Soçidən geri qalanlar
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin son görüşü də rəsmi İrəvanın qeyri-konstruktivliyi ilə yadda qaldı. Bu görüşdə də Ermənistanın sülhə doğru addım atmaq istəmədiyi hiss olundu. Politoloqlar hesab edirlər ki, görüşdən sonra imzalanan bəyanat bizim maraqlarımıza uyğundur.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü artıq arxada qalıb. Müxtəlif səviyyələrdə görüşün nəticələri müzakirə olunmaqdadır. Əsas diqqət çəkən fikir budur ki, görüşdən öncə gündəmə gətirilən mövzulardan demək olar ki, heç biri imzalanan üçtərəfli bəyanatda öz əksini tapmadı. Ermənistanın yenə də sülhə doğru addım atmaq istəmədiyi hiss olundu. Ümumiyyətlə, Soçi görüşünü necə qiymətləndirmək olar? Tərəflər bu görüşdən nə əldə etdilər?
“Ermənistan kənarda özünə dəstək axtarır”
Milli Məclisin deputatı Elşad Mirbəşir bildirdi ki, Azərbaycan bu görüşə özünün haqlı mövqeyini möhkəmləndirərək getmişdi: “Ermənistan isə əksinə, görüşə regionda gərginliyə səbəb olacaq yanlış addımlar ataraq qatılırdı. Birincisi, Praqada Ermənistanın israrı ilə Avropa İttifaqının mülki missiyasının, eyni zamanda ATƏT-in missiyasının regiona səfəri təmin olundu. Əslində buna heç bir ehtiyac yox idi. Azərbaycan Ermənistana sülh müqaviləsi bağlamaq üçün təkliflər təqdim etmişdi və həmin təkliflər üzrə addım ataraq yekun sülh sazişini imzalamaq mümkün olardı. Amma Ermənistan davranışları ilə nümayiş etdirdi ki, yekun sülh sazişini imzalamaqdan yayınmaq istəyir. Ona görə də kənarda özünə dəstək axtarır. İsrarla ATƏT-in Minsk qrupunun reabilitasiyasına çalışır. Çünki ATƏT-in Minsk qrupu vaxtilə Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına xidmət edən fəaliyyət göstərirdi. Bu gün də Ermənistan hesab edir ki, ATƏT-in Minsk qrupu onlar üçün bir xilaskar rolunu oynaya bilər”.
“Bəyanatın şərtlərinə əməl etməmək intihara bərabərdir”
E.Mirbəşir vurğuladı ki, Soçi görüşü 2020-ci il 10 noyabr tarixli birgə bəyanatın imzalanmasının iki illiyi ərəfəsinə təsadüf etdi: “Ötən ilin əvvəlində və noyabrında əlavə olaraq iki sənəd imzalanmışdı. Budəfəki görüşdə Rusiya prezidenti bildirdi ki, imzalanmış sənədlərdə ifadə olunan şərtlərə nə dərəcədə əməl olunması məsələsi vacibdir. Azərbaycan əldə olunmuş razılaşmaların şərtlərinə uyğun olaraq demək olar ki, bütün addımları atıb. Amma Ermənistan əksinə, yenə də imitasiyalarla məşğul olub, praktiki olaraq heç bir addım atmayıb. Hesab edirəm ki, Azərbaycan növbəti dəfə həm etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi, həm öz haqlı maraqlarını sonadək müdafiə etmək iradəsini nümayiş etdirdi. Diqqəti çəkən məqam həm də odur ki, imzalanan bəyanatda Qarabağ ifadəsi işlədilmədi, Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsi qabardılmadı. Bu da ona dəlalət edir ki, proseslər Azərbaycanın irəli sürmüş olduğu təkliflər üzrə getməkdədir. Bir sözlə, Soçi görüşü prosesin sürətləndirilməsi baxımından əhəmiyyətli oldu. Rusiya prezidentinin də mövqeyi ondan ibarətdir ki, birgə bəyanatın şərtlərinə mütləq əməl olunmalıdır. Putinin vaxtilə dediyi kimi, birgə bəyanatın şərtlərinə əməl etməmək Ermənistan üçün intihara bərabərdir”.
Millət vəkili qeyd etdi ki, Paşinyan yenə də öz mövqeyində kəskin transformasiyalara yol verməkdədir: “Görüş öncəsi yenə bildirdi ki, heç bir sənəddə Zəngəzur dəhlizinin açılması məsələsi öz ifadəsini tapmayıb. Bu, Paşinyan tərəfindən faktların təhrif olunmasıdır. Ermənistan razılaşdırılan sənədlər üzrə addım atacaqsa, bizim üçün vacib olan məsələlər öz həllini tapmış olar. Bu da mahiyyət etibarilə yekun sülh sazişinin imzalanması prosesini sürətləndirər”.
“Soçidə imzalanan bəyanat bizim maraqlarımıza uyğundur”
Politoloq İlyas Hüseynov bildirdi ki, üçtərəfli görüş öncəsi baş verən proseslər birmənalı olaraq bu görüşün əhəmiyyətinin artırılmasına, eləcə də Rusiyanın siyasi, diplomatik müstəvidə əlinin gücləndirilməsinə yönəlmişdi: “Çünki Valday beynəlxalq diskussiya klubunda erməni politoloq Aleksandr İsgəndəryan Putinə sual ünvanladı. Putin regiondakı proseslərlə bağlı öz mövqeyini bildirdi. Daha sonra KTMT-nin sessiyasında erməni baş naziri qərəzli çıxış etdi. Eyni zamanda, Xankəndidə mitinq baş tutdu. Düşünürəm ki, Soçi görüşündə əldə olunan nəticə, imzalanan bəyanat bizim maraqlarımıza uyğundur. Çünki burada sanki Praqada əldə olunan razılaşmaların davam etdirilməsi öz təsdiqini tapdı. Tərəflər BMT nizamnaməsinə və Almatı bəyannaməsinə sadiqliklərini ifadə etdilər. Ərazi bütövlüyü, suverenlik və sərhədlərlə bağlı məsələlər yenidən hüquqi sənəddə öz əksini tapdı. Hesab edirəm ki, biz təkcə bəyanata nəzər yetirməməliyik. Rusiyanın əvvəldən hazırladığı, imzalatmağa çalışdığı bəzi məsələlər bəyanatda yoxdur. Bu barədə Putin də üçtərəfli görüşdən sonra etiraf etdi”.
“Paşinyanın gündəmə gətirdiyi fikirlər dəstəklənməyib”
İ.Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin üçtərəfli görüş başlamazdan öncə artıq Qarabağ münaqişəsinin bitdiyi deməsi və Azərbaycanın təqdim etdiyi 5 maddəlik təklifləri gündəmə gətirməsi çox önəmlidir: “İndi münasibətlər yalnız ikitərəfli müstəvidə, dövlətlərarası səviyyədə tənzimlənməlidir. Bunun üçün ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması və yekun sülh müqaviləsinin imzalanması əsas müzakirə predmeti olmalıdır”.
İ.Hüseynov vurğuladı ki, Ermənistanın baş naziri görüşdə ötən ilin may ayında və bu ilin sentyabr ayında baş vermiş toqquşmalarla bağlı əvvəlki status- kvoya qayıtmaq haqqında fikirlər irəli sürüb: “Lakin bu fikirlər dəstəklənməyib”.
Bəxtiyar Məmmədli