“Siz yeməsəniz, evdə olmasa, uşaq da istəməyəcək”
Həkim,
bizim uşaq gecələr iki dəfə oyanır yemək istəyir, amma həmin vaxt ona yeməyə nə
verim bilmirəm. Meyvənin püresini verək, yoxsa suyunu?
Həkim,
oğlum cipsi, marketdən alınan meyvə şirələrinə çox meyillidir, almayanda
ağlayır. Onu həmin qidalardan necə çəkindirə bilərəm
Həkim, biz
əvvəllər sıyığı inək südü ilə bişirirdik, amma dedilər keçi südü daha yaxşıdır,
siz hansını məsləhət görürsünüz? Uşağı neçə aylığından sonra yeməyə alışdırmaq
lazımdır?
Yox, yox.
Yanlış anlamayın bu söhbətlər hansısa xəstəxananın pediatriya şöbəsindən edilməyib.
Bu suallar "Valideynlik
Akademiyasi"nın keçirdiyi "Qidalanma ilə immuniteti necə
gücləndirmək olar?” seminarına gələn valideynlərin pediatra verdiyi suallardır.
Mövzusu
bir çox gənc valideynləri maraqlandıran istiqamətdə olduğu üçün biz də təlimdə iştirak etmək qərarına
gəldik. İlk olaraq təlimin təşkilatçısı, "Engineering for
kids-Baku” uşaqlar üçün mühəndislik və robotexnika mərkəzinin direktoru,
"Atabala” prodakşının rəhbəri və uzun müddətdir pedaqoji fəaliyyətlə məşğul
olan Ceyhun Cabbarovla həmsöhbət
oluruq. Ceyhun bəy deyir
ki, bir müddət Türkiyədə yaşayıb, orada bu tipli seminarların təşkil
edildiyinin şahidi olub və ölkəmizə qayıtdıqdan sonra da belə seminarlar təşkil
etmək qərarına gəlib: "Artıq 1 ilə yaxın müddət idi ki, belə akademiya
yaratmağı planlayırdım. Sadəcə, işlərin çoxluğundan imkan edib işə başlaya
bilmirdim. Bir müddət əvvəl pediatr Aytən İsmayılzadə ilə tanış oldum. Aytən
xanımın işini necə sevərək etdiyini gördüm. Uşaq tərbiyəsi, uşaqların inkişafı
ilə bağlı həm yazılar, həm də videolar hazırlayan Sərxan Rüstəmovla əvvəldən
tanışlığımız vardı. Psixoloq Gülnar xanımın da sosial şəbəkədəki profilini
izləyirdim. O da bu tipli paylaşımlar edirdi. Əslində, hər birimiz ayrılıqda
sırf valideynlərin maariflənməsi üçün müəyyən işlər görürük. Ona görə düşündüm
ki, bunu sistemli bir iş halına gətirək. Qərara gəldik ki, bir uşağın
inkişafında böyük rol oynayan tibbi, psixoloji, pedaqoji bilikləri əhatə edəcək
silsilə seminarlar təşkil edək. Seminarları da ödənişsiz etdik ki, bütün
valideynlər və ya valideyn olmağa hazırlaşan şəxslər iştirak edə bilsin. Çünki
bəzən görürük ki, bu tipli təlimlər və ya seminarlarda müəyyən ödəniş tələb
olunur deyə, hamı iştirak edə bilmir. Kimisinin ya həqiqətən pulu olmur, kimisi
də ödənişi bəhanə edir. Bu cür situasiyalarla qarşılaşacağımızı nəzərə alaraq
seminarları ödənişsiz etdik. Digər tərəfdən, həftə içi işləyənləri də düşünərək
seminarları şənbə günü keçirmək qərarına gəldik. Bundan sonra hər həftənin
şənbə günü növbə ilə bir komanda yoldaşımız öz sahəsi haqqında danışıb məlumat
verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaq. Bu gün isə ATV
kanalının "Ana-bala” verilişinin
aparıcısı, pediatr Aytən İsmayılzadənin seminarıdır”.
"İmmunitet deyəndə ilk ağlınıza nə gəlir”
Seminarın
başlamağına bir neçə dəqiqə qalıb. Ceyhun bəy seminara gələn valideynlərlə salamlaşıb,
sözü Aytən xanıma verdi. Qeyd edək ki, pediatr çıxışına "immunitet deyəndə ilk
ağlınıza nə gəlir, gözünüzün önündə nə gəlir” sualı ilə başladı. Yerdən fərqli
cavablar səsləndirildi. Amma həkimin izahı tamam başqa oldu: "İnsanın ürəyi,
başı ağrıyanda konkret olaraq onu hiss edir, yəni bilir ki, ağrıyan harasıdır.
Amma insanın immuniteti zəifləyəndə bunu dərhal bilmək olmur. Cavablarınızdan
da hiss olunur ki, siz də konkret olaraq immunitet haqqında məlumatlı
deyilsiniz. Sadəcə, uşaq xəstələnəndə "immuniteti zəifləyib” ifadəsi işlənir.
Düşünürük ki, uşağın immuniteti zəifləyib deyə xəstələnib, amma hazırda
immunitetinin hansı səviyyədə olduğunu bilmirik. İndi sizə sadə bir izah
verəcəyəm. Uşağınız xəstələnəndə boğazına baxırsınız və badamcıqlarının
böyüdüyünü görürsünüz. Sizcə, badamcıqlar bədənimizdə gedən hansı prosesin bir
hissəsidir? Bəli, badamcıqlar bədənimizdəki immun sisteminin bir hissəsidir.
Bunlar tək badamcıqlar deyil, immunitetimizin orqanları bədənimizdə paylaşılıb.
Bir neçə orqan var ki, onlar birləşib bədənimizdəki immun sistemini təşkil
edir. Badamcıqlar bizim görə bildiyimizdir, bu sistemin ən böyük orqanı isə
bağırsaqlardır. Ona görə bunlara diqqət etmək lazımdır”.
Daha sonra
o, uşaqların ziyanlı qidalardan uzaq durmalı olduğunu qeyd etdi: "Bağırsaqların
daxilində elə bir divar var ki, o, yediyimiz qidalardan zədələnə bilər və bu da
immun sistemimizi zəiflədər. Məsələn, çoxlu antibiotik, aqressiv qidalar, yəni
"fast-food”, çipsi, qazlı sular qəbul etməklə bağırsağımızın florasını pozuruq.
Bu da uşaqların sağlamlığına birbaşa ziyandır”.
"Siz də gələcəkdə elə nənə-baba olmayasınız deyə...”
Yerdən
valideynlər arasından bir nəfər övladının şəkərə çox meyilli olduğunu, bunun qarşısını
almağın yolunu soruşdu: "Ümumiyyətlə, şəkər nəinki uşaqlar, bütün yaş
kateqoriyaları üçün ziyandır. Bacardığınız qədər şəkər tozunu, qəndi evdən uzaq
tutun. Siz yeməsəniz, evdə olmasa, uşaq da istəməyəcək. Bəzən valideynlər gəlir
uşaqlarının nələrisə yeməyini istəmədiyini deyir. Özündən soruşanda isə həmin
qidanı qəbul etdiyini bildirir. Mən belə valideynlərə məsləhət görürəm ki, əgər
uşağınızın nəyisə tərgitməyini istəyirsinizsə, yəni bu istər qida olsun, istər
hansısa vərdiş olsun ilk olaraq özünüz bunu etməməlisiniz. Yəni uşaqlar
valideynlərindən görüb götürürlər. Nəyisə tərgitmək üçün isə 21 gün kifayət
edir”.
Bu an
valideynlərdən biri "Mən bunu bilirdim, uşağıma da şəkər vermirdim, amma bir
dəfə qayınanamın yanına qoydum. Uşaq su içməyib, o da suyun içinə qənd atıb ki,
dadlı olsun. O gün bu gündür uşaq şəkərli su istəyir. Bilmirəm əvəzinə nə verim
ki, onu tərgitsin” deyir. Həkim isə çalışın süni yox, təbii şəkər qəbul
edəsiniz. Həmin şəkər tozunu meyvələrlə əvəz etməyin mümkün olduğunu bildirir:
"Anlayıram, siz də gələcəkdə elə nənə-baba olmayasınız deyə, bu gün bu seminarı
keçirik (gülür). Yediyimiz bütün meyvələrin tərkibində şəkər var. Həm özünüzün,
həm də uşaqlarınızın qida rasionunda meyvələrə daha çox yer ayırın. Heç vaxt nə
isə üçün gec olduğunu düşünməyin, uşaq bədəni ziyanlı qidalardan tez təmizlənir.
Yanıma uşaq gətirirlər və baxıram ki, badamcıqları şişib. Anasına deyirəm ki,
sən bu uşağı 6 ayından şəkərə öyrədibsən. Valideyn özü də təsdiqləyir. İzah
etməyə çalışıram ki, yediyimiz süni şəkər bağırsağımızın müdafiə sistemini
pozur. Uşağınız suyu adi halda içə bilmirsə, meyvəni doğrayıb su ilə dolu
termoslara yığın. Meyvənin dadı həmin suya çıxacaq və yavaş-yavaş həmin suyu
gün ərzində içirdin”.
Gəlməyənlər çox şey itirdi
Seminar
artıq yekunlaşmaq üzrədir. Aytən xanım son məsləhətlərini verir. Bu an bir
ailəyə yaxınlaşıb seminar haqqında fikirlərini öyrəndik. Nərmin xanım seminarın
onlar üçün çox faydalı olduğunu dedi: "Seminar haqqında həyat yoldaşım sosial
şəbəkədə gördü, nə yaxşı ki, burada iştirak etdik. Əslində uşaqlarımıza nəyin
ziyan, nəyin xeyirli olması haqqında biliklərimizin kifayət etdiyini düşünürük,
amma elə deyil. Həkim danışdıqca anlayırıq ki, öyrəniləsi çox şey var. Bundan
sonra övladımın qidalanmasına daha ciddi nəzarət edəcəyəm. Kursa gəlməyənlər,
məncə, çox şey itirdilər (gülür)”.
Hansı kitabları oxuyaq?
Valideynlərin
sualları çox maraqlı idi. Həkimin suallara verdiyi cavabları diqqətlə dinləyib,
hətta, dəftərə qeydlər edən də vardı. Bir valideynin sualına verilən cavab
əsasında digər valideyn də nələrisə öyrənirdi. İndi isə digər təlimçilərimizlə
həmsöhbət olub onların növbəti həftələrdə hansı mövzuda çıxış edəcəklərini
öyrənirik. Sərxan bəyin çıxışı
kitablarla bağlı olacaq: "Valideynlər uşaqlarını böyüdərkən müxtəlif sualları
yaranır. İstər uşağın tərbiyəsi, istər sağlamlığı haqqında qayğıları olur. Nəyi
düz, nəyi yanlış etdiklərini bilmirlər. Bu tipli seminarlara qatılmaqla həm
mütəxəssislərlə, həm də digər ailələrlə əlaqədə olaraq nələrisə öyrənirlər.
Mənim çıxışım kitablarla bağlı olacaq. Bu sahədə hansı kitabları oxumaq
lazımdır, bununla bağlı danışacağam”.
Nevroloqa aparaq, ya psixoloqa?
Psixoloq Gülnar Orucova
isə "Hiperaktivlik, yoxsa davranış pozuntusu?” mövzusunda seminar keçəcək.
Gülnar xanım qeyd edir ki, bəzən valideynlər hiperaktiv uşaqlarla, ərköyün olanları
səhv salırlar: "Valideynlər uşaqlarının davranışını bəzən düzgün qiymətləndirə
bilmir. Normal olan davranışları qeyri-adi qəbul edirlər və həkimə aparıb
müxtəlif dərmanlar yazdırmaqla uşaqların beyninin inkişafını ləngidirlər. Yəni
psixoloqun bir neçə seansa düzəldə biləcəyi uşaqlara boşuna dərman verirlər. Bu
da əqli geriləməyə qədər aparıb çıxardır. Yanlış addımlardan biri də psixoloqa
aparılacaq uşağı nevroloqa və ya əksinə nevroloqa aparılmalı olanı isə
psixoloqa gətirirlər. Ona görə valideynləri maarifləndirmək üçün bu mövzuda
bilgilərimi bölüşəcəyəm”.
Beləcə,
"Valideynlik akademiyası” nın ilk seminarı bitdi. Əslində, günümüzdə bu cür
seminarların təşkil edilməsi çox təqdirəlayiq haldır. Çünki uşaqların
inkişafında bilgili, savadlı valideynlərin rolu böyükdür. Düzdür, bu seminarda
iştirak edənlərin bir çoxu ailəli idi. Amma məsləhət görülür ki, belə
seminarlara subay gənclər də qatılsın. Yəni valideyn olmamışdan bu məlumatları
əldə etsinlər. Çünki hər hansısa bir sahədə uğurlu olmaq üçün təcrübə və bilik
şərtdir.
Günel
Azadə