• cümə axşamı, 28 mart, 16:24
  • Baku Bakı 16°C

“Smit və erməni lobbisi Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq istəyir”

18.10.17 09:30 2791
“Smit və erməni lobbisi Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq istəyir”
ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir. İddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər) və Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrononun çıxış edəcəyi gözlənilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı bildirib ki, ABŞ-ın dövlət idarəçilik sistemində yer alan müxtəlif formatlar bir sıra vasitələrlə hansısa problemləri əsas hədəfə çıxarmağa çalışır, bununla əlaqədar da hökumətdən çox böyük maliyyə yardımları alırlar. Millət vəkilinin sözlərinə görə, belə formatlardan biri də Helsinki Komissiyasıdır. Parlamentari qeyd edib ki, Azərbaycan bu qurum haqqında qətiyyən müsbət fikirdə deyil: "Bu, artıq onların ziyanınadır. Əgər sən konkret üzvlərinin və birbaşa dövlətin qərar vermək prosesinə təsir göstərmək və Amerikanın Qafqazda mövqelərinin irəliləməsini, tərəfdarlarının çoxalmasını, amerikapərəstliyin geniş bir hərəkata çevrilməsini istəyirsənsə, bu halda indiyə qədər obyektiv mövqelər özünü göstərməli idi. Təəssüf ki, yalnız seçkilər ərəfəsi müxtəlif antihakimiyyət qüvvələri həmin komissiyanın üzvləri ilə seleksiya formasında Vaşinqtona dəvət olunublar, onlara maliyyə vəsaitləri ödənilərək rəsmi Bakı əleyhinə çıxışlar stimullaşdırılıb. Bu da heç şübhəsiz ki, sonrakı dönəmdə daha artıq dərəcədə onların ziyanına işləyib. İndi də görünür, daxili siyasi məsələlərdən və insan haqları kontekstindən bir qədər kənara çıxaraq özlərinin fokusunun geniş olduğunu göstərmək naminə Qarabağ məsələsinə əl atılır”.

Deputat bildirib ki, əgər Helsinki Komissiyası Minsk Qrupu həmsədrləri üçün yaxşı bir yol xəritəsi hazırlamaq istəyirsə, bundan ötrü çox uzağa getməyə ehtiyac yoxdur: "Nyu York və BMT-nin binası bir addımlıqdadır, əllərini uzatsalar, ora çatar. Bu gün həmsədrlər, onun sırasında ABŞ da çox mühüm sülh sazişini, yaxud da tənzimləmə modellərini axtarır. Bundan ötrü işlərini çətinləşdirməsinlər, 93-cü illərdə qəbul olunmuş dörd qətnamə yaxşı bir həll formuludur və orada hər şey çox aydın göstərilib. Ona görə də Helsinki Komissiyası müasir şəraiti tarixi kontekstdən kənarda analiz edə bilməz”.

Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşərkən Helsinki Komissiyasının yaranma tarixinə diqqət çəkib. Bildirib ki, bu komissiya ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradılıb. Siyasi şərhçi bildirib ki, 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipindən 8-i Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. E.Əhmədov komissiyasının sədri konqresmen Kristofer Smitin vaxtilə Demokratlar Partiyasının, daha sonra Respublikaçılar Partiyasının üzvü olmasını da xatırladıb. Deyib ki, ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndəsi olan K.Smit həm də Azərbaycana qarşı "907-ci düzəliş”in müəlliflərindən biridir. Onun sözlərinə görə, "907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb: "Kristofer Smit ABŞ-ın "erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Bunu ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanın "Twitter” səhifəsində konqresmen Smitin ANKA sədri ilə görüşünü əks etdirən fotosu da sübut edir. Həmin fotonun alt yazısında Hamparyan qeyd edir ki, "erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür.Bütün bu faktlar onu deməyə əsas verir ki, təşkil olunan dinləmələr heç də Dağlıq Qarabağ münaqişəsinə dair mövcud vəziyyətin müzakirəsinə həsr olunmayacaq. Bu dinləmələr məqsədyönlü şəkildə təşkil edilməklə Azərbaycan əleyhinə növbəti qarayaxma kampaniyasına çevrilə bilər. Nəzərə almaq lazımdır ki, Helsinki Yekun Aktını 1992-ci ildə həm Azərbaycan, həm də Ermənistan imzalayıb. Həmin vaxtdan indiyə qədər Ermənistan imza atdığı bu sənədin prinsiplərini kobud şəkildə pozub. Ancaq təəssüf ki, Helsinki Komissiyası bu barədə bir dəfə də olsun hər hansı dinləmə keçirməyib, bəyanat qəbul etməyib, işğalçı Ermənistanın əməllərini tənqid etməyib. Belə gerçəkliklər fonunda birmənalı olaraq onu söyləmək mümkündür ki, bu dinləmələrdən Azərbaycan üçün müsbət heç nə gözlənilmir. Görünür, Smit və təmsil etdiyi erməni lobbisi belə dinləmələr keçirməklə Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluda hesab edir ki, ABŞ Konqresinin əvvəlki illərdəki "təcrübəsi” nəzərə alınarsa, Helsinki Komissiyasındakı dinləmələrdən hansısa müsbət nəticə gözləməyə dəyməz. O, qeyd edib ki, müsbət nəticə gözləmək üçün heç bir əsas yoxdur: "Konqresdə erməni lobbisinin təsiri ilə Azərbaycan əleyhinə "907-ci düzəliş” qəbul olunub. 90-cı illərin əvvəllərində bu əlavə qəbul olundu və ondan sonra da ABŞ Konqresi Azərbaycanın xeyrinə və ədalətli mövqe sərgiləmədi. Bu da onunla əlaqədar idi ki, erməni lobbisinin Konqresdə təsiri çox böyükdür. ABŞ hökuməti və diplomatiyası müəyyən mənada ədalətli davransa da, qanunverici məclisdə erməni təsiri güclüdür. Doğrudur, indi həmsədrlər neytral mövqedən çıxış etməlidirlər və etiraf etmək lazımdır ki, amerikalı həmsədrlər çox zaman məsələyə ədalətli yanaşırdılar. Məsələn, ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması kimi tələbləri dəstəkləyirdilər. Ancaq onların Konqresdə, Helsinki Komissiyasında nə deməsindən asılı olmayaraq, yəqin ki, müzakirələr Ermənistana dəstək formasında davam edəcək. Sadəcə olaraq maraqlı odur ki, ABŞ Konqresi Ermənistana və konkret olaraq separatçılara Rusiyanın etmədiyi dəstəyi verir. Hətta birbaşa separatçılara maliyyə yardımı ayırırlar. Məlumdur ki, Ermənistan Rusiyanın strateji müttəfiqidir, ondan asılıdır. Eyni zamanda Rusiya Amerikanın əsas rəqibidir. Ziddiyyətli məqam ondan ibarətdir ki, Rusiyaya qarşı sərt qərarlar qəbul edən və prezident Trampdan Rusiyaya qarşı sərt addımlar atmağı tələb edən ABŞ Konqresi Ermənistana qarşı çox loyaldır. Halbuki, qeyd elədiyim kimi, Ermənistan Rusiyanın müttəfiqi, ondan asılı olan bir ölkədir. Bu, çox böyük ziddiyyətdir və təəssüflər olsun ki, heç kim bu məsələni qaldırmır. Ermənistana dəstək verən Konqresin bilavasitə Rusiyanın müttəfiqinə, belə desək onun Cənubi Qafqazdakı mövqelərinə dəstək verdiyini anlamırlar? Ağ Ev və Dövlət Departamenti hər zaman Azərbaycanla əməkdaşlığa yüksək qiymət verdiklərini, ölkəmizin əhəmiyyətini vurğulayırlar. Ancaq çox təəssüf ki, Konqres məsələyə fərqli mövqedən yanaşır. Ona görə də növbəti dinləmələrdən yaxşı heç nə gözləmirəm”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər