SOCAR hasilatı artıracaq
SOCAR-ın uzunmüddətli emitentin defolt reytinqi (IDR) və yüksək təminatsız reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilib. Həmçinin, şirkətin hasilatı 0,5 % artıracağı proqnozlaşdırılır.
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) və yüksək təminatsız reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. “Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Uzunmüddətli IDR üzrə proqnoz “stabil”dir
Məlumatı görə, uzunmüddətli IDR üzrə proqnoz “stabil”dir. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.
SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın (BBB-/stabil) reytinqi ilə bərabərləşdirilib. Bu, şirkətə maliyyə zəmanətləri, nağd töhfələr və kapital qoyuluşları formasında dövlət dəstəyi, eləcə də SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır.
“Biz SOCAR-ın müstəqil kredit qabiliyyətini “bb-“ səviyyəsində qiymətləndiririk ki, bu da onun orta həcmli neft və qaz hasilatını, güclü maliyyə profilini və korporativ idarəetmə məhdudiyyətlərini əks etdirir”, - deyə “Fitch”in məlumatında qeyd olunub.
“Fitch” hasilatın artırılacağını proqnozlaşdırır
“Fitch” həmçinin, (SOCAR-ın 2023-2025-ci illərdə hasilatı 0,5 % artıracağını proqnozlaşdırır. Məlumata görə, ötən il SOCAR-ın neft və qaz hasilatı ümumilikdə gündəlik 286 min barel neft ekvivalenti səviyyəsində sabit olub: “Bu, Azərbaycanın neft hasilatının 8 % azalması və qaz hasilatının 3% artmasının ardınca baş verib. Azərbaycanın neft hasilatı tarixən azalıb və biz bunun dəyişəcəyini gözləmirik. Güman edirik ki, təbii qaz hasilatının artması hesabına SOCAR-ın hasilatı 2023-2025-ci illərdə hər il 0,5 % artacaq”.