Üslubundan tanınan şair
70 yaşını tamamlayan Qəşəm
İsabəylinin uşaqlar üçün qələmə aldığı
"Balaca, bapbalaca” ilk şeirlər kitabı 1982-ci ildə çap edilib. Kitabda
toplanan şeirlər kiçik yaşlı oxucuların diqqətini cəlb etmişdir. Lakonik və
dərin poetik məna kəsb edən, kitaba müsbət münasibət görkəmli şair Məmməd
İsmayıldan gəlmişdir. Kiçik həcmli bu kitab Qəşəm İsabəylinin balaca uşaqlara
ilk töhfəsi idi. Məmməd İsmayıl bu kitaba daxil edilmiş "Torağaylar” şeirini
təhlil edərək yazır: "Mən Qəşəm İsabəylinin "Torağaylar” şeirində və başqa
yazılarında uşaqların göyqurşağı – xəyal dünyasına bir daxili maraq hiss
eləmişdim. İndi "Torağaylar”ı Qəşəmin uşaqlar üçün yazdığı ilk kitabın oxuyanda
sevindim, necə deyərlər, o intuisiyamın düz çıxmasına inandım. Kitab "Balaca,
bapbalaca” adlanır. Adı da, özü də "balaca” olan bu kitabda uşaqların
"barmağını yalaya-yalaya” oxuyacağı çox şeirlərlə rastlaşdım. Məncə, poeziyada
adilikdə qeyri-adilik axtarışı, gözlənilməzlikdə sehr də vacibdir. Sehrsiz
poeziya adi fakt və informasiya yığınından başqa bir şey olmayacaq. Qəşəmin
yaradıcılığında bax, belə bir sehr var. Oxucu bu sehrin təsiri altına düşüb,
müəllifin "yalan” və "uydurmalarına” da, mübaliğə və həqiqətlərinə də eyni
dərəcədə inanır”.
Şairin
uşaq şeir yaradıcılığı Respublikamız müstəqillik illərinə qədəm qoyandan sonra
daha bitkin şəkildə görünməyə başlamış və artıq bir çox tanınmış qələm
sahiblərinin də marağına səbəb olmuşdur. Onun uşaqlar üçün yazdığı "Nənəm
təkdi” adlı şeirlər kitabı mövzu-ideya istiqamətli yönümlü olmaqla yanaşı fərdi
orijinal üslubu və bədii söz hörgüsü ilə seçilir, şeirlərində, obrazlı
fikirlərində milli koloritlilik daha qabarıq şəkildə görünür. "Nənəm təkdi”
kitabındakı uşaq şeirlərini təhlil edən yazıçı-publisist Əjdər Ol yazır: "Qəşəm
İsabəylinin bu kitabını oxuyanda çox qəribsədim. Şirvanın ağacı – yulğun
kolları, quşotu, yovşan olan şoran düzləri üçün burnumun ucu göynədi. Yayda,
istinin cırhacırında "su” deyib, ilğımına qaçdığımız boz düzlər gözümün önünə
gəldi. Günəşdən yanıb qaralmış, şaxtadan əlləri çat-çat olmuş, qarışqa kimi
qaynaşan, işi-gücü başından aşan tanış üzləri andım”.
Qəşəm
İsabəylinin mövzu-ideya istiqamətli zəngin şeir yaradıcılığındakı bədii
təxəyyüldə bu prinsiplərlə bağlılıq hallarına kifayət qədər rast gəlmək olur.
Canlı təbiətə olan heyranlıq, təbiət hadisələrinin inandırıcı təsvirinə aparan
obrazlılıq, milli poetik koloritli meyllər, uşaqların kövrək düşüncə tərzini
poetik fiqurlar cərgəsi ilə düzür. Bu kimi predmetlərə bədii təxəyyül tərzi ilə
yanaşmalar onun şeir yaradıcılığının mövzu-ideya istiqaməti müstəvisində üstün
cəhətlərini bir daha aydın göstərir. Üzdə görünən bu səpgili xarakterik
xüsusiyyətləri bütövlükdə götürsək, onun uşaq şeirlərinə xas olan bitkin
məziyyətlərdən biri kimi dəyərləndirmək olar.
Şair
öz ideyalarını, bədiiliyə xidmət edən estetik fikirlərini, müasir həyata
sərrast baxışlarını kiçik yaşlı oxuculara çatdırmaqla uşaq şeirlərindəki
metaforik ifadələrə, söz və fikir yığcamlığına xüsusi yer verir və uşaqların
yaş mərhələsindən asılı olmayaraq bundan yorulmur, əksinə, misraların məna
dəyərini daha dərindən dərk etdirməyə çalışır və kövrək yaddaşlara tez hopdura
bilir.
Q.İsabəylinin
əsasən yuxarı sinif şagirdləri üçün qələmə aldığı "Ay külək” şeiri mövzu, üslub
yeniliyinə və bədii poetik məziyyətlərinə görə bir sıra tanınmış yazıçıların və
uşaq ədəbiyyatı tədqiqatçılarının diqqətini cəlb etmişdir. Bir sıra elmi
monoqrafiyalarında öz təhlilini tapmışdır. Lakin yığcam və mənalı şeirinin mahiyyətinə
az əhəmiyyət vermişdir. Dialoq şəklində qurulan, hər misrada küləyin xarakterik
xüsusiyyətləri açılır. Həmin şeirə müraciət edək:
– Ay külək, nə əsirsən?!
– Əsməsəm, olmaram mən.
– Olmağının xeyri var?!
– Xeyri var ki, varam mən.
– Qışda nə xeyrin var, hə?!
– Qışda yağış-qaram mən.
–
Yazda bəs?!
– Ağacları
oyadan nübaram mən.
– Yayda nəsən, ay dəli?!
– Yaydamı... baharam
mən?!
– Payızda bəs?!
– Payızda
Aşıb-daşan
varam mən;
Bağça dolu
xəzələm,
Budaq dolu
baram mən.
Göründüyü
kimi, Q.İsabəylinin bu şeiri uşaqla təbiət hadisəsi olan dəlisov küləyin
arasında gedən təbii dialoq üzərində qurulmuşdur və şairin öz qarşısına qoyduğu
əsas məqsəd isə təsvir etdiyi təbiət hadisəsinin – küləyin xarakterik
xüsusiyyətlərini milli uşaq ədəbiyyatı nümunəsinin şirin anlam dili və harmonik
vüsəti ilə diqqətə çatdırmaq istəyidir və istedadlı şair onu da nəzərə almışdır
ki, dialoq şəklində bu üsulla yazılan poetik misralar uşaqların kövrək
yaddaşlarına daha tez həkk olunur.
Q.İsabəyli
təbiət hadisələrinin artıq müasir coğrafiya elminə məlum olan sirli məqamlarını
dərindən bildiyinə və elmə məlum olan təbii hadisələrin düzgün poetik şərhini
verdiyinə görə onları inandırıcı tərzdə, poetik obrazlı ifadələrlə öz
oxucularına təqdim etmişdir.
Q.İsabəylinin
yeni mövzu-ideya istiqamətli bədii sənətkarlıq xüsusiyyətləri, qələmə aldığı
uşaq şeirlərinin maraqlı məzmunu kiçik yaşlı oxucuları dərindən düşündürür,
bilgi dairəsini genişləndirir və təsvir olunan müxtəlif predmetlərin
xassələrini öyrətməyə istiqamətləndirir. Onun dialoq şəklində yazılmış "Çinar”
şeirində uzun ömürlü bu məğrur ağacın yaşam yolu sadalanır və sonda bu canlı
varlığın babanın əlləri ilə yaşadığını və yaşının bir əsrə çatdığı nəticəsinə
gəlinir:
– Neçə yaşın var, çinar?
– Köklərimdən soruş, gəl.
– Ay çinarın
kökləri,
– Siz
bilərsiniz məgər?
– Biz
nə deyək, yaxşısı
Tap
beli, beldən soruş!
– Ay bel, sən nə deyirsən?
– Tap əli, əldən soruş.
Tapdım əli... buy, bu ki,
Babamın əlləriymiş;
Çinarın başı üstə
Bir
əsrin illəriymiş.
Şairin bütün şeir yaradıcılığında uşaqları öz arxasınca aparan bəzən
ciddi və bəzən də məzəli görünən motivlərə rast gəlmək mümkündür. Məsələn,
Vətən və vətənpərvərlik mövzusu onun poetik misralarında nə qədər obrazlı
səslənirsə də, uşaqların çöhrəsinə təbəssüm bəxş edən "Yalan”, "Küçüklər”,
"Qarınqulu” və sair məzəli şeirləri orijinallığı ilə kiçik yaşlı oxucuların
diqqətini cəlb edir.
Q.İsabəylinin
təsvir etdiyi qəhrəmanları müxtəlif xarakterlidir, bir-birindən fərqli
görünürlər. Məsələn, "Döyüşçü” şeirində özünü yersiz olaraq öyən, "zərbəsinə
dözməz buğa” kimi ağlasığmaz pafoslu ifadələr işlədən: "O günü bir yumruğa,
Həsəni sərdim yerə” deyən, lakin Həsəni görəndə gizlənməyə yer axtaran
"qəhrəmanını”n xarakterik xüsusiyyətlərini aça bilmişdir. Şair qəhrəmanının
bəlağətli söhbətini poetik dillə, axıcı misralarla davam etdirmişdir.
Q.İsabəylinin
poetik uşaq şeir yaradıcılığına görkəmli bəstəkar O.Rəcəbov bir neçə mahnı
bəstələmiş, "Çörək haqqında nəğmələr” kitabında nota salınaraq çap edilmişdir.
"Sarıbuğda”, "Çörək”, "Anam çörək yapanda”, "Əriştə”, "Anam, nənəm, bir də
mən”, "Ay nənəli”, "Nənə, mübarək olsun”, "Atlı Anar” və sair mahnılar
efirlərdə səsləndirilmişdir.
Q.İsabəylinin şəxsiyyəti onun
yaradıcılığından ayrılmazdır. O, üslubundan tanınan şairlərdəndir.
Şəfa
Əhmədova
Azərbaycan Dövlət PedaqojiUniversitetinin
doktorantı