ci ilin Moskva olimpiadasından fərqli olaraq indi kütləvi boykot çağırışları eşidilməsə də, beynəlxalq şəbəkə milçəkdən fil düzəltmək üçün hardasa «nəsə» axtarır. Reportyorlar otellərin ayaqyolunda, hamamında, küçələrin tinlərində, barlarda, ucuz kafelərdə axtarışdadırlar, sanki fotoaparat və kameralarını sazlayıb ova çıxıblar. İndiki ovçular ötən əsrin 80-ci illərindən xeyli qabağa gediblər, indi onların hər an internetdə canlı bağlantı qurmaq üçün ayfonları, notbukları, sosial şəbəkələri var.
Olimpiada ərəfəsində verilən xəbərlərin ən «aktualları»na diqqət yetirək: bir korporasiyanın fotomüxbiri Soçinin kənarındakı zibillikdən iri planda şəkillər çəkərək fotosessiya hazırlayıb. Acınacaqlı, ürəkbulandıran, ekologiyanın atasını yandıran şəkillərdir. Adamda elə təəssürat yaranır ki, sanki ozon qatının deşilməsinə səbəb Soçinin zibilxanasıdır. Bəs görəsən, dünyanın başqa şəhərlərində zibili hara tökürlər, bəlkə muzeydə saxlayırlar?
Soçinin mötəbər yarışa hələ hazır olmadığını sübut etmək kimi gülməli missiyanın icrası «planlaşdırma»da Norveç jurnalistlərinə həvalə olunub. Vaxtından on gün əvvəl şəhərə gələn Norveçin TV2 kanalının əməkdaşları otellərdəki nömrələrin acınacaqlı durumunu təsvir etmək üçün «sübutlar» axtarıblar. Məlum olub ki, sən demə, su gəlmir, işıq fasilələrlə verilir. Jurnalist kəşfini daha qabarıq sübuta yetirməkdən ötrü hətta hamam vannasının şəklini «twitter»də paylaşıb. Yönləndirmə açıq-aydın hiss olunur. Məgər hansısa detalı illərdir olimpiadaya hazırlaşan şəhərin otellərinin hamısına aid etmək olarmı? Həm də axı nə üçün məhz norveçli jurnalistin qaldığı otelin suyu gəlmir, işığı yanmır, bəlkə doğrudan da biz paralel dünyalarda yaşayırıq?
Ən gülməli, həm də ürəkbulandıran «irad» isə geylərin hüquqlarının az qala Avropanın strateji təhlükəsizliyi səviyyəsinə çatdıran hüquq-müdafiə fəallarının haray-həşiridir. Bu missiya isə BBC-yə həvalə olunub. Müxbir Soçi sakinlərinin qonaqpərvərliyinə ağızucu toxunaraq gey axtarışına çıxıb. Axı nə üçün Soçidə gey yoxdu? BBC müxbiri qeyd edir ki, Soçinin LGBT icması getdikcə azalmaqdadır. Təbii ki, hədəf aydındır, Putinin yetkinlik yaşına çatmayan uşaqlar arasında gey təbliğatın qadağan edilməsi barədə məlum açıqlaması avropalıların xətrinə dəyib, indi əvəz çıxırlar. Yenə də məqsəd diqqəti Qış Olimpiadası kimi idman bayramından ayırmaq, əcaib seksual oriyentasiyanı sosial və hətta qlobal qısnama kimi təqdim etməkdir.
Bu arada, ötən ilin dekabrında Volqoqradda iki intiharçının bomba partlatmasını dəfələrlə qabardan ABŞ təbliğatını da xüsusi vurğulamaq gərəkdir. Təsadüfi deyil ki, Birləşmiş Ştatlar Rusiyaya uçuşlar təşkil edən aviaşirkətləri təyyarələrin göyərtəsinə diş pastasında partlayıcı maddə keçirilmə ehtimalı barədə xəbərdar edib.
Bura qədər sadaladıqlarımız 2014-ün Soçisini 2012-nin Bakısıyla müqayisə etmək üçün əsaslar verirmi?
«Eurovision» ərəfəsində mədəniyyət hadisəsini kənara qoyan şəbəkələr Bakının abadlaşmasını mülkiyyət hüquqlarının pozulması kimi qələmə verirdilər. Maraqlıdır, mülkiyyət hüquqlarının pozulduğu iddia edilən adamların sonrakı taleyi, indi şəhərin daha prestijli ərazilərində ucaldılan göydələnlərdə yaşamaları barədə, keçmiş Basin küçəsinin yerində salınmış geniş və füsunkar park barədə niyə yazmırlar? Mahnı yarışması ərəfəsində gey-paradın olub-olmayacağından hətta yaxın qonşularımız belə, rəsmi təbliğatlarında riyakarcasına istifadə edirdilər. Mənşəyi bilinməyən jurnalistin bayrağımızı, şəhərimizi aşağılayan reportajı da yadımızdadır. Hətta insan hüquqları sahəsində fəallıq göstərdiklərini daim donorların gözünə soxan şəxslər Bakı küçələrində sahibsiz itlərin kütləvi şəkildə öldürüldüyünü elə ürək ağrısı ilə yazırdılar ki, sanki əzizlərini itiriblər. Bəs nəticə necə oldu? Bakı «Eurovision» tarixində ən mükəmməl, ən maraqlı yarışa ev sahibliyi etdi. Bundan sonra «demokratiya naminə oxuyanlar»ın xor kapellasının səsi batdı və indi nəyinsə naminə oxumaq, ya da oynamaq üçün mövzu axtarırlar.
Bütün bunlar bir daha təsdiqləyir ki, qloballaşdırılan dünyamızın idarə edilməsi informasiyanı yönləndirməkdən, informasiyaya nəzarətdən keçir. Mühüm hadisələr ərəfəsində beynəlxalq jurnalistika standartları informasiyanı yönləndirən güclərin diktəsinə qurban verilir. Bəzilərində belə təəssürat yaranır ki, demokratik dəyərlər, standartlar - hamısı sadəcə boş söz yığınıdır. Ölkənin beynəlxalq təzyiqlər qarşısında immunitetini artırmaq üçün güclü və müstəqil medianın olması vacib şərtdir. Məhz öz ayaqları üzərində dayanan media dəyərlərə hörmətlə yanaşaraq lazım olan anda milli təəssübkeşlik göstərə bilər.
banner

Oxşar Xəbərlər