Söküləcək, yoxsa sənəd veriləcək? - PROBLEM
Ekspert deyir ki, qanunsuz tikili və sənədsiz evlər
probleminin birdən-birə, yaxud cəmi bir-iki il ərzində həllini tapacağını iddia
etmək çətindir. Yəqin ki, problemə mərhələ-mərhələ əncam çəkiləcək.
Azərbaycanda sənədsiz evlər, qanunsuz tikililər
uzun illərdir əsas problemlərdən biri kimi diqqət çəkir. Zaman-zaman müvafiq
dövlət qurumları bu barədə həyəcan təbili çalıb, ölkədə yüz minlərlə qanunsuz
tikilinin statistik göstəricisini açıqlayıb. Həmin tikililərin böyük əksəriyyətinin
paytaxt Bakıda olması ictimaiyyətə bildirilib. Qeyd olunub ki, müvafiq qurumlar
tərəfindən belə hallara qarşı daim mübarizə aparılır, qanunun tələbini pozan,
qanunsuz tikinti işi aparanlar məsuliyyətə cəlb olunur, cəzalandırılır. Bütün
bunlara rəğmən, ölkədə qanunsuz tikili, sənədsiz evlər problemi hələ də həllini
tapmayıb.
Obyektiv və subyektiv səbəblər
Bir müddət bundan öncə Fövqəladə hallar naziri Kəmaləddin
Heydərov bu məsələyə yenidən diqqət çəkib. O, jurnalistlərə açıqlamasında deyib
ki, rəhbərlik etdiyi dövlət qurumu ölkədə qanunsuz tikililərin qarşısının
alınması ilə bağlı tədbirləri davam etdirir. Nazir söyləyib ki, bununla bağlı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin rayon icra hakimiyyətlərinin
tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib. Qanunsuz
tikililərlə bağlı obyektiv və subyektiv səbəblərin mövcudluğuna diqqət çəkən
K.Heydərov Azərbaycanda bir neçə ilə qanunsuz tikili olmayacağını vurğulayıb.
O, qanunsuz tikililərin insan həyatı üçün təhlükəli olduğunu, belə tikililərin
dövlət tərəfindən qəbul edilməyəcəyini bir daha bəyan edib.
Problem mərhələ-mərhələ həllini tapacaq
Maraqlıdır, yaxın bir neçə ildə ölkənin qanunsuz
tikili problemi birdəfəlik necə tənzimlənəcək? Ümumiyyətlə, bu problem nədən
yaranır? Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan əmlak
eksperti Nüsrət İbrahimli qanunsuz
və sənədsiz tikili probleminin nə vaxtsa öz həllini tapacağına əminlik ifadə
edib. Deyib ki, tikinti işi görən, sənədsiz evdə yaşayan vətəndaşın əlində
hüquqi baxımdan hər hansı bir sənədin olması gələcəkdə kifayət edəcək ki,
mövcud problem mərhələ-mərhələ həllini tapsın: "Azərbaycandakı qanunsuz tikili
və sənədsiz evlər probleminin birdən-birə, yaxud cəmi bir-iki il ərzində həllini
tapacağını söyləmək inandırıcı deyil. İllərdir mövcud olan və hər il artan bir
problemin qısa müddətdə həllini tapması qeyri-mümkündür. Yəqin ki, mərhələ-mərhələ
problemə əncam çəkilər, bu, belə qalmaz. Belə problemlərin meydana çıxmasında vətəndaşlarla
yanaşı, müvafiq dövlət qurumlarının da məsuliyyəti var. Vətəndaş özünün mənzil
problemini həll edə bilmək üçün daha ucuz varianta əl atır. O, ilk növbədə
ucuz, hər hansı sənədi olmayan torpaq alır, ardınca orada ev tikib mənzil
qayğısını həll etməyə, yaşamağa çalışır. Bunun üçün vətəndaş gizlin şəkildə,
yaxud kimlərləsə sövdələşməyə girərək heç bir sənədləşmə işi aparmadan tikinti
işi aparır. Halbuki bu prosesə nəzarət edən aidiyyəti dövlət qurumları var,
onlar nəzarət etməlidirlər ki, belə bir iş görülməsin”.
İnzibati nəzarəti gücləndirmək
Ekspert vurğulayıb ki, bu kimi halların baş verməməsi
üçün inzibati tədbirlərdən əlavə olaraq, digər addımlar da atılmalıdır: "Misal
üçün, dövlət elə siyasət həyata keçirməlidir ki, mənzillər bütün vətəndaşlar
üçün əlçatan olsun, ucuz mənzillərin tikintisi kütləvi xarakter alsın. Nəticə
etibarilə də vətəndaşlar müəyyən yumşaq kredit şərtləri ilə belə mənzilləri
ala, mənzil problemlərini bu yolla həll edə bilsinlər. Siyasət bu istiqamətdə
qurulmalıdır. Düzdür, Mənzil İnşaat Dövlət Agentliyi bu istiqamətdə fəaliyyət
göstərir, lakin onun fəaliyyət həcmi kifayət qədər geniş deyil, bazarın tələbini
hələlik ödəmir. Ümid edək ki, yaxın bir-iki ildə bu tələbat ödənər və vətəndaşların
mənzil problemi həllini tapar. Ümumilikdə, qanunsuz tikililər, sənədsiz evlər
probleminin iki həll yolu var. Birincisi, inzibati nəzarəti gücləndirmək,
ikincisi vətəndaşların alıcılıq qabiliyyətinə uyğun mənzillər tikib bazara təklif
etmək”.
Hərtərəfli yanaşma ortaya qoymalıyıq
N.İbrahimli söyləyib ki, problemin daha dərin kökü
məşğulluğun aşağı olmasındadır: "İnsanlar məşğulluqla tam təmin olunmalıdır.
Günün tələbinə uyğun real əməkhaqqı, gəliri olmalıdır vətəndaşın. Bu iki qayğı
həll olunduqdan sonra növbəti mərhələ mənzil şəraitinin yaxşılaşdırılması
olacaq. Məşğulluğu təmin edilən, real gəliri olan vətəndaş mənzil problemini də
normal qaydada həll edə biləcək. Müvafiq kredit təşkilatları da bazarla sıx işləməyi
bacarmalı, bazarın tələbinə uyğun siyasət yürütməlidirlər. Təəssüf ki, bu istiqamətdə
vəziyyət heç də yaxşı deyil. Göründüyü kimi, bütün məsələlər bir-biri ilə zəncirvari
bağlılıq təşkil edir. Əgər bir problemin həllini doğrudan da istəyiriksə, ona hərtərəfli
yanaşma ortaya qoymalıyıq. Sadəcə qanunvericiliyi, o cümlədən Cinayət Məcəlləsini
əsas götürüb inzibati yollarla problemin həllinə çalışsaq, bu, müsbət nəticə
verməyəcək”.
Özbaşına tikintiyə görə cəza
Xatırladaq ki, Cinayət Məcəlləsinin "İctimai təhlükəsizlik
əleyhinə olan cinayətlər” adlı XXV fəslinin 222-ci Maddəsində özbaşına tikinti
işləri aparan şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri əks olunub. Qanunun
222-1.1. bəndində göstərilib ki, qanunvericiliklə müəyyən olunmuş qaydada
müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular
tikən şəxs iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması,
yaxud bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan
başqa, (Maddə 222-3.) qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla
aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin
konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə
müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməyən şəxs iki ilədək
müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Rufik İSMAYILOV